Modern.az

Siyasi partiyaların bölgə təşkilatları “ölüb” - Jurnalistlər səbəblərdən DANIŞIRLAR

Siyasi partiyaların bölgə təşkilatları “ölüb” - Jurnalistlər səbəblərdən DANIŞIRLAR

29 Dekabr 2016, 16:35

Azərbaycanda xeyli siyasi partiya fəaliyyət göstərir. Amma onların çoxunun rayon və şəhər təşkilatları yoxdur. Olanların isə bölgələrdəki fəaliyyəti hiss olunmur. Hətta həmin rayon və şəhərin əhalisi siyasi qurumun bölgə təşkilatının sədrini belə tanımır. Bu da təbii ki, bölgələrdə fəaliyyət göstərən bəzi partiyaların passivliyindən irəli gəlir.


Məsələn, götürək elə  Bakıya ən yaxın şəhər olan Sumqayıtı.Sumqayıtda olan bir neçə partiya sədri bunlardır:

Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev;

Müasir Müsavat Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Məleykə Məmmədova;

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər təşkilatının sədri Elnur Həsənov;

“Vəhdət” Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Vasif Əfəndiyev;

Azərbaycan Demokrat Partiyasının Sumqayıt təşkilatı ümumiyyətlə yoxdur.


Sumqayıtda yerləşən siyasi təşkilatların və onların sədrlərinin fəailiyyəti nə qədər aktivdir?


Məsələ ilə bağlı Modern.az saytı  bir neçə sumqayıtlı jurnalistin fikrini öyrənib.


Jurnalist Aida Eyvazlı  Azərbaycandakı bütün partiyaların formal xarakter daşıdığını bildirib.

“Yəni rus demişkən "dlya qaloçki" fəaliyyət göstərirlər. Əsas odur ki, onlara ayrılan pulları silsinlər. Bircə YAP şöbəsinin yığıncaqları haqqında hərdən saytlarda məlumat oxuyuram. Amma illər öncə evimizin yaxınlığında AXCP-nin şöbəsi var idi. Hətta jurnalist kimi dəvət alardım, gedib videosüjetlər də hazırlayardım. Bu o vaxtlar idi ki, televiziyalarda partiyaların fəaliyyətindən çox rahat şəkildə xəbərlər vermək olurdu. İndi televiziyalarda sözün əsl mənasında araqarışdıran məmurların və guya ki, özlərini "hakimiyyətə yaxın və ürəyiyanan" göstərən bəzi funksionerlərin ucbatından partiyaların fəaliyyəti efirlərdə görünməz oldu. Elə evimizin yanındakı AXCP-nin binasını da əlindən aldılar. Müsavat Partiyası heç bilmirəm indi haradadır... Hərdən bir “Vəhdət” Partiyasının Sumqayıt şöbəsinin sədri Vasif Əfəndiyevin proqnozlarını, ölkədə və ölkə xaricində baş verən hadisələrə münasibətini oxuyuram. Ancaq belə olmamalı idi”.

Jurnalist  deyir ki, müxalifətlə iqtidar arasında əslində bir düşmənçilik var və o, bunu hiss etməkdən təəssüflənir:

“Olmaz. İstər iqtidarı, istrsə də müxalifəti bu ölkənin vətəndaşı olmalıdırlar. Ölkənin inkişafı, sivil qanunlarla idarə olunması üçün çəkici bir yerə vurmalıydılar. Lap elə Türkiyədə olduğu kimi. İqtidarla müxalifətdəkilər bir-birini siyasi müstəvidə sevməsələr də, işdən ayrılandan sonra bir-birinin xeyir-şərində iştirak edirlər. Belə bir görüntü yaranır ki, hər kəs ancaq hakim partiyadan olarsa, hörmətli olur. Əslində müxalifət partiyaları  yox kimi görünür. Ölkə onda inkişaf edər ki, ciddi müxalifəti olsun, iqtidara onun səhvlərini göstərəndə, iqtidar da xalqın mənafeyinə uyğun olaraq, nəticə çıxarsın. Bəzən hər iki tərəf - iqtidar və müxalifət cəbhələri bir birini qınayırlar. Müxalifət iqtidar partiyasındakıları  korrupsiyada, ikincilər isə onları satqınlıqda suçlayırlar. Hər ikisinin bu qınaqlarının da əsası var.  Mən çox arzu edərdim ki, 2017-ci il Azərbaycan dövləti üçün uğurlu olsun, istər iqtidar, istərsə də müxalifət düşərgəsindəkilər əl-ələ verib, bir bayraq, bir dövlət ətrafında birləşib, öz mənafeləri üçün deyil,  xalqın mənafeyi üçün çalışsınlar. Belə olarsa, müxalifətin də fəaliyyəti görünər. İndi görünənlər isə fəaliyyət deyil”.


Xəbərlə.com saytının baş redaktoru Elnur Ağayev vaxtilə Sumqayıtda siyasi partiyaların müəyyən fəallığı ilə seçildiyini deyib.

“Amma bu, əsasən seçkilər dövrünə təsadüf edirdi. Milli Məclisə seçkilər zamanı siyasi partiya nümayəndələri vədəndaşlarla daha çox işləməyə başlayır, hesabat konfransları, sədrlik iclasları barədə məlumatlarla ictimaiyyətin diqqətini cəlb etməyə çalışırdılar. Amma son vaxtlar onların fəaliyyəti nəzərə çarpmır. Açığı, elektorat baxımından da bu partiyaların ciddi problemləri var. Hazırda Sumqayıtda yalnız hakim partiya olan YAP-ın tədbirlərinin aktivliyinin şahidi olmaq mümkündür. Müxalifət partiyalarının fəaliyyəti bir vətəndaş kimi məni qane etmir”.


Digər jurnalist Natiq Cavadlı bildirib ki, Azərbaycanda partiyalaşma prosesinin əyalətlərə çatmasında Sumqayıtın öndə olduğunu söyləsə, yanılmaz:

“1992-ci ildə Milli İstiqlal Partiyası ilk yerli təşkilatını Sumqayıtda yaratdı və onun qərargahının açılışında icra başçısı Yusif Sevdimalıyev də iştirak edirdi. Təsəvvür edirsiniz, ana müxalifət partiyasının yerli qərargahının açılışı olur, icra başçısı təşrif buyurur və sədr Etibar Məmmədovla yanaşı açılış edir. Son 23 ildə belə hadisəyə rast gəlmisinizmi, məncə, yox.
1992-ci ilin noyabrından sonra Sumqayıtda YAP-ın yerli təşkilatı yaradıldı və bu partiyaya da şəhərin mərkəzində ofis verildi. Ardınca Ana Vətən, Müsavat və digər partiyaların yerli təşkilatları təsis olundu.
1993-cü ildən sonra proses bir qədər zəifləsə də, 2003-cü ilə qədər normal gedirdi. Sonradan naməlum siyasi hadisələr əyalətlərdə partiyaların yerli təşkilatlarını sıradan çıxartdı. Səbəblər müxtəlifdir, hakimiyyətin təzyiqləri, insanların ölkəni tərk etməsi və s.
Hazırkı dönəmə gələk, həmin AMİP-in məlum qərargahının qapısı 10 ildən çoxdur açılmır, yerli təşkilatın fəaliyyəti isə sıfırdır. Sədr Dünyamin bəydən xəbər yoxdur.
AXCP-nin, Müsavatın yerli təşkilatlarının qərargahları yoxdur. Sonuncular şəhərin keçmiş icra başçıları Vaqif Əliyev və Eldar Əzizovun dövründə qərargahdan məhrum olunublar. Toplandıqları yerlər ya çayxana, yaxud da üzvlərdən kiminsə həyət evi olur. Belə olanda onlar sərbəst konfranslarını keçirə bilmirlər, ictimaiyyətlə təmasları zəifləyir və marginallaşma güclənir. Məsələn, KXCP-nin sədri vardı, Nizami bəy, işsizlik səbəbindən başqa rayona köçdü və siyasətdən uzaqlaşdı. Yüzlərlə müxalifətçi sosial çətinlikdən ölkəni tərk edibsə, hansı fəallıq ola bilər? Yəni belə misallar çox çəkmək olar.
Hakim partiyaya gəldikdə, YAP yerli İcra Hakimiyyətinin əlavəsinə çevrilib, partiyadan çox rəsmi dövlət qurumuna oxşayır. Məsələn, siz YAP-ın Sumqayıt təşkilatının qərargahına gedib reportaj hazırlaya bilməzsiniz, gərək ya mərkəzdən, ya da İcra Hakimiyyətindən icazə alınsın”.

 

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir