Modern.az

Tənzilə Rüstəmxanlı barda, diskotekada oynayanları QINADI  

Tənzilə Rüstəmxanlı barda, diskotekada oynayanları QINADI  

14 Yanvar 2017, 11:31

"Ziyalı ananın övladı da mütləq aydın düşüncəli olar"

 

Qloballaşan dünyada anaların çiynində daha ağır yük dayanır. Bir xanım XXI əsrdə övlad yetişdirmək üçün daha intellektli, daha diqqətli, daha savadlı olmalı, ən əsası analıq məsuliyyətini dərk etməlidir. Ancaq bu halda cəmiyyətə sağlam, əqidəli, savadlı, gələcəyə aydın baxışları olan insan verə bilər. Ancaq bu halda, yetişdirdiyi “meyvə”ni ləzzətlə dada, həm də fəxarət hissi duya bilər...Daha bəziləri kimi 30 yaşında oğlunun toyda “İran təranələri”nin sədası altında oynamağı ilə fəxr etməz. Ən azından adam ananın igidinin, ciyərparasının cansız bədəninin düşmən əlində qalmasını gözü qabağına gətirər... Gətirə bilmiriksə demək mənəviyyatımızı itiririk. Bəs, nədir mənəvi dəyərlərimizi bu qədər üstələyən?

 

 

Bu haqda Modern.az-a danışan Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib ki, buna səbəb cəmiyyətimizin mədəni səviyyəsinin get-gedə aşağı düşməsidir:

 

Cəmiyyət mədəni səviyyəsini itirir...

 

“Mən bunu konkret olaraq analara deyil, kişili-qadınlı cəmiyyətin bütün üzvlərinə şamil edirəm. Bu təkcə anaların deyil, cəmiyyətin problemidir. Bizim üçün müqəddəs dəyərlər vardı. Analar əvvəllər övladları ilə nə ilə fəxr edərdi.

Məsələn, bizim nəsil, üzü 60-cı illərə qədər analar övladı universitetə girsin deyə dəridən-qabıqdan çıxırdı ki, oğlu oxusun, qızı oxusun, ali təhsilli olsun. Mənim yadımdadır, rəhmətlik böyük qardaşım birinci ili universitet imtahanından kəsiləndə iraq olsun, o günü bizim evdə elə bil yas düşmüşdü.

Anam o qədər ağlamışdı ki... Atam qardaşımı bir həftə danışdırmadı. “Sən universitetə girmədin deyə mənim papağımı yerə soxdun, mən kənd camaatının içinə çıxa bilmirəm” deyirdi. Bax, inanın, mən bunu yaşamışam. Bu, bizə dərs oldu. Ondan sonra biz gecə-gündüz gözümüzün yağın yeyirdik ki, mütləq oxuyaq, yaxşı nəticələr göstərək. Mən universitetə girəndə atam bütün rayonda başı dik gəzirdi, anam fəxr edirdi. Hətta bizim şərəfimizə qonaqlıq verilmişdi. Oxumuş insan aydın olar, oxumuş insan ziyalı olar, hadisələrə düzgün qiymət verər, mədəni olar, kültür səviyyəsi yüksələr. Məhz bu insan cəmiyyətə yararlı olur. Ona görə də deyirlər oxumaq, oxumaq, qəbir evinə qədər oxumaq. Oxumaq bunun üçün önəmlidir”.

 

 

“İndi biznes-klassda alverçilər uçur”   

 

T.Rüstəmxanlı təəssüflə bildirib ki, bu gün qloballaşan dünyanın amansız qanunları ilə yaşayırıq:

“Biz, bir millət olaraq bizdən asılı olan və olmayan cəhətləri gözardı edirik. Dünyanın gedişatında, kapitalizmin amansız qanunlarının işlədiyi vaxtda mənəviyyatın yerini maddiyyat  tutmaqdadır. Bəlkə də bunu hiss etmirik, amma bu, reallıqdır. Bir zamanlar biznes-klassda xalq şairləri, yazıçıları, məşhurlar gedərdilər. İndi biznes-klassda ticarət alverçiləri, pulu çox olanlar gedir. Bu o deməkdir ki, mənəviyyatın yerini maddiyyat tutur. Bu, kapitalizmin çox acımasız qanunlarından birdir. Biz isə buna qarşı durmuruq, onun içində əriyib gedirik. Yenə deyirəm bu, təkcə anaların deyil, millətin problemidir.

 

“Övlad yetişdirmək ağır yükdür”

 

O qeyd edib ki, anaların cəmiyyət üçün yararlı övlad yetişdirmək kimi ağır yükü var:

“Mənəviyyat böyük bir mədəniyyətdir. Bir millət tarixdə böyük mədəniyyətləri, onun nümunələri ilə qalır. Bəzi millətlər var ki, onlar indi yoxdur, amma mədəniyyət nümunələri qalır. Məsələn, bu gün latınların hərfləri yaşayır. Bizans imperiyasından kim qalıb indi? Heç kim, amma tarixi abidələri qalıb. Bununla da onlar tarixdə yaşaya bilirlər. Buna görə də biz, mədəni səviyyəmizi yüksəltməliyik. Oxumuş ananın, aydın ananın, ziyalı ananın, mədəni ananın övladı da mütləq aydın düşüncəli olar. Analar o qədər çox önəmlidir ki... Bunu milyon dəfələrlə demişəm, bir daha təkrar edirəm. Bir millət tarixdə dili, dini, mədəniyyəti ilə qalır. Ana dili niyə deyirik? Övlada dili ana öyrədir. Niyə ata dili demirik? Çünki bu, anadan gəlir. Anaların cəmiyyət üçün yararlı bir övlad yetişdirmək baxımından yükü çox ağırdır. Ona görə analar çox önəmlidir”.

 

Bir millətin mədəniyyəti onun  qadına olan münasibətilə ölçülür

 

T.Rüstəmxanlı diskotekalarda, barlarda çalınan musiqi sədalarına oynayan gəncliyi qınayıb:

 

“Övlad ananın fəxr hissidir, fəxarət yeridir. Ana istəyər ki, onun hər addımı uğurlu olsun. Ana istəyər ki, övladı rəqsi gözəl oynasın. Amma yetmiş yerindən əyilib-bükülmək, hoppanıb-düşmək gözəl oynamaq deyil. Bu xalqın, eləcə də Avropanın çox gözəl rəqsləri var. Yoxsa o barlarda, diskotekalarda insanın beynini döyən dəlixana musiqiləri çalınanda bir dəqiqə otura bilmirsən. Bu mədəniyyət, fəxr olunası bir şey deyil.

Oğul gözəl oynasın, ana fəxr etsin. Amma baxır o oğlan nə verib anaya? Bir ananın mədəniyyəti, üzü, şah əsəri yetişdirdiyi övladıdır. O övlad nə dərəcədə oxuyub, namusu ilə, şərəfi ilə bu vətənə xidmət edə, insanlar arasına çıxanda özünü apara bilirmi? Mədəniyyət səviyyəsinin ölçüsünün nə olduğunu bilirmi? Qadına, qıza münasibəti necədir? Qeyd etmək istəyirəm ki, bir millətin mədəniyyəti onun  qadına olan münasibətilə ölçülür. Buna görə də analar çox önəmlidir. Analar insanların mədəniyyətinin göstəricisi olan dəyərlərlə övladlarını yetişdirib, onunla fəxr etsinlər. Yoxsa atlanıb-düşmək mədəniyyət göstəricisi, fəxarət yeri deyil”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi