Modern.az

Oqtay Əsədov ATƏT sədrinə narazılığını bildirib

Oqtay Əsədov ATƏT sədrinə narazılığını bildirib

Parlament

14 Mart 2011, 18:08

Martın 14-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, parlamentin sədri bu səfərin ikitərəfli əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə inamını ifadə edib. Qeyd edib ki, Azərbaycan tərəfi ATƏT-ə təkcə dialoq forumu kimi yox, həm də mövcud problemlərin həllinə yardımçı olan bir qurum kimi baxır. “Bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var. Münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, uzun illərdir ki, bu sahədə real nəticə yoxdur. Səbəb isə Ermənistanın BMT, ATƏT, AŞ PA kimi beynəlxalq qurumların qətnamə və qərarlarına, beynəlxalq hüquq normalarına məhəl qoymamasıdır. Azərbaycanın 20 faiz torpağını işğal etmiş Ermənistan işğalçılıq siyasətini davam edir. 1 milyon ölkə vətəndaşı öz ata-baba yurdlarından qovulmuşdur. Biz problemin  beynəlxalq hüququn prinsipləri əsasında obyektiv həllinə tərəfdarıq. Ümid edirik ki, cənab Audronyus Ajubalisin ATƏT-ə sədrliyi dövründə bu sahədə müsbət addımlar atılacaqdır. Problemin həllinin yubanması təkcə Azərbaycanın deyil, bütövlükdə bölgənin inkişafına və Avropa strukturlarına inteqrasiyasına böyük maneçilik törədir”-deyə O.Əsədov bildirib. Söhbətdə Spiker qeyd edib ki, bu gün ölkəmiz nüfuzlu beynəlxalq qurumlar, dünya ölkələri, o cümlədən Litva ilə əlaqələrini genişləndirir.  "Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Hər iki ölkənin parlamentləri səviyyəsində təqdirəlayiq əməkdaşlıq mövcuddur. Azərbaycan parlamentində Litvanın qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində parlamentlərimiz arasında  müvəffəqiyyətlə həyata keçirilən TVİNNİNQ layihəsi münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.  Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və deputatlarımızın  beynəlxalq qurumlarda görüşləri informasiya mübadiləsi baxımından çox əhəmiyyətlidir. Spiker ümidvar olduğunu bildirdi ki, gələcəkdə də bu əməkdaşlıq yüksələn xətlə davam etdiriləcəkdir". Görüşdə Azərbaycanda keçirilən parlament seçkilərində ATƏT-in müşahidə missiyasının iştirakından söz açan O.Əsədov seçkilərin nəticələri barədə qurumun strukturları arasında müəyyən fikir ayrılıqlarının olmasından təəssüfləndiyini bildirib. Qeyd edilib ki, ATƏT PA, AŞ PA və digər nüfuzlu müşahidə missiyalarının fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları İnstitutunun (DTİHİ) hesabatı ilə üst-üstə düşməyib. "Bu institut seçki prosesinə qeyri-obyektiv, birtərəfli yanaşmış, müvafiq qurumlar, o cümlədən Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlıqdan yayınmışdır. Bunun nəticəsi kimi institutun hazırladığı hesabat digərlərindən fərqlənmiş və qərəzli xarakter daşımışdır. Söhbətdə Spiker belə bir fikri vurğuladı ki, biz tənqidə açığıq. Ancaq bu tənqid mahiyyət etibarilə şər və böhtandan ibarət olmamalıdır. Azərbaycan tərəfi demokratiyanın ölkədə daha da dərinləşməsi naminə ATƏT-lə gələcəkdə də əməkdaşlığı davam etdirmək niyyətindədir". Görüşdə müzakirə olunan məsələ ilə əlaqədar çıxış edən  Milli Məclis Sədrinin müavini, ATƏT PA-da nümayəndə heyətimizin rəhbəri Bahar Muradova öz fikirlərini açıqlayıb. Bildirilib ki, parlament seçkilərinin nəticələri ilə əlaqədar DTİHİ-nin qeyri-obyektiv hesabatı təkcə Azərbaycan tərəfinin deyil, ATƏT PA-nın vitse-prezidenti Volfqanq Qrossrukun da narazılığına səbəb olub, bu məsələ ilə əlaqədar o, qurumun fəaliyyətdə olan o dövrkü sədrinə müraciət edib. ATƏT PA, AŞ PA kimi mötəbər qurumların nümayəndələri ilə saatlarla keçirilən müzakirələrdə  əldə edilmiş yekdil qərardan kənara çıxaraq öz subyektiv hesabatını açıqlamış DTİHİ rəhbərliyinin bu mövqeyi prosesi izləyən digər müşahidə missiyaları tərəfindən də pislənilmişdir. ATƏT-in qurumları arasında  belə ziddiyyətli fikirlərin mövcudluğu təşkilatın öz nüfuzuna xələl gətirir. Gələcəkdə belə halların aradan qaldırılması, zənnimizcə, zamanın tələbidir. ATƏT sədri səfərin məqsədinin Azərbaycanda demokratiyanın inkişafı sahəsində əldə edilmiş nailiyyətlər barədə və Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar   müzakirələr aparmaq olduğunu söyləyib. Qeyd edib ki, sürətlə inkişaf edən Azərbaycanda demokratik cəmiyyət quruculuğunda məqsədyönlü addımlar atılmaqdadır. Bu proseslərin daha da dərinləşməsi üçün ATƏT Azərbaycana hər cür dəstək göstərmək niyyətindədir. Qonaq qeyd edib ki demokratiya yolu heç də asan deyildir. O, öz ölkəsinin timsalında müxtəlif qurumlar tərəfindən bu prosesin uzun illər müşahidə edildiyini və onlardan tövsiyələr aldıqlarını diqqətə çatdırıb. Qeyd edilib ki, bəzən bu qurumların iradları kəskin olurdu.  "Bu baxımdan biz Azərbaycan tərəfini başa düşür və onun ədalətli tənqidə açıq ölkə olmasını alqışlayırıq". ATƏT sədri burada səslənən fikirlərin nəzərə alınacağını söyləyərək demokratiyanın Azərbaycanın öz seçimi olmasını yüksək dəyərləndirib. Audronyus Ajubalis Dağlıq Qarabağ münaqişəsinin həli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə əlaqədar səslənən fikirləri diqqətlə dinlədiyini və bu sahədə real nəticənin əldə edilməsi üçün səylərin artırılacağını söyləyib. Qonaq Prezidentlərin Soçi görüşünü yüksək dəyərləndirərək problemin tezliklə sülh yolu ilə öz məntiqi həllini tapacağına inamını ifadə edib. Bildirib ki, xalqlar uzun müddət davam edən bu münaqişədən usanıblar. Qafqazın bu bölgəsində sülhə böyük ehtiyac var. Görüşdə ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel, qurumun fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprjik çıxış edərək ikitərəfli əməkdaşlığın inkişafı, regional münaqişələrin həlli yolları barədə fikirlərini açıqlayıblar. Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş müzakirə aparılıb. Görüşdə Milli Məclis Sədrinin müavini Bahar Muradova, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Litvada səfiri Nairə Şahtaxtinskaya, Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanas və digər rəsmi şəxslər iştirak edilər. Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir