Modern.az

“Azərittifaq” barəsində yazılanlar həqitədən uzaq yalanlardır” - AÇIQLAMA

““Azərittifaq” barəsində yazılanlar həqitədən uzaq yalanlardır” - AÇIQLAMA

27 Dekabr 2016, 18:51

Bəzi media qurumları  “Azərittifaq” və Azərbaycan Kooperasiya Universitetinin bağlanacağı  barədə  məlumatlar dərc edib.

Modern.az məsələ ilə bağlı  “Azərittifaq” ın İdarə Heyətinin üzvü Fəxrəddin İsmayılovdan  münasibət öyrənib.

F.İsmayılov deyib ki, “Azərittifaq” haqqında yayılan xəbərlər tam cəfəngdir

“Professional  jurnalistika ilə məşğul olanlar belə məlumat yaymaz. Bunu özünə rəva bilməz. Mən hesab edirəm ki, hər bir jurnalist hansısa məlumat yayanda onu ölçüb-biçib yazmalıdır, bilmədiyi məlumatı yazmaq düzgün deyil. Bu gün “Azərittifaq”ın ləğv olunması ilə bağlı xəbər yazmaq əlbəttə ki, paradoksdur. Bir insan özünü  jurnalist adlandırırsa, bilməlidir ki, ictimai təşkilatları hökumət ləğv edə bilməz. Səbəb isə aydındır, ictimai təşkilatı hökumət necə ləğv edə bilər.  Bununla yanaşı, onu da qeyd etməliyik ki, biz  hökumətlə qarşılıqlı şəkildə işləyirik. Bizim qurumun bağlanması ancaq cənab Prezidentin fərmanı ilə ola bilər.

Və o sənəddə də göstərilməlidir ki, biz payçılar öz razılığımızla fəaliyyətimizi dayandırırıq. Bu, məsələnin bir tərəfi. Bundan əlavə, bu qurumun fəaliyyətinin dayandırılmasını nəinki ölkə rəhbərliyi, heç ictimaiyyət də qəbul edə bilməz. Bu gün müəyyən qədər iş yerləri var, insanlar işləyirlər, ailəsini dolandırırlar, burada payçıdırlar, əmlakları var. Nəyə görə bura bağlanmalıdır ki? Bu gün yeni iş yerləri açıldığı halda, köhnə iş yerləri bağlanmalıdırmı?”.


F.İsmayılov deyib ki, bu gün yeni yaranan iri müəssisələrlə rəqabətə girmək onlar üçün həqiqətən çətindir.
“Çünki bizim Cəbhə dövründə itkilərimiz oldu. Banklarda olan pullarımız bir ilin içərisində sıfıra döndü. O vaxt milyonlarla  pullarımız var idi, ən varlı təşkilatlardan biri idik. Çox təəssüflər olsun ki, o dövrdə hətta Sovet İttifaqı dövlətləri ilə də əlaqələrimiz kəsilmişdi. 1991, 92, 93-cü illərdə bizim pullarımız banklarda idi. Biz əsasən təminat məsələsində Rusiya və Ukrayna ilə işləyirdik. Azərbaycanın istehsalı olan kənd təsərrüfatı və sənaye məhsullarını Rusiya və Ukraynaya göndərərdik. 90-cı illərdə bütün bu yollar bağlanmışıdı. Lakin bizim pullarımızın birdən-birə inflyasiyaya uğraması ilə əlaqədar olaraq bizim böyük itkilərimiz oldu. 1993-cü ilin yanvar ayında Elçibəyin rəhbərliyi dönənimdə  “Kolxoz bazarlar”ı bizim əllimizdən alınıb icra hakimiyyətlərinə verildi. Orada da konkret olaraq göstərildi ki, bu binaların ödənişi, “Azərittifaq”ın çəkdiyi xərclər “Azərittifaq”a ödənilməlidir. Biz bunun üçün bir çox addımlar atdıq. O dövrdə hesablandı, “Azərittifaq”a çatacaq məbləğ 5 milyon dollar idi. 5 milyon dollar bizim üçün çox önəmlidi idi, yeni investisiya qoymağa, yeni iş yerləri açmağa kömək olacaqdı. Bu günə qədər də biz o məsələnin həllinə nail ola bilməmişik”.

“Azərittifaq” İdarə heyətinin üzvü deyib ki, sonradan Konstitusiya qəbul olundu.

“Konstitusiyada mülkiyyətin 3 forması göstərildi, kollektiv mülkiyyət forması sıradan çıxdı. Burada göstərildi ki,  mülkiyyətin əsas 3 forması,  dövlət, bələdiyyə və özəl mülkiyyət yaranır. “Azərittifaq ” da özəl mülkiyyət olaraq qeydə alındı və Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçdi. O zaman arayış verdik ki, təşkilat olaraq dövlətə borcumuz yoxdur. Bu gün də dövlətlə qarşılıqlı işləyirik. Dövlətin apardığı özəlləşdirmə prosesi ilə əlaqədar bizim də müəssisələrdə proses davam etdi. Biz əsas olaraq mülkiyyəti payçılara verdik. İllərdir həmin yerlərdə, dükanlar, ictimai iaşə obyektlərində insanlar işləyib. Sözsüz ki, bu obyektlər ilk növbədə onlara təklif edilməli idi və edildi də. İndi yazırlar ki, guya obyektlər kimlər tərəfindənsə özəlləşdirilib. Bunlar boş-boş sözlərdir və heç bir əsası yoxdur”.


 F. İsmayılov onu da vurğulayıb ki, “Azərittifaq” kimi qurumlar tək Azərbaycanda deyil, keçmiş sovet respublikalarının hamısında var.

“Demirik ki, biz əvvəlki kimi fəaliyyət göstəririk. Bu yaxınlarda bizim sədrimiz Eldar Quliyevə onlarla kooperasiyanın sədri Yeni illə bağlı təbrik məktubu göndərib. Keçmiş sovet blokundan olan ölkələrin sədrləri də təbrik göndərib. Bundan başqa Çexiya, Bolqarıstan, Almaniya, Türkiyə və bir çox ölkələrdən “Azərittifaq” sədrinə təbrik gəlir.

Mənim yadıma gəlir, 2 il bundan öncə bizim sədr (O, həm də  Milli Məclistə Aqrar siyasət komitəsinin sədr müavinidir- F.İ) Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərliyi ilə Almaniyaya səfər etdilər və orada kooperasiyaların  işi ilə tanış oldular. Çox böyük təəssüratla da qayıdıb gəldilər. Milli Məclis bir neçə ay bundan əvvəl “Kənd təsərrüfatı kooperasiyası haqqında” “ Qanun qəbul etdi. Ümumiyyətlə, dünyada kooperasiyalar fəaliyyət göstərir, kooperasiyalar BMT-nin bir qoludur və onun 750 milyon üzvü var. Beynəlxalq kooperasiya Alyansının qərargahı Cenevrədə yerləşir.  Onlarla daim əlaqədəyik, bizim rəhbərliyi tədbirlərinə dəvət edirlər”.
 

Öz fəaliyyətləri ilə bağlı danışan F.İsmayılov bildirib ki, mükəmməl fəaliyyət göstərirlər iddiasında deyillər.
“Bu qurum bu gün fəaliyyət göstərir, insanlar əməkhaqqı alırlar. Bu gün bizdə tədarüklə məşğul oluruq. Biz müəyyən məhsulları tədarük edib yeni yaranmış quruma veririk. Biz dövlət qurumları, icra orqanları, bələdiyyələrlə qarşılıqlı əlaqədəyik.

Universitetlə bağlı məsələlərə gəldikdə isə , Azərbaycan Kooperasiya Universitetinin haqqında ümummilli lider Heydər Əliyev 2000-ci ilin avqustun 31-i həm Kooperasiya Universitetinin, həm də Kooperasiya Kollecinin genişləndirilməsi ilə bağlı sərəncamı olub.  Sərəncamın icrası Nazirlər Kabineti, Təhsil Nazirliyi və “Azərittifaq”la birlikdə həyata keçirilid, institut universitetə, texnikum da kollecə çevrildi. Texnikumda ixtisaslar artıldı.
2014-cü ildə Azərbaycan Kooperasiya Universitetinin 50 illiyi və kollecin 75 illiyini böyük təntənə ilə qeyd etdik. Ən böyük dəyəri bizə kooperatorların sevimlisi hörmətli Prezidentimiz İlham Əliyev verdi. Bizim 12 nəfər əməkdaşımız “əməkdar müəllim”, “əməkdar mədəniyyət xadimi”, “əməkdar idman xadimi”  adı aldı və “Tərəqqi” medalı ilə təltif olundu. Bu,  ölkə Prezidentinin bizim əməkdaşlarımıza verdiyi ən böyük dəyər  idi.  Biz də istərdik ki, fəaliyyətimiz çox olsun. Son illərdə Azərbaycan çox inkişaf edib. Son zamanlar bir qədər maliyyə çətinlikləri var. Bu təkcə bizdə deyil, bütün dünyada belədi. Bütün kooperasiyalar yekdilliklə deyə bilər ki, biz ölkə Prezidentinin apardığı daxili və xarici siyasəti bəyənirik, dəstəkləyirik, bundan sonra dəstəkləyəcəyik. Bizim üçün çox xoş oldu ki, bu yaxınlarda şəxsən cənab Prezidentin rəhbərliyi ilə hazırlanan “Yol xəritəsi”  Azərbaycanın gələcək inkişafını daha da səmərəli edəcək, inkişafını sürətləndirəcək. Bu “Yol xəritəsi”ndə turizmə, kənd təsərrüfatına böyük dəyər verilib. Bütün bunlar bizim sahəmizə uyğundur. Bunun üçün biz cənab Prezidentə minnətdarıq. Bu yolda həm ölkə Prezidentinə, həm xalqımıza həm də özümüzə uğurlar arzulayırıq. Qarşıdan da Yeni il gəlir, bütün Azərbaycan xalqını kooperatorlar adından təbrik edirik.

O ki, qaldı bəzi jurnalistlərə, onlara da demək istərdik ki, rəqəmlər yazanda heç olmasa o mövzu ilə dəqiq məlumat alsınlar. “Azərittifaq”la bağlı, universitetlə bağlı ən doğru rəqəmləri  jurnalistlərə biz verə bilərik.

Şər, böhtan, şantaj, qara piarla məşğul olan dırnaqarası jurnalistləri Dövlət Təhlükəsizlik Xidməti haqlı olaraq həbs edir. Çox istərdik ki, “reketlik” yolunu tutanlar bundan ibrət götürsünlər. Əlbəttə biz heç kimə belə şeylər  arzu etmirik. Arzumuz budur ki, bütün jurnalistlər obyektiv olsunlar. Kooperatorların müraciətinə gəldikdə isə onlar bilsinlər ki, minlərlə kooperator belə yalan uyduranları məhkəməyə verə bilər”.

 

Qafar Ağayev

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?