Modern.az

Bizə inqilab lazımdır

Bizə inqilab lazımdır

10 Mart 2011, 10:38

Kim bu həyasız, abırsız, büdcəni çapıb-talayan korrupsionerləri, rüşvətxorları görəndə sevinir ki? Bəlkə də sevinən var. Məsələn, həyat yoldaşları, bacıları, bacılarının ərləri, qardaşları, qardaşı oğlanları, qardaşı qızları, bibiləri, bibilərin kürəkənləri, dayısı qızları, onların uşaqları, sürücüləri, sürücülərinin qardaşı uşaqları (İnanmırsınız? Vallah, belədir), bağbanları, bağbanların yeznələri, nəvələrinin dayələri, onların uşaqları, qudaları, qudalarının əmisi oğlanları, qudalarının sürücüləri, sürücülərin gəlinləri, manikür - pedikür ustaları, bərbərləri, massajistləri, katibələri, katibələrin ərləri, uşaqları, cangüdənləri, cangüdənlərin anaları, həyat yoldaşları… Yenə yazım? Hətta zamanında onlara dürüstlüyü öyrədən müəllimləri belə: filankəs mənim şagirdim olub, bir sözümü iki eləməz - deyib şəstlə qəbuluna gedir, min cür xahişlər edir. Bir yandan da ona «can-can», «başına dönüm» deyə-deyə zəng vurub xahiş edən nənəsi, anası, sevimli bibisi, xalası… Məgər onlar bizim gülüzlü, nurani, Quran oxuyan, halal-haram bilən ağbirçəklərimiz deyilmi? Bəs niyə belə edirlər? Bir nəfərin işığına (oxu: puluna) yığışanların sayı niyə bu qədər çoxdur?..

*****

Millət, bizə inqilab lazımdır!!! Bizə milli inqilab lazımdır! Milli əxlaq, milli düşüncə, milli təfəkkür inqilabı! Çünki bizə “Facebook inqilabı” yaramır! “Qızılgül inqilabı” necə yaramadısa, Misir inqilabı da elə yaramayacaq. Bilirsiniz niyə? Ona görə ki, kimin adını çəkirsiniz çəkin, inqilabdan sonra o hakimiyyətə tək gəlməyəcək. Ac tayfası və massajist qorumaları ilə gələcək. Allah bilir onlar nə gündədir? Hələ Allah bilir onlar nə vaxt doyacaq? Doyacaqmı? Çox açıq-aşkar yazdım, eləmi? Deyəsən, kiminsə qaşları çatılıb. Amma, o dəqiqə ürəyinizdə qisas barədə düşünməyin. Mən sizin xeyrinizə yazıram, bir az yaxşı düşünün, inqilab həvəsində olanların da, inqilabdan qorxanların da… Biz bir millətik və budur aldığımız tərbiyə, verdiyimiz tərbiyə. Biz bir millətik! Hansımızı vəzifəyə qoysalar, mələk donundan çıxıb ac qurda çevrilirik. Boz qurda yoxaaaaa! Ac qurda! Onun da rənginin fərqi yoxdur. Bir sürüyə girdimi, yeyə bilcəyindən 10 dəfə artığını parçalayıb atacaq, ziyankarlıq edəcək. Necə ki bu fağırlar Rolls-Roys alırlar. Qorxudan gecələr sürürlər. Neyləsinlər? Qorxu pis şeydir. Haram da ki, qusulur. Geci-tezi var.
90-cı illərdən bu günə kimi neçə prezident dəyişdi? Hansının zamanında rüşvət olmadı? Hansının tayfası çalıb-çapmadı? Ac adamı doydurmaq asandır, yoxsa tox adamı? Çaşan varmı? Var. Özü də çox. Çünki bu zəmanədə nəyin doğru, nəyin səhv olduğunu anlamaq çətinləşib. Çünki mənim kimi adam BDU-nun kadrlar şöbəsinin müdiri Rüstəmin əlində aciz qalmışdım. O qədər həyasızcasına üzə durub, yalan danışırdı ki, mat-məəttəl qalırdım. Fikirləşirdim ki, bu kişi millət vəkilinin başına bu oyunu açırsa, gör başqalarına nə toy tutur. Məsələn, mənim üçün inqilab Abel Məhərrəmov onu işdən çıxardanda baş verdi. Çünki, hamı deyirdi, rektorun yaxın adamdır. Nə qədər ki, rektor buradadır, o da işləyəcək. Cəmi bir dəfə yüngülvari Abel müəllimin nəzərinə çatdırdım. Doğrudur, həmin an dərsini verdi. Amma nə olsun, üstündən bir az keçdi yenə köhnə hamam, köhnə tas oldu. Vallah, onu işdən azad edəndə təəccübləndim. Deməli, elin sözü də əvvəl-axır düz olurmuş!

*****

Bilirsiniz nə var? Mən 20 il bundan qabaq bu Bəxtiyar Hacıyevi görmüşəm. Azadlıq meydanında. Düzdür, o, Harvard bitirməmişdi. Çünki o vaxt, Harvard sözü belə bu millətin leksikonunda yox idi. Amma əli qabarlı fəhlə, kəndçi balası o dövrün selfmade-i oldu və minlərlə insana otur-dur deyə bildi. Sonra nə oldu? Sonrası məlumdur. Tanımayan oldusa, yadınıza salıram. Bizim Nemət Pənahov (indi Pənahlı). Nə oldu? Oxşarı Bəxtiyar Hacıyevdir. Gənc, dilli-dilavər, bir az həyasız, bir az dəlisov, ağlı az, ambisiyası çox. Ay millət, Flora Kərimova demişkən (oxumuşkən), «dünya köhnə dünyadır, mahnıları təzədir». Ağıllı olmaq, tədbirli davranmaq lazımdır. Nə qədər ki, İlham Əliyev var, vaxtdan, məqamdan istifadə edin! Onun da canını boğazına yığmış məmurların olduğuna əminəm. Təmizləyəcək. Yetər ki, siz ağı qaradan seçin. Prezident, nazir olmaq arzusu ilə alışan şəxslərin alətinə çevrilməyin. Onsuz da sizin üçün nəsə dəyişməyəcək. Əksinə, hər şey yenidən başlayacaq. Ozü də müsəlmansayağı xaosla. Sonra da yenə 10-15 il gözlə ki, kimlərsə yerini isitsin. Məncə, ağıllı adamlar təkamülü seçir. Biz bir yerlərə gəlib çatmışıq. Əlbəttə, İlham Əliyevdən bəzilərinin xoşu gəlmir. Çünki, xristian qardaşlarımız, müsəlman qardaşlarımız deyəndə ki, «əşşi, verin də bu Qarabağı ermənilərə», əhv edərsiniz, cavab alırlar ki, «gedin, …» Üstünə gəlirlər ki, «atarıq ha, vurarıq ha…». Qayıdır ölkəsinə, bu dəfə silah istehsal edir. Qardaşım, çətindir İlham Əliyevlə bacarmaq. Çünki, dürüstdür. Başı da əyilmir. Nökər tərbiyəsi almayıb. Bu ölkəni heç kimin forpostu etmək niyyəti yoxdur və olmayacaq da, İnşallah!

*****

Millət, bizə inqilab lazımdır. Təfəkkür, şüur inqilabı. Bunu mən deməmişəm. Rəhmətlik Cəfər Cabbarlı deyib. Uşaq-muşaq dalınca gedən vaxtımız deyil. Biz bir millət olaraq uşaqlıq dövründən çıxmışıq. Başımıza çox bəlalar gəlib. Bizi çox içimizdən parçalayıb yeyiblər. Rusun da, farsın da süfrəsində yeyilmişik. İndi kimin dişlərinin altında cırıq-cırıq olmaq istəyirsiniz? Yenə meydan, yenə bədbəxt millətin yandırılan maşınları, dükanları… Niyə? Yenə gözü dönmüş, anasının əmcəyini kəsən həyasızlar?
İlham Əliyevin siyasəti ağıllı, ölçülü-biçilidir. Mənim də bəzi qudurmuş məmurlardan zəhləm gedir. Zamanında hamı ətəyini öpəndə Əli İnsanova «al-verçi» deyən də mən olmuşam. Hörmətli akademikimiz Cəlal Əliyev ona ana-bacı söyüşü söyəndə «dur!» deyən yeganə millət vəkiliyəm.

*****

Bir də millətin son vaxtlar heysiyyatı ilə oynayan, «hicab-namusdur» deyən bacı-qardaşlarıma sualım var: Ay millət, sizin hansı nənəniz, ananız hicab taxıb? Məgər onların namusu, qeyrəti yerində deyildi? Kim qarşıya çıxıb onlar haqqında bir söz deyə bilər? Yox əgər desəniz ki, bu yeni dəbdir, onda unutmayın ki, bu dəbi salanlar terroristlərdir. Həmin terroristlər ki, əvvəl zorlayır, sonra gənc qadın və qızların başına hicab, belinə bomba bağlayır.
Başını, dizini örtmək istəyən Azərbaycanda həmişə örtüb. Dəbsiz, filansız. Ən əsası qeyrətlə, namusla və bombasız. Mən Bakıda gah hicab örtən, gah da açan yüzlərlə qız-qadın tanıyıram. Niyəsi və babalı onların boynuna. Əxlaq, tərbiyə, inam və iman insanın qəlbi və beynidir. Dəbə uymayın, özünüzü kimlərəsə oxşatmayın. Mən dünyada anamdan və nənəmdən namuslu qadın tanımıram. Baş örtükləri kəlağayı və şal idi. Bəs sizinkilər nə taxırdı, müsəlman qardaşlar? Mən sizə yalnız bir şey deyə bilərəm:
İlham Əliyevin yanında durun! Qapısında durduğunuz rüşvətxor məmuru təmizləmək üçün bu ən yaxşı yerdir! Prezident onsuz da, bu işi görəcək. Kifayətdir ki, siz qapılarda boynubükük durmaqdan çəkilin! Prezidentin yanında durun! Qürurla və kişi kimi! İçinizdə, beyninizdə inqilab edin!

P.S. 2003-cü il 15-16 oktyabr hadisələrində «Azadlıq» meydanına tələsən İqbal Ağazadə ilə son dəqiqəyə qədər telefonla danışdım. «İqbal, getmə, səni aldadırlar. Meydanda tək qalacaqsan» - dedikdə, - «İsa bəy gəlir, 10 dəqiqəyə çatır» - cavabı verirdi. Amma İsa bəy nə 10 dəqiqəyə gəldi, nə də 10 saata. Onsuz da bu həmişə belə olub. Odur ki, heç təəccüblənmədim… 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir