Modern.az

Fuad Muradov: “Bu il yayda büdcəyə baxılarkən bu məsələ öz həllini tapa bilər”

Fuad Muradov: “Bu il yayda büdcəyə baxılarkən bu məsələ öz həllini tapa bilər”

15 Mart 2011, 19:30

Bu gün Milli Məclisdə YAP-çı deputatlar Azərbaycanda mənzili olamayan insanların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra təkliflə çıxış ediblər. Qeyd edək ki, bu məsələ bir müddət öncə Gənclər Təşkilatları Milli Şurasının sədri, millət vəkili Fuad Muradov tərəfindən də qaldırılmışdı. O zaman deputat mənzil məsələsi ilə bağlı gənclərə xüsusi diqqət artırılmasının istəmişdi.

 

Modern.az saytına açıqlamasında Fuad Muradov bildirib ki, Milli Məclisdə bir YAP-çı deputatlar xüsusən də, hakim partiyanın icra katibi Əli Əhmədov bu məsələ ilə bağlı konkret rəqəmlər açıqlayıb və bütövlükdə Azərbaycanda insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində hökumətin xüsusi bir proqram hazırlaması təklifini irəli sürüb.

 

“Təbii ki, bu çox yaxşı bir ideyadır. Artıq bu məsələ tək gənclərə deyil, bütövlükdə Azərbaycanda mənzili olmayan insanlara şamil ediləcək. Bununla bağlı araşdırmalar aparmağa ehtiyac duyulur.YAP-çı deputatların bu məsələyə böyük dəstəyi görünür. Bu il yayda büdcəyə baxılarkən məsələ öz həllini tapa bilər. Qeyd edilən istiqamətdə vəsaitin ayrılması mümkün ola bilər”.

Millət vəkili qeyd edib ki, bütün dünyada qlobal maliyyə böhranı baş verdiyi şəraitdə Azərbaycan hökuməti maksimum şəkildə bunun qarşısını almağa çalışıb: “Diqqət edin Sabirabadda və eləcə də Kürsahili zonalarda baş verən daşqınlar nəticəsində Azərbaycana nə qədər ziyan dəydi və təbii fəlakətin aradan qaldırılmasında Azərbaycan külli miqdarda vəsait sərf elədi. Ona görə də, hesab edirəm ki, bu il mənzil məsələsi ilə bağlı qaldırılan məsələ öz həllini tapacaq”.

 

F.Muradov qeyd ediib ki, bu gün Milli Məclisin iclasında vaxt məhdudiyyəti ilə əlaqədar olaraq çıxış edə bilməyib. “Mən Milli Məclisdə çıxış edə bilmədim. Vaxt olsaydı mən digər məsələlərə də münasibət bildirəcəkdim. Bir neçə təkliflə çıxış edəcəkdim. Bu təkliflər əsasən Gənclər Fondunun yaradılması və eyni zamanda regionlarda Gənclər Mərkəzinin yaradılması ilə bağlıdır. Bu mərkəzlərin gənclərin asudə vaxtlarının səmərəli keçməsində, o cümlədən onların intellektual cəhətdən inkişafında mühüm rolu ola bilər”.

 

Millət vəkili daha sonra təhsillə bağlı bəzi iradlarını bildirib: “Bildiyimiz kimi, demək olar ki, hər il Azərbaycanda tələbələrin ali məktəbə qəbul qaydalarına dəyişiklik edilir. Bu dəyişiklik bəzən imtahanlara az vaxt qalmış qəbul edilir. Hesab edirəm ki, bundan sonra belə bir dəyişiklik olacaqsa, zamanında abituriyentlərə çatdırılmalıdır. Hər halda, düşünürəm ki, bu məlumatların gec çatması nəticəsində abituriyentlərimiz xeyli geri qalırlar. Ona görə də, ediləcək dəyişikliklər haqda zamanında və bir az da tez məlumat vermək lazımdır”.

 

Fuad Muradov onu da qeyd edib ki, bu yaxınlarda Azərbaycan Tibb Universitetinin V kurs tələbələrinə 11 il oxuyacaqları ilə bağlı məlumat verilib.

“Hətta élan ediblər ki, siz rezidenturanı da oxuyacaqsınız. Halbuki, həmin gənclər buna hazır deyildi. Özünü psixoloiji cəhətdən buna hazır bilməyən tələbəyə belə təklif etmək onlar üçün müəyyən sarsıntı yaradır. Ona görə də, hər bir yeniliklə bağlı gənclərə vaxtında məlumat vermək lazımdır”-deyə F.Muradov əlavə edib. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!