Modern.az

Amerika səfiri Milli Məclisə gəldi

Amerika səfiri Milli Məclisə gəldi

11 Mart 2011, 18:40

Martın 11-də Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın ölkəmizdə yeni təyin olunmuş səfiri Metyu Brayzanı qəbul edib.
Milli Məclisin mətbuat xidmətinin məlumatına görə, spiker qonağa yeni diplomatik fəaliyyətində uğurlar arzulayıb. Sədr ümidvar olduğunu bildirib ki, yeni səfir ABŞ-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.
Söhbətdə qeyd edilib ki, Avroatlantik məkana inteqrasiya  hüquqi, dünyəvi dövlət quruculuğunda mühüm nailiyyətlər əldə etmiş Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir.
"Bu gün ölkəmiz dünyanın aparıcı dövlətləri ilə həyatın müxtəlif sahələrində əməkdaşlıq edir. Biz ABŞ-la münasibətlərimizi daha da inkişaf etdirmək niyyətindəyik. İqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız təqdirə layiqdir. ABŞ şirkətləri Azərbaycanda həyata keçirilən genişmiqyaslı layihələrdə iştirak edirlər".

Görüşdə Sədr parlamentlərin dövlətlərarası münasibətlər sistemində mühüm rol oynadığını diqqətə çatdırıb. Qeyd edilib ki, Milli Məclisdə ABŞ Konqresi ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
"Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və müxtəlif beynəlxalq qurumlarda görüşləri qanunverici orqanlar arasında əlaqələrin dərinləşməsi baxımından çox önəmlidir. Biz gələcəkdə də bu sahədə fəaliyyəti davam etdirmək niyyətindəyik.
Bu gün müstəqil Azərbaycan bütöv bir bölgənin iqtisadi simasını dəyişə biləcək böyük enerji layihələrinin fəal iştirakçısı və təşəbbüskarıdır. Bununla yanaşı, bölgədə öz həllini gözləyən Dağlıq Qarabağ problemi ümumi inkişafa maneçilik törədir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq və beynəlxalq birliyin bu məsələyə obyektiv yanaşmasına ümid edirik".

Səmimi qəbul və ünvanına deyilən xoş sözlər üçün minnətdarlığını bildirən səfir Metyu Brayza iki ölkə arasında əməkdaşlığın daha da inkişafı üçün qüvvə və bacarığını əsirgəməyəcəyini söyləyib. Bildirilib ki, ABŞ Qafqazın bu bölgəsinə böyük maraq göstərir və Azərbaycanla əlaqələri gələcəkdə də inkişaf etdirməkdə maraqlıdır.
Səfir əlaqələrimizin daha da dərinləşməsi üçün geniş potensial imkanlar olduğunu ifadə edib. Bildirilib ki, iqtisadi, ticarət, mədəni sahələrdəki uğurlu əməkdaşlıq parlamentlər səviyyəsində də davam etdirilir. Bu baxımdan nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əhəmiyyətlidir.
Metyu Brayza ABŞ-ın USAİD təşkilatının Milli Məclislə birlikdə həyata keçirdiyi “Azərbaycan Parlament layihəsi”ni yüksək dəyərləndiriv və layihənin davamlı olmasında maraqlı olduqlarını qeyd ediv.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü