Modern.az

Deputat üzr istədi bağışlandı, bəs həbs olunan köçkünlər?..

Deputat üzr istədi bağışlandı, bəs həbs olunan köçkünlər?..

28 Dekabr 2016, 10:32

Biləsuvarda həbs edilmiş cəbrayıllı məcburi köçkünlərdən xəbər var. Cəbrayıl rayon Məhkəməsinin qərarı ilə, dekabrın 22-də Biləsuvar rayonunun ərazisində köçkün qəsəbəsində baş vermiş insident zamanı saxlanılmış köçkünlər Gülağa Alməmmədov, Cəlal Quliyev və İlkin İsgəndərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Modern.az-ın əldə etdiyi məlumata görə, onlar dünən Şüvəlandakı istintaq təcridxanasına yerləşdiriliblər.

Xatırladaq ki, bu il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (Xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.

 

İstintaq qrupunun üzvü, müstəntiq Elşad Quliyev Modern.az-a istintaq araşdırmasının davam etdiyini, bu üzdən də ətraflı məlumat verə bilməyəcəyini deyib:

“Onların bağışlanıb-bağışlanmayacağı barədə hər hansı fikir bildirə bilmərəm. İstintaqın gedişindən asılı olaraq nəticələrdən xəbərdar olacaqsınız”.

 

Milli Məclisin deputatı Fazil Mustafa Modern.az-a bildirib ki, istintaqın gedişindən asılı olaraq cəza tədbirləri gündəmdən çıxarıla bilər:

“Nəzərə almaq lazımdır ki, hadisə vaxtı polislər xəsarət alıb. Onlara qarşı zorakılıq tətbiq etmək yolverilməzdir. Təəssüf ki, bu, baş verib.
Amma insanların da duyğularını anlayırıq. Onlara elektrik enerjisinin verilməməsinin böyük sosial problem olduğunu da qəbul edirik. Amma zorakılıq faktı varsa, müvafiq orqanlar mütləq cinayət işi qaldırmalıdır. İstintaqın gedişində əgər kiminsə günahı yoxdursa, müəyyən ediləcək. Tərəflər dinc xarakterdə olmalıdır. Əks təqdirdə ölkədə özbaşınalıq baş alıb gedər. Ona görə də hüquq-mühafizə orqanları araşdıracaq. Əgər kimsə dinc şəraitdə tələblərini irəli sürübsə, onlara qarşı cəza tədbirlərinin tətbiq olunması gündəmdən çıxarıla bilər”.

Deputat yaralanan, zorakılığa məruz qalan polislərin hüquqlarını xatırladıb:

“İndiki halda yaralanan, zorakılığa məruz qalan polislər var. Onlar ictimai asayişin keşikçiləridir və onların müəyyən hüquqları olduğunu unutmamalıyıq. Hər hansı vətəndaşın dinc aksiya keçirmək hüququ var, amma zorakılıq olmamalıdır”.


Bu aksiya ilə bağlı təhqiramiz ifadələr işlətmiş deputat üzr istədi, əksəriyyət də onun bu üzrünü qəbul edərək bağışladı. Bəs çıxılmaz vəziyyətdən dolayı aksiya keçirmək məcburiyyətində qalmış köçkünləri necə, bağışlamaq olmazmı?

F.Mustafa bu məsələyə baxılacağını vurğulayıb:

“Əlbəttə, bu məsələyə dövlət orqanları baxacaq. Ola bilər ki, müəyyən hərəkətlər aksiyanın təsirilə baş verib və bunlar məhkəmə prosesində də nəzərə alına bilər. Mən konkret olaraq hansısa fikir irəli sürə bilmirəm. Çünki ciddi qarşıdurma olub və qarşıdurmanın səbəbi hərtərəfli araşdırılmalıdır. Qaçqın vəziyyətində olan vətəndaşların onsuz da sıxıntıları böyükdür. İsinmək üçün alternativ yanacaq vasitəsi-qaz olmadığından elektrik enerjisindən istifadə edirlər.  Əvvəllər onlara kerosin də verilirdi. Amma indi verilmir. Yalnız elektrik enerjisindən istifadə etmək isə böyük problemlər yaradır. Onları da anlayışla qarşılamaq lazımdır. Amma bu da bütün problemləri zorakı yolla həll etmək anlamına gəlmir. Gedişatda yəqin ki, bu emosional vəziyyət, insanların sıxıntıları nəzərə alınar”.

Aksiyada saxlanılan Cəlal Quliyevin anası Nərminə Məmmədova  deyir ki, həmin axşam camaat İcra Hakimiyyətinin qarşısına işıqların tez-tez söndürülməsinə etiraz etmək üçün gedib, heç kimin başqa bir niyyəti olmayıb:

“Cəbrayıllı köçkünlərin məskunlaşdıqğı 11 qəsəbənin heç birinə qaz çəkilməyib. Meşə də yoxdur ki, odun gətirək işlədək. İşığımızı da yandırmırlar. Səhər saat 10-da, 11-də kəsirlər, axşam saat 6-da, 7-də yandırırlar. Camaat balalarını soyuqda necə saxlasın? İcra Hakimiyyətinin qarşıısna yığışanlar ancaq işığın yandırılması tələbiylə gediblər. Ora 2 minədək adam toplaşmışdı”.

Nərminə Məmmədova ölkə başçısımndan həbs olunanların azadlığa buraxılmasını xahiş edib: “Oğlum ağciyər xəstəsidir, vərəmdir... Onunla tutulan həmin o iki nəfər də xəstə adamlardı. Biri həm də Qarabağ əlilidir. Prezidentimizdən xahiş edirəm, uşaqlarımızıı buraxsınlar, onların heç bir günahı yoxdur”.


Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı deyilir.

Aksiyada 3 nəfər - Gülağa Əliməmmədov (1975-ci il təvəllüdlü), Cəlal Quliyev (1983-cü il təvəllüdlü) və İlkin İsgəndərov (1992-ci il təvəllüdlü) barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi