Modern.az

Mənim Universitetim

Mənim Universitetim

Media

17 Mart 2011, 14:28

ADU-nin ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə tələbələr arasında inşa yazı müsabiqəsi keçirilib. “Mənim Universitetim” və “Bu günün tələbələri sabahın...” mövzüsunda təşkil olunan müsabiqənin qaliblərini universitet rəhbərliyi mükafatlandırıb. Universitetin tələbəsi Aygül Əlibəyli “Mənim universitetim” mövzusu üzrə yazdığı yazı ilə II-ci yerə layiq görülüb. Modern.az həmin yazını oxucularına təqdim edir. 

Mənim Universitetim!!! Belə bir deyim var:"Uşaqlar susmağı öyrənmək üçün məktəblərə, yüksək səslə danışmağı öyrənmək üçün isə universitetlərə üz tuturlar".

Azərbaycan Dillər Universitetində təhsil alıram. Çoxlarının şərəflə daşıdığı tələbə adını daşımağımla mən də qürur duyuram. Xüsusilə, Azərbaycan Dillər Universitetinin tələbəsi olduğum üçün.

Tərcüməçi və ya ingilis dili müəlliməsi olmaq çoxdankı arzum idi. Universitet seçimim isə anamın məsləhəti ile reallaşdı. Çünki anam da bu təhsil ocağının məzunudur və yaxşı bilirdi ki, heç bir təhsil müəssisəsi bu universitet kimi təhsil verə bilməz.

Valideynlərim tez-tez tələbəlik illərindən danışardılar. Atam yalnız aldığı biliklərdən, təcrübələrdən danışanda, anam həm də müəllimlərini də xatırlayırdı. Oruc Musayevi, İsmixan Rəhimovu mən artıq şagird ikən tanıyırdım. Anamın müəllimlərinin adlarını bu cür sevgi ilə çəkməsini özünün də müəllim olması ilə əlaqələndirirdim. Sözsüz ki, onların əsil pedaqoq olmaları  isə əsas səbəb idi.

Anamın sözləri məni həmişə təəccübləndirirdi:"Bizim insitutda rüşvət yoxdur". Mənə çox qəribə gəlirdi. Necə ola bilər ki, o cür universitet ola, amma rüşvət olmaya. Çünki həmişə eşidirdim ki,"rüşvətsiz universitet olmur". Vaxtilə anamın sözlərinə inanmırdım, indi də özüm başqalarını  inandırmaqda acizəm.

Məktəbdə bütün tədbirlərin fəal iştirakçısı, əlaçı olmağıma baxmayaraq tələbə olmaq mənə əlçatmaz idi. Özünəinamsizlıq məni rahat buraxmırdı. Məni mənə tanıdan, özünəinam yaradan məhz bu universitet oldu. Əminəm ki,başqa universitetdə təhsil alsaydım belə olmazdı. Çünki bu müəllimləri tanımayacaqdım.

Təhsilin səviyyəsi yüksəkdir. Dərslərimiz həm həyatiliyi, həm elmiliyi ilə seçilən diskusiyalarla aparılır. Bu müəllimlərimizin yüksək keyfiyyətlərindəndir.Başda rəhbərlik

olmaqla, müəllimlərimiz hər birimizin fikirlərinə hörmətlə yanaşırlar.

 Keçən il universitetimizdə yüksək standardlara cavab verən Amerika Mərkəzinin açılışı oldu. Bu,universitetimizi digərlərindən fərqləndirən əsas cəhətlərdən biridir. Digər bir cəhət kimi kredit sistemini misal göstərmək olar. Kredit sistemi ilk dəfə bizim universitetdə tətbiq edilib.

Nəinki universitet, hətta fakültəmiz də digərlərindən fərqlənir. Hər semestrin nəticələrinə uyğun olaraq dekanlıq əlaçı tələbələri "Deans honor list"lə mükafatlandırır.

Bəzən magistrlarla söhbətlərimiz olur. Onlar bu universiteti bitirməklə magistr adının qazanılmasımn asanlığmı xüsusi qeyd edirlər. Bu, təhsilin səviyyəsinə işarədir.

Hərdən düşünürəm və belə bir qərara gəlirəm ki, insan mövcud şəraitdə çox şeyin dəyərini anlamır və bu azmış kimi hadisələrə tənqidi reaksiya verir. Gərəkdir ki, hər şeyə kənardan baxmağı öyrənəsən. Elə bu an hər şey aydın olur.

Birinci kursda oxuyarkən müəllimlərin çox tapşırıq verməyi heç xoşumuza gəlmirdi. Amma indi о müəllimlərə necə təşəkkür edəcəyimizi bilmirik.Yaxşi ki, o tapşırıqlar çox idi və biz mövzuları dərindən anlayırdıq.

Sevinirəm ki, nə anam, nə də mən bu universiteti seçməyimizdə yanıldıq və çox xoşbəxtəm ki, Azərbaycan Dillər Universitetinin tələbəsiyəm.

  

Aygül ƏLİBƏYLİ

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır