Modern.az

Nizami Cəfərov: “Hər şeyi jurnalistikanın boynuna yıxmaq olmaz"

Nizami Cəfərov: “Hər şeyi jurnalistikanın boynuna yıxmaq olmaz"

Parlament

15 Mart 2011, 11:23

“Bu gün Azərbaycan dili, eləcə də dünyanın bir çox dilləri, demək olar ki, inkişaf etmiş dillərin əksəriyyəti publisistik dil – jurnalistikanın dili hesabına inkişaf edir”.

Bunu Modern.az-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov müasir Azərbaycan jurnalistikasının dilini necə qiymətləndirməsi barədə suala cavab verərkən deyib. Onun sözlrinə görə,  hazırki zamanda Azərbaycanda nə bədii dil, nə elmi dil, nə də rəsmi dil publisistik dil qədər dilə inkişaf gətirmir, potensial vermir: “Vaxtilə adət etdiyimiz dil texnologiyaları bu gün xeyli dəyişib. Ona görə bəzən bu narahatçılıq yaradır. Amma bu narahatçılıq heç də həmişə haqlı olmur. Belə də olmalıdır, yəni dildə çeviklik olmalıdır, dilə yeni sözlər, ifadələr və müəyyən qədər loru elementlər gəlməlidir. Çünki  bu insan təbiətidir. Insan özü nədirsə, onun inkişaf səviyyəsi nədirsə, odur”.

 

Millət vəkili onu da qeyd edib ki, hər şeyi jurnalistikanın boynuna yıxmaq olmaz. Onun fikrincə, bu gün mətbuatımızda çalışan jurnalistlərin mütləq əksəriyyətinin jurnalistika təhsili yoxdur: “Mətbuatda olan problemlərdən biri korrektor işinin tamamilə aradan qalxmasıdır. İstər elektron mətbuat olsun, istər yazılı mətbuat, müəyyən qədər imla pozulmaları gedir. Bu gərək olmasın, çünki yazının öz mədəniyyəti var. Nöqtə, vergül yerində deyilsə, orfoqrafiya qaydaları pozulursa, bu istər-istəməz mətndə qeyri-mədəni effekt yaradır”.

 

Nizami Cəfərov sonda bildirib ki, son dövrlər mətbuatımızda çatışmayan məsələlərdən biri də jurnalistlərin fərdi üslublarının olmamasıdır: “Mətbuatımızda bu çatışmır. Hər qəzetin öz üslubu var, yəni məzmun-ideya baxımından üslubun olması vacibdir. Bununla yanaşı,  lazımdır ki, mətbuatda işləyən jurnalistlərin də üslubları fərqlənsin, o üslublarda bir təsirlilik olsun. Bax, burda bizim problemimiz var”.

 

Aytən ƏLİYEVA

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü