Modern.az

Qardabanidəki sonuncu Azərbaycan dilli bağçadan reportaj

Qardabanidəki sonuncu Azərbaycan dilli bağçadan reportaj

6 Noyabr 2009, 09:40

ƏHALİSİNİN 44 FAİZİ AZƏRBAYCANLI OLAN RAYONDA AZƏRBAYCANCA TƏHSİL NİSBƏTİ 0 FAİZDİ

Gürcüstanın Qardabani rayonunda Azərbaycan dilli sonuncu uşaq bağçası bağlanıb. Artıq Qardabani şəhərinin özündə və kəndlərində Azərbaycan dilində məktəbəqədər təhsil verən bağça və ya hansısa bağçada bir qrup yoxdur.

Rayonun 117 minlik əhalisinin 53 faizi gürcü, 44 faizi azərbaycanlı, 0,9 faizi erməni, bir o qədəri də ruslar, 0,2 faizi yunanlardı. Qardabani keçmiş Borçalı ərazisində, Qarayazı düzündə yerləşir. Rayon 1938-ci ildə təsis edilib və 1947-ci ilədək Qaratəpə adlanıb. Paytaxt Tiflisdən 42 km-lik məsafədə yerləşir.

Gürcüstanda bağça təhsili məcburidi. 2008-2009-cu tədris ilində rayon mərkəzində - Qardabani şəhərindəki 1 nömrəli bağçada Azərbaycan dilli bir qrup olub. Növbəti tədris ilindən isə artıq bağlanıb. Bağçanın müdiri Gülsənəm İsmayılova Modern.az-a deyib ki, rayonun İcra Hakimiyyətindən onlara qrupu bağlamaq barədə göstəriş gəlib: “O boyda rayonda bircə bu bağçada cəmi bir azərbaycan qrupu varıydı, onu da bağladılar. Bütün rayondakı azərbaycanlılar uşağını bura gətirirdi”.

Bağça müdiri təklif edir ki, heç olmasa hansısa digər bağçada bir Azərbaycan dilli qrup olsun. Azərbaycanlı uşaqlar 5 yaşınadək öz dillərini öyrənsinlər, daha sonra məktəbdə gürcü dilini öyrənə bilərlər. Gülsənəm İsmayılova söyləyir ki, əks təqdirdə ana dilini öyrənmədən gürcü dilində dərs alan və danışmağa başlayan azərbaycanlılar öz dillərini get-gedə unudarlar.

Bu bağçada oxuyan 5 yaşlı Ruslan Şıxıyevə də öz ana dili yox, üçüncü bir dil daha asan gəlir: “Rus dili hamsınnan asandı. Mən rusca danışmağı xoşlayıram”. 1 nömrəli bağçada oxuyan 130 uşağın 125-i azərbaycanlıdı. Onların hamısı bağçada gürcü dilində, evlərində Azərbaycan dilində danışırlar. İnarə, İlham, Sina, Ramin, Aysel, Kamil, Elnarə, Elnar, Tapdıq, Tamerlan və onların bağça yoldaşlarının hər biri hər iki dildə 10-a qədər saya bilir. Azərbaycanca evdə sayıb bağçaya gürcü dilində saymağa gəlirlər. Təkcə 5 yaşlı Vüsalə Əliskəndərovadan başqa. O, Azərbaycanca 100-dək sayır: “Musurmanca öydə öyrənmişəm, burda gürcücə öyrədirlər” (Gürcüstanda yaşayan azərbaycanlıların bir hissəsi azərbaycanlıya “müsəlman” sözünün təhrif olunmuş forması ilə “musurman”, azərbaycan diliniə isə “musurmanca” deyirlər – V.B.).

Bağlanan bağçanın müdiri Gülsənəm İsmayılova Azərbaycan dilində təhsilin ləğv olunmaması üçün çox çalışdığını, lakin İcra Hakimiyyətində işləyən soydaşlarımızdan “sən nəyə görə Azərbaycan dillli qrupun olmasında maraqlısan?!” cavabını aldığını deyir. Bir də rəsmi şəkildə bir cavab aldığını söyləyir – ona ərizəsini yazaraq işdən çıxmaq təklif olunub.

Uşaqlar isə bağçadan ayrılarkən Modern.az-ın əməkdaşını hər iki dildə yola salıblar. Onlar, həm “Sağol!”, həm də “Naxvamdis!” deyərək əl ediblər...  

Sonuncu Azərbaycan dilli bağça

 

Bağçanın adı üzərinə gürcücə yazılıb, burada artıq təhsil də yalnız gürcü dilində verilir

Bağça müdiri Gülsənəm İsmayılova: "Mənə deyirlər nəyə görə Azərbaycan dillli qrupun olmasında maraqlısan?!”

 

"Biz azərbaycanca evdə sayırıq, bağçaya gürcü dilində saymağa gəlirik"

Onlar Azərbaycan dilində 10-a qədər güclə saya bilirlər

 

Ruslan Şıxıyevə öz ana dili yox, rus dili daha asan gəlir: “Rus dili hamsınnan asandı. Mən rusca danışmağı xoşlayıram"

100 qədər saya bilən 5 yaşlı Vüsalə Əliskəndərova: “Musurmanca öydə öyrənmişəm, burda gürcücə öyrədirlər”

 

“Sağol”.., "Naxvamdis!”...  

“Sağol!”.., "Naxvamdis!”... 

Vüqar Baba Gürcüstan, Qardabani

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir