Modern.az

Xarici turistlər Azərbaycanı dəstəklədi

Xarici turistlər Azərbaycanı dəstəklədi

4 Sentyabr 2009, 13:02

Azərbaycanın xarici ölkələrdə təbliği, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıtmasına kömək göstərilməsi təkcə dövlətin işi deyil. Bunun üçün qeyri-hökumət təşkilatları, ayrı-ayrı şəxslər, bütövlükdə cəmiyyət çalışmalıdir.

Bir neçə gün öncə Türkiyənin böyük turizm bölgələrindən olan Antalya və Alanya şəhərində “İnsanlıq naminə diqqət” adlı broşür çap olunaraq xarici turistlərə paylandı. Azərbaycan Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə hazırlanmış broşürlər türkiyəli jurnalistlər tərəfindən çap edildi.
Əvvəlcədən broşürlərin çap olunaraq paylanmasında rolu olan insanlara - Milli Məclisin iqtisadi siyasət komitəsi sədrinin müavini Çingiz Əsədullayevə və BA-TUR Turizm Səyahət və Yatırım AŞ-nin baş direktoru Xudaverdi Məmmədbəyliyə və millət vəkili Əkrəm Abdullayevə minnətdarlığımı bildirirəm. Çünki məhz onların yardımı sayəsində biz bu işin öhdəsindən gələ bilmişik.
Qeyd edim ki, türk, ingilis, alman, fransız və rus dillərində çap etdirdiyimiz 10 min ədəd broşür Türkiyədə geniş əks səda doğurub. Əcnəbi turistlərin əksəriyyəti poetik üsulda hazırlanmış materialı oxuduqdan və broşürdəki şəkillərə baxdıqdan sonra humanity.az saytına daxil olur, Dağlıq Qarabağ və Azərbaycan xalqının başına gətirilmiş müsibətlərlə tanış olurdular. 

“İNSANLIQ NAMINƏ DIQQƏT” TÜRKIYƏ MƏTBUATINDA

Broşürlərin çapı və paylanması ilə əlaqədar Türkiyənin nüfuzlu qəzet, jurnal, agentlik və televiziyalarında məlumatlar yayıldı. Broşürlərin çapına və yayılmasına kömək göstərmiş insanların rəylərini  diqqətə çatdırmaq istəyirəm.
Çingiz ƏSƏDULLAYEV (Milli Məclisin iqtisadi siyasət komitəsi sədrinin müavinin) deyir: “Azərbaycanın xarici ölkələrdə təbliği, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı  həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı həyata keçirilən tədbirləri birmənalı olaraq alqışlayıram. Mən özüm də bacardığım qədər xarici ölkələrə səfərlər, keçirdiyim görüşlər zamanı Azərbaycanın inkişafı, regiondakı irimiqyaslı layihələrin həyata keçirilməsindəki rolu və üzləşdiyi problemlər, eləcə də Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın, eləcə də parlamentin bu problemin həlli istiqamətində gördükləri işlər barədə məlumatlar verirəm. Jurnalist təşkilatının bu layihəsini də dəstəkləyirəm, bunu alqışlayıram. Çünki, bu ümumxalq işdir. Hər bir azərbaycanlı, vətənini sevən şəxs bu işdə əlindən gələni etməlidir”.
Xudaverdi MƏMMƏDBƏYLİ (BA-TUR Turizm Səyahət və Yatırım AŞ-nin baş direktoru, Türkiyədə iş adamı) isə deyir ki,  Azərbaycanımızın təbliği harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının əsas fəaliyyət istiqaməti olmalıdır: “Mən bu layihəni eşidəndə çox sevindim və yardım edəcəyimi bildirdim. Düşünürəm ki, biz bir qədər gecikmişik. Amma necə deyərlər, gec olsun, güclü olsun. Azərbaycandan kənarda yaşasam da ürəyim Vətənimə bağlıdır. Azərbaycanım üçün əlimdən gələn hər şeyi etməyə hazıram.
Buralarda hər il 100 minlərlə xarici ölkə vətəndaşı dincəlir. Qoy hamı bilsin ki, Azərbaycanın problemi var. Zorla müharibəyə cəlb olunmuş Azərbaycanda minlərlə gözüyaşlı ana, uşaq var. Onlar nəinki gəlib buralarda və ya dünyanın digər bölgələrində istirahət edə bilmirlər. Erməni işğalına görə heç öz doğma torpaqlarına belə dönə bilmirlər. Bu broşürləri oxuyan turistlər öz ölkələrində yaşayan ermənilərə təsir göstərə, onları işğalçılıq siyasətindən çəkindirməyə və sülh şəraitində yaşamağa sövq edə bilərlər. Eyni zamanda, bu, bir təbliğat vasitəsidir”.
Mehmet ƏLİ DİM (AQC idarə heyətinin sədri, “Yeni Alanya” qəzetinin baş redaktoru) bildirib: “Qardaş Azərbaycanın üzləşdiyi problemin həlli istiqamətində atılan hər bir addımı dəstəkləyirik. Bu gün həm Türkiyə, həm də Azərbaycan müxtəlif problemlərlə üzləşib. Bu problemlər türk dövlətlərinin inkişafına mane olmaq məqsədilə süni şəkildə yaradılıb. Şimali Kipr, PKK, Dağlıq Qarabağ və s. Bütün bunlar bizim artan nüfuzumuza, inkişafımıza qarşı yönəlib. Görünür kimlərsə türk dövlətlərinin möhkəmlənməsindən bərk qorxurlar. Amma biz öz gücümüzü bir daha göstərib problemimizi həll edəcəyik. Bunun üçün ilk növbədə birliyimiz lazımdır. Biz Azərbaycan Parlament Jurnalistləri Birliyi ilə birgə əməkdaşlığa dair protokol imzalamışıq. Bu broşürləri çap edib əcnəbilərə yaymaqla azərbaycanlı qardaşlarımıza dəstək veririk”.
İndi isə broşürləri oxuyan və təəssüratlarını bölüşmək istəyən bəzi insanların fikirlərini diqqətə çatdırırıq.   
Türkiyə vətəndaşı  Yurdal Özkübat  broşürlərin yayılmasında, insanlarla ünsiyyət yaratmaqda mənə çox kömək göstərdi. İngilis və alman dillərini yaxşı bilən Yurdal bəy həm də türkiyənin nüfuzlu Milliyyətçi Hərəkat Partiyasının üzvüdür. Amma mənə kömək göstərəndə dedi ki, bunu bir qardaş kimi edir, partiya funksioneri kimi deyil. 
Yurdal Özkübat deyir ki, bizim qardaşlığımızı  sevməyənlər çoxdur: “Bizi parçalamaq, bir-birimizdən  uzaq salmaq istəyirlər. Zaman-zaman buna nail olublar. Sovetlər dövründə biz bir-birimizi görə bilmirdik. Amma sonunda hər şey dəyişdi. Öz kökümüzə döndük. Bu gün birliyimiz bizi sevməyənlərə dərd olub. Ona görə də Azərbaycanda  Qarabağ, burada isə PKK, Kipr problemi yaradıblar. Ermənilər və ermənikimilər də onların əlində alətə çevriliblər. İmkan verməməliyik ki, bizi  bir də ayırsınlar”.

ALMANLAR GERI DÖNDÜKDƏN SONRA AZƏRBAYCANI TƏBLIĞ EDƏCƏKLƏRINƏ SÖZ VERDILƏR

Ailəsi ilə Alanyada dincələn polşalı turist Kriştof  Olszak münaqişənin baş verməsindən və bu qədər uzun müddətə öz həllini tapmamasından təəssüfləndiyini bildirdi: “Mən öz ölkəmdə dövlət işində çalışıram. Ailəmlə dincəlirəm. Bilirəm ki, Polşa ilə Azərbaycan dost ölkələrdirlər. Bizim prezidentlərimizin qarşılıqlı səfərləri olub. Çox yaxşı haldır ki, dövlətlərimizin başçılarının yaxın dost münasibətləri var. Amma təəssüf edirəm ki, hələ də münaqişə davam edir. Doğrusu, elə bilirdim ki, münaqişə artıq həll olub. Amma bu, sadəcə atəşkəs imiş, təəssüf edirəm. Görünür mən atəşkəsi müharibənin bitməsi kimi başa düşmüşəm. Biz hansı dövrdə yaşayırıq. XXI əsrdi, amma insanlar qırılır, nahaq qanlar tökülür. Bir dövlət başqa bir dövlətin ərazisini işğal edir. Bu bağışlanılmazdır. Ermənistan niyə belə edir. Düşünürəm ki, problem tezliklə həll olunmalıdır. Azərbaycanlılar tezliklə öz torpaqlarına qayıtmalıdırlar. Dövlətlərin hamı tərəfindən qəbul olunmuş sərhədləri dəyişdirilə bilməz. Mən sizin bu missiyanızı da başa düşürəm və alqışlayıram. Siz bu yolla sadə vətəndaşlara öz sülhsevərliyinizi çatdırmaq istəyirsiniz. Yəqin ki, bunu oxuyan və başa düşən hər kəs ilk rastına çıxan ermənini sülhə çağıracaq”.
Şəkildə gördüyümüz bu gəncin adı Alandır. Onun ulu babası türkdür. Fransada doğulsa da Almaniyada yaşayır, tələbədir. Broşürü oxuduqdan sonra özü mənə yaxınlaşdı: “Mən bunu oxuduqdan sonra çox kədərləndim. Vərəqin aşağı küncündə göstərilən humanity.az saytına da baxdım. Biz dörd nəfər idik. Hamımız qərara gəldik ki, Almaniyaya qayıtdıqdan sonra Azərbaycanın təbliğinə başlayaq. Orada erməni gənclər də var. Onların bəziləri ölkələrindən qaçıblar. Biz təbliğat aparacağıq, necə deyərlər xalq diplomatiyası ilə məşğul olub, erməniləri sülhə dəvət edəcəyik ki, onlar da Ermənistanda yaşayan yaxınlarına təsir etsinlər. Düşünürəm ki, bu yolla qardaşlarıma kömək edə bilərəm. Axı mənim də damarımdan türk qanı axır”.

XARICI TURISTLƏR AZƏRBAYCANI DƏSTƏKLƏDI

Tatyana İvanova da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini qətiyyətlə pislədi: “Mən bir müddət Moskvada dövlət işində çalışmışam. Bir müddət  AzərTAc-ın materiallarını oxuyurdum. Orada da belə materiallara rast gəlmişəm. İndi düşünürəm, XXI əsrdi, görəsən insanlar nəyə can atırlar? Ermənistan niyə işğalçılıq edir? Amma siz də yaxşı bilirsiniz ki, bu təkcə Ermənistanın işi deyil. İşiniz haqq işidir”.
Almaniyadan gələn başqa turist Hans Rudolf da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən və işğalçılıq siyasətinin uzun müddət davam etməsindən narazılığını bildirdi: “Biz müharibənin nə olduğunu yaxşı başa düşürük. Odur ki, azərbaycanlıların halına yanıram və arzu edirəm ki, münaqişəniz tez həll olsun”.
Elə Londondan olan biznesmen, milliyyətcə ukraynalı olan gənc xanım Oksana da (familiyasını demir) münaqişənin uzanmasından narahat idi. O dedi ki, yaşadığı London şəhərində çoxlu azərbaycanlı tələbə var: “Onların bəziləri ilə dostluq edirik. Düşünürəm ki, sizin başladığınız iş hamının xeyrinə olacaqdır. İndi jurnalistlər silahı qələmlə əvəz ediblər ki, bütün dünya, sadə camaat işğalı qınasın, bəlkə tənə və qınaq erməniləri utandırdı və onlar da işğala son qoydular. Bunun nəticəsində də artıq qan tökülməyəcək. Mən alqışlayıram bu addımı və bu broşürlərdən bir neçəsini Londonda yayacağam”.

İNGİLİS ERMƏNİLƏRİ DANLADI

Broşürləri yayarkən maraqlı bir hadisə baş verşdi. Avqustun 27-də axşam saatlarında  Alanyanın mərkəzində idik.  Niyyətli insanlar, oruc tutanlar dükan - bazarı müvəqqəti bağlayıb iftar süfrəsi arxasında əyləşirdilər. Biz də Yurdal bəylə birlikdə ingilis turistlə söhbət edirdik. İngilis broşürü oxuyub qaytarmışdı. Sakitcə bizə və broşürə baxıb nə isə demək istəyirdi. Bu zaman əlində broşür tutmuş 2 nəfərin ucadan danışığı diqqətimizi çəkdi. Ermənilər idi onlar. Öz aralarında erməni dilində broşürə baxıb mübahisə edirdilər. Bizi görüb yaxınlaşdılar. Qəribə bir rus şivəsi ilə bu nədir, niyə insanların istirahətinə mane olursunuz deyib, bizə məzəmmət etdilər.
Sən demə ingilis də rus dilini bilirmiş. Bizdən əvvəl o ermənilərə cavab verdi: “Nədir xətrinizə dəyir? Yoxsa əməllərinizin yayılmasından narahatsınız. Mən hələ Azərbaycanı demirəm, siz İngiltərədə və Fransada da, Almaniyada da  aranı qarışdırırsınız. Heç sakit oturmaq istəmirsiniz. İnsan oğurluğu, bankları qarət etmək və s. Başa düşmürəm siz nə istəyirsiniz. Mən bu broşürü oxuyub qaytaracaqdım. Amma sizin bu hərəkətiniz məni fikirimdən daşındırdı. Gedin fikirləşin. Siz Gürcüstanda da torpaq davası edirsiniz. Bəs deyilmi?”.
Doğrusu, onun hirslə söylədiyi bu sözlər mənə xeyli ürək verdi. Gördüyüm mənzərəni necə ifadə edəcəyimi bilmirəm. Bu iki erməni çox gülünc vəziyyətə düşmüşdülər. Onun bu sözündən sonra ermənilər broşür əllərində, lal, dinməz geri döndülər. Elə bil islanmış cücəyə dönmüşdülər. Onu da deyim ki, broşürləri paylayandan sonra turistlər arasında qısa sorğu keçirdik. Rəyi soruşulan 60-dan çox turistin hamısı Azərbaycanı dəstəklədilər. Bəzi turistlərin isə Qarabağ münaqişəsindən xəbərsiz olduqlarını etiraf edirdilər. Onlar da məlumat aldıqca təəssüf hissi keçirdiklərini bildirir, Azərbaycanı dəstəkləyirdilər.

   Xətayi Əzizov

   Bakı-Alanya-Antalya-İstanbul-Bakı.   

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub