Modern.az

“Bizi oxuyursunuzmu?” layihəsinin şok nəticələri: Jurnalist imzası əhəmiyyətsiz olub

“Bizi oxuyursunuzmu?” layihəsinin şok nəticələri: Jurnalist imzası əhəmiyyətsiz olub

15 Mart 2011, 16:55

Siyasətiçi, deputat, QHT-nin tanınmış simaları, xalq artisti həftə boyu oxuduqları bir yazını və media mənsubunu xatırlamadılar

 

Respublikada 4000-dən çox qəzet qeydiyatdan kecib. Bunlardan yalnız 33 qəzet gündəlik nəşr olunur. Hazırda ölkə əhalisinin qəzet oxuyan təbəqəsinə siyasətçilər, QHT-çilər və ictimai-siyasi aktivliyi olan vətəndaşlar daxildir. Onlar hər gün çap olunan qəzetləri acgözlüklə oxuyurlar və informasiya təşnələrini söndürürlər. Amma bu qəzetlərdəki yazıları ərsəyə gətirənlər barədə az məlumatlı olurlar. Avropa ölkələrində, lap elə Rusiya, Türkiyədə qəzeti və ictimai fikri öz arxalarınca aparan jurnalistlər var. Bu jurnalistlərin yazıları, təhlilləri, müsahibələri siyasi, mədəni dairələrdə rezonans yaradır və uzun müzakirələrə səbəb olur. Qəzet naşirləri bu jurnalistlər üstündə əsim-əsim əsirlər, hər nazı ilə oynayırlar.   Bizim cəmiyyətin tanımış simaları necə, ölkə mətbuatını gündəlik olaraq izləyirlərsə, həftə ərzində hansı yazını yadda saxlayır və onu daha maraqlı hesab edirlər.

Modern.az bununla bağlı həftəlik “Bizi oxuyursunuzmu?” adlı layihəyə start verib. Biz bu layihə çərçivəsində həftə ərzində  tanınmış şəxslərdən qəzet oxuyarkən yadında saxladığı yazı və onun müəllifini xəbər alırıq... 

 

Bu dəfəki media oxucularımız siyasətçi Araz Əlizadə, millət vəkili Asim Mollazadə, QHT rəhbəri Vahid Qazi, bəstəkar Faiq Sücəddinov və “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.

 

“Oxumuram, bilmirəm!"

 

Yazıya ilk olaraq bir zamanlar ölkədə populyar olan, ölkə solçularının rəhbəri, Sosial Demokrat Partiyasının həmsədri Araz Əlizadədən başladıq. Elə ilk dəqiqələrdən də cavabları gözlənilməz oldu.

Siyasətçi  sorğumuza cavab olaraq bildirdi ki, çox az hallarda mətbuatı izləyir.(?) Hörmətli sədr mətbuat xidmətinin rəhbəri ona nəyi məsləhət bilsə, həmən yazını da oxuyur. Bəzən də qəzetləri özü demişkən “vərəqləyir”... Yox, yaxşısı budur qoy Araz bəy özü desin: “Mətbuat xidmətim desə ki, hardasa maraqlı yazı var, onda oxuyuram. Hərdən isə qəzetləri vərəqləyirəm”. Doğrusu siyasi partiya rəhbərinin bu formada cavabı əgər hər hansı bir avropalıya müsahibəsində desə idi, yəqin ki, əcnəbi qonaq stuldan yerə yıxılardı. Amma bura Azərbaycandır. Ardını oxuyun.

 

“Ötən həftə ərzində oxuduğunuz qəzetlərdə hansı müəllifin yazısı diqqətinizi çəkdi” sualına A.Əlizadənin cavabı lap Ceyms Bondsayağı oldu: “Müəlliflər məlumdur, hesab edirəm ki, mətbuatda olan jurnalistlərin 80%-nin potensialı zəifdir”. Oxumur bizi Araz bəy, heç oxumur... Bir gənc jurnalist kimi mediada keçəcək ömrümün mənasızlığna əminlik yaranırdı ki, işıq ucu hiss etdim... Yox, hər şey tamamilə məhv olmayıb. Araz bəyin oxuduğu yazarlar var imiş... Şükür! Araz Əlizadə sevinc hisslərini yaşayan bəndənizə sanki ürək-dirək verirmiş kimi dayanmadan bir neçə ad sadaladı: Zamin Hacı, Ələkbər Həsənov, Zaur Rəsulzadə... ASDP həmsədri bu jurnalistlərin yazılarını daim izləyir. Qeyd edim ki, köşə yazarı olan Zamin Hacını çıxmaqla digər iki həmkarım rus dilində yazı istemal edir. Bundan başqa dəyərli siyasətçimiz “Day.az”, “Vesti.az” elektron  portallarını da izləyir...

Ölkə solçularının liderindən bu o qədər də cazibədar görünməyən cavablar aldıqdan sonra digər respondentə zəng vurduq. Hə, məncə “Avropa dəyərlər sisteminin ardıcıl müdafiəçisi” imici ilə Milli Məclisdə şəstlə gəzən, “Facebook”da dinc və nadinc “kommentlər” qoyan, gənclərin dostu və mühafizəkarların düşməni olan Asim Mollazadə şok cavabları solçu üçün nümünə olar... Amma əfsuslar.. Deputat Asim Molazadə bir qədər diplomatik pauzadan sonra bildirdi ki, daha çox internet qəzetləri izləyir. Belə, deməli kağız vərəqləmək millət vəkili üçün köhnəlik qalığı imiş. A.Mollazadənin diqqətini ölkə daxilində “Milli.az” və “Day.Az” xəbər portaları, xarici mətbuatdan isə “BBC” və “Reatures” agentliklərinin informasiyaları daha çox cəlb edir. Araz Əlizadədən fərqli olaraq Asim bəy məlumatları özü seçib oxuyur. Amma demək olmaz ki, liberal dəyərlər carçısı sayılan Asim Mollazadə “keçmişin qalığına”-qəzetə heç baxmır. Bəzən belə xoşbəxt dəqiqələr baş verir. O zaman deputat yalnız maraqlı yazılara baxır. Özü də belə yazılar onun diqqətini cəlb edərsə. Yazını oxuyub qurtardıqdan sonra (və maraqlıdırsa) Asim bəy jurnalistin imzasına baxır...

 

Ötən həftəyə gəlincə Asim Mollazadə hesab edir ki, geridə qoyduğumuz yeddi gündə ölkə mətuatında onun diqqətini cəlb edən xüsusi bir yazı olmayıb. Vəssalam. Olmayıb. Dünya miqyasında isə önəmli hadisə Yaponiyada baş verən zəlzələ deputatın diqqətini cəlb edib. 

Asim bəylə o qədər də nikbin alınmayan söhbətdən sonra üz tutdum QHT sektoruna... Ürəyimdə “siyasətçi, deputat qəzet oxumursa, bir jurnalist tanımırsa, QHT-lər yəqin ki, heç üzünə də baxmırlar” deyə düşünərək ovqatım təlx halda “İnam” Pülürazim Mərkəzinin rəhbəri Vahid Qazini yığdım.. “Alo” səsindən sonra sualı birnəfəsə verib möcüzə baş verməyəcəyi hissi ilə diktofonun düyməsini basdım. Vahid Qazinin “ötən həftə ölkə mətbuatını qismən izləmişəm” sözləri məni həyəcanlandırdı. Deyəsən ümid işığı dumanlı da olsa, görünürdü. Bəli, elədir ki, var. Vahid bəy həftə ərzində biz jurnalistlərin xoşluqla-məcburi izlədiyi (neyləməli, işimiz bunu tələb edir) hadisələri sadalamağa başladı. Yox, deməli ümid etməyə dəyərmiş. Vahid Qazi vurğuladı ki, internet qəzetləri daha çox izləyir. Hesab edir ki, ötən həftənin ən mühüm hadisələri  gənclərin “11 mart böyük xalq günü”  adlı aksiyanın keciriləcəyi ilə bağlı informasiyalar və prezidentin müşavirəsi, yumurtanın qiymətinin düşməsi, sənədsiz evlərin siyahıya alınması ilə bağlı olan xəbərlərdir.

V.Qazi bildirdi ki, daha çox informasiya xarakterli yazılara üstünlük verir. Bununla belə Zamin Hacının köşə yazılarını daim izləyir. Ötən həftə ərzində bu müəllifin yazısı müsahibimizin yadında qalan yazıdır. Amma, V.Qazi bildirdi ki, yazının başlığını unudub. Eybi yoxdur, Vahid bəy, siz heç olmasa oxumusunuz,vərəqləmisiniz... Heç olmasa yazını yadda saxlamısınız.. Bunu uğur hesb etmək olar.. İlahi, davamı lap məni göylərə qaldırdı.

Vahid Qazi həftə ərzində  “kağızları da vərəqləyib”-qəzetləri oxuyubmuş. QHT rəhbəri bir-birinin ardınca qəzetlərin bizə doğma olan adlarını sadalayırdı. Məlum oldu ki, Vahid bəy

“Müsavat” (məncə bu “Yeni Musavat”dı),  “525-ci qəzet”in və “Kaspi” qəzetlərinin yalnız şənbə buraxılışlarını,  ”Reytinq” qəzetinin bazar buraxılışını mütəmadi izləyir. (Maraqlıdı, niyə yalnız həftəsonu çıxan qəzetlərə belə həvəskardı), ”Zerkolo” qəzeti” onun daim izlədiyi qəzetdir.  İnternet portallara gəlincə isə V.Qazi bildirdi ki, “Mediaform”, “Lent.az”, “Modern.az”, “1news”, “Kult.az” saytlarını daim izləyir. “Bəs müəlliflər necə? Onları tanıyırsınızmı?” deyə titrək səslə ondan soruşuram. Sonra susuram. Bu xoşbəxt anların bitəcək qorxusu ilə özləyirəm.

V.Qazi diplomatlarsayağı cavabı qısa olur: yazıların müəlliyi də onun üçün önəm daşıyır. Vəssalam. Elə bu qədər. Ad-filan yadda qalmayıb.

 

Oradan üz tutram tanınmış bəstəkarımız Faiq Sücəddinova... Ondan aldığım lakonik cavabalar isə mənə Sparta əzabını xatırlatdı”: “Ya qalxanla. Ya da qalxan üstə”... Faiq bəy sərt şəkildə dedi ki ümumiyyətlə mətbuatı izləmir. Xalq artisti üçün milli mətbuat maraqsızdır, cənablar! Onu hansısa jurnalistin araşdırmasını oxumaqdansa, Yaponiyada sunami kadrlarını izləmək daha uyqundur.. Yəni xəbərlər onun üçün əhəmiyyətlidir.

 

“Bunu söyləyib dəstəyi asdı”... Hardasa oxuduğum hekayənin son cümləsi yadıma düşdü.. Faiq bəyin quru “sağ olun”dan sonra qulağımda qalan “duud,duud” səsləri həmin sözləri mənə xatırlatdı... Yox, ola bilməz ki, məmləkətdə jurnalist yazısı oxuyub adını yadında saxlaya bilən olmasın... Bu fikirləri beynimdə “atıb-tutaraq” yazını necə xilas etməyi düşünürdüm..  Kimə zəng etməli, kimə? Birdən nədənsə “Bakı –Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevi xatırladım. Onu sonuncu dəfə TV-də, Slavyan Unversitetində olan tədbirdə görmüşdüm. Mətbuat rəhbəri kimi gənc jurnalistlərlə görüşən KİVDF rəhbərliyi onu qəzet rəhbəri kimi ora aparmışdı.. Orada Aydın müəllim gənc jurnalistlərə iş verəcəyini vəd edərək oxucular üçün yaxşı yazıların vacib olduğunu demişdi... Aydın müəllimə (nədənsə bəy yaza bilmədim) xitabən onun fikirlərini bilmək istədim... Təəccübümə rəğmən Aydın müəllim mənə dedi ki, daha çox informasiya xarakterli yazıları oxuyur, yazını oxuyarkən müəllifə xüsusi olaraq diqqət ayırmır. Daha çox mövzunun nə dərəcədə əhəmiyyətli olmasına önəm yetirir. 

Ötən həftə isə baş redaktorun diqqətini çəkən xüsusi bir yazı olmayıb. Elə rəhbəri olduğu “Bakı-Xəbər” qəzetində də “dişə vurulası” bir yazı olmayıb. Amma buna baxmayaraq çörəyi KİV-dən çıxan bir adam kimi ölkədə gündəlik nəşr olunan bütün qəzetləri-dövlət, müxalifət, müstəqil qəzetləri izləyir. Xəbər agentliklərini və portalları da öz yerində olmaq şərti ilə...

Maraqlı mənzərə ortaya çıxıb: jurnlalist yazıları əhəmiyyətsiz olub nədir? Belə çıxır ki, KİV-də qələm qıran, klaviş taqqıladan jurnalistlərin yazıları tanınmış zatların marağına səbəb olmur. Məncə bu bardə ciddi düşünməyə dəyər. Hər halda bu layihə çərçivəsində gələcəkdə hökmən  o “qızıl oxucu ortasını” tapmaq niyyətindəyəm. Hökmən. Əminəm ki tapacağam....

 

Sədaqət SÜLEYMANOVA

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi