Modern.az

Abel Məhərrəmov: "Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz" (YENİLƏNİB)

Abel Məhərrəmov: "Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz" (YENİLƏNİB)

14 Mart 2011, 16:01
Modern.az saytının xəbər verdiyi kimi, bir qrup gənc “Facebook” sosial şəbəkəsi vasitəsilə martın 14-ü saat 13-14.00 radələrinə Bakı Dövlət Universitetinin (BDU) qarşısına icazəsiz etiraz aksiyası təyin etmişdi. Lakin BDU rəhbərliyinin və Yasamal rayon Polis İdarəsinin gördüyü tədbirlər sayəsində gənclərin aksiyası keçirilməyib.

Qeyd edək ki, bu günkü piketə qərar verən gənclər bunun “11 Mart - Böyük Xalq Günü” aksiyasının davamı olacağını bəyan etmişdilər. Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu cür addımları pisləyərək deyib: “Heç bir icazəsiz aksiyadan söhbət gedə bilməz. Universitetdə həyat öz axarında davam edir. Tələbələrin dərsə davamiyyəti 99 faiz təşkil edir. Əksinə, tələbələr davamlı şəkildə mənə müraciət edirlər ki, bir qrup gəncin belə pozuculuq əməllərindən hiddətləniblər və özləri buna qarşı aksiya keçirmək istəyirlər. Sadəcə, biz buna əhəmiyyət vermək istəmirik. Bakı Dövlət Universitetinin 22 minlik heyəti ölkə prezidenti İlham Əliyevi dəstəkləyir”. A.Məhərrəmov deyib ki, BDU-nun bir nəfər də tələbəsi 11-12 mart aksiyalarında iştirak etməyib və etməyəcək. Rektorun geniş açıqlaması bir qədər sonra yazıya əlavə olunacaq. *** Rektor Modern.az-a deyib:

- Özünüz də görürsünüz ki, tam sakitçilikdir. Burada mitinqin olması ilə bağlı heç bir məlumat qeydə alınmayıb.Cavanlar internet vasitəsiylə bir-birləri ilə yazışırlar, əlaqə yaradırlar, cürbəcür adamların adından istifadə edib müəyyən xaos yaratmağa çalışırlar. Mən keçən dəfə də dedim və indi də deyirəm ki, bunlar xaricdəki erməni siyasətinə qoşulan insanlardır ki, Azərbaycanda qarışıqlıq yaratmağa çalışırlar. Bakı Dövlət Universitetindən nə ayın 11-də, nə də digər günlərdə heç vaxt bu aksiyalara qoşulan olmayacaq. Universitetdə dərslər keçirilib, heç bir problem olmayıb. Heç bir problemlə üzləşməmişik. Heç bir çağırış olmayıb. Mən bunu açıq deyim ki, insanlar elə bilirlər ki, kompüterə yazılanların hamısı reallaşacaq. Ancaq onların heç kompüterləri də işləmir. Bunu da yazanlar hamısı səviyyəsiz uşaqlardır. Onlar bu gün informasiya yayıblar ki, guya aksiya olacaq. Bu gün nə unuvirsitetdə, nə də universitetdən kənarda belə bir hadisə olmayıb. Tələbələrin də 99.9 %-i dərsdə olub, bir adam da olsun dərs prosesinə gecikməyib. Nə ayın 11-də, nə də indi belə bir hal olmayıb. Başqa günlərdə dərsə davamiyyət bir qədər aşağı olur,  hardasa 95-97%. Bu gün tamamilə yüksək göstərici qeydə alınıb. Heç bir narahatçılıq olmayıb. Bilirsiniz, bəzi gənclər yazılı şəkildə müraciət edirlər ki, niyə bu çağırışlara son qoyulmur. Niyə xaricdən uzadılan əllər kəsilmir, niyə səslənən antiAzərbaycan çağırışlarının qarşısı alınmır. Mənə çox mürciətlər var. Bizim tələbələr buna qarşı çıxıb bildirirlər ki, bu "Facebook"da yayılan məlumatların hamısı yalandır. Mən bunları yersiz hərəkət hesab edirəm. Yenə deyirəm ki, bizdə davamiyyət yüksək olub, heç bir narahatçılıq olmayıb. Yəni universitetdə və kənarda qeyri-adi bir şeyə rast gəlməmişəm.

A.Məhərrəmov bildirib ki, insanlar ayıq-sayıq olmalıdır, belə informasiya yayanların qarşısı alınmalıdır:

 

      - BDU Azərbaycan dövlətinin və dövlətçiliyinin sosial dayağı olub. Bura ideoloji mərkəzdir. Bötüvlükdə BDU-nun  Azərbaycan dövlətçilik ideologiyasının formalaşmasında böyük xidmətləri olub. Bu gündə bu xidmətlər göstərilir. Universitetdə 22 minlik kollektiv Azərbaycan dövlətçiliyinin bir nömrəli sosial dayağıdır. Nə qədər belə boş çağırışlar olsa da, biz bunlara əhəmiyyət vermirik və öz siyasi kursumuzu davam etdiririk. Siyasi kursumuz möhtərəm prezidentimiz İlham Əliyevi dəstəkləmək, Azərbaycan dövlətçiliyinə dəstək verməkdir.

Aqil Aslan

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir