Modern.az

Sevil Yusifova: “Azərbaycan mətbuatı qadınlara borcludur”

Sevil Yusifova: “Azərbaycan mətbuatı qadınlara borcludur”

18 Mart 2011, 18:08

Qısa tanıtım: Yusifova Sevil Şərif qızı ziyalı ailədə dünyaya gəlib. Bir müddət Gəncədə yaşadıqdan sonra Bakıya kğçüblər. Bakı Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. İlk iş yeri “525-ci qəzet” olub. Sonra AzTV-də çalışıb. İşlədiyi illərdə müxtəlif təşkilatların mükafatlarını alıb. 2010-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə milli mətbuatın 135 illiyi münasibəti ilə jurnalistikadakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb. Sevil xanım bu təltifi indiyə qədər aldığı mükafatların ən dəyərlisi hesab edir və düşünür ki, ən yüksək səviyyədə mükafata layiq görülmək insanın üzərinə böyük məsuliyyət qoyur.
O, hazırda Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidentidir.

- Gəlin əvvəlcə Assosiasiyanız barədə məlumat alaq...

- Olar. Bizim Assosiasiya 12 ildir fəaliyyət göstərir...

- Əsas fəaliyyətiniz nədən ibarətdir?

- Adından göründüyü kimi peşəyönümlüdür, yəni sırf peşəkar bir təşkilatdı. Jurnalistika ilə bağlı layihələrimiz var. Peşə yönümlü layihələrlə bərabər qadınlara yönəlik layihələr də həyata keçiririk. Sözsüz ki, qadın, uşaq məsələsinə dair layihələrimiz çox az hallarda gündəmə gətirilir. Amma sırf jurnalistika ilə bağlı olan məsələlər daim gündəmdədir. İstər peşəkarlığın artırılması, istər jurnalistlərin durumunun yaxşılaşdırılması, istərsə də jurnalistlərin haqqında məlumatların yayılması, jurnalist qadınların tanıdılması olsun, bu sahədə fəaliyyətimiz daha çoxdur.

- On iki il az müddət deyil. Bu illər ərzində umduğunuz işlərə nail ola bilibsinizmi?

- Düzdür, 12 il az müddət deyil. Ancaq mənim burada rəhbər olduğum cəmi 5 ildir. Məndən öncə başqa rəhbərlər olub. Təşkilatda rəhbərlik seçki ilə seçilir. Yəni qurumun prezident seçkiləri olur. Təşkilat indiyə kimi çox böyük layihələrə imza atıbdır. Əgər bizim büdcəmizə baxsalar onda görünər ki, illik büdcəmiz nə qədərdi, gördüyümüz işlər hansı həcmdədi. Onda bunun nə qədər böyük zəhmət tələb etdiyini, bizim təşkilatın nə qədər fədakar olduğunu görərlər.
Yəni Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası olaraq biz Azərbaycanda ilk dəfə hələ 10 il bundan əvvəl iqtisadi mövzuda yazan jurnalistlər üçün treninqlər təşkil etmişik. Radio jurnalistikasının inkişafında da müxtəlif sahədə işlər görmüşük. İqtisadiyyata dair radio veriliş hazırlamışıq. Bu sahədə işləyən jurnalistlərə böyük məbləğdə qonarar vermişik. Sözsüz ki, bu işlər müəyyən qurumlar tərəfindən dəstəklənən layihələrdi.
Hər il 1 iyun – uşaqların Beynəlxalq müdafiəsi günündə respublika sarayında  və digər saraylrda pulsuz konsertlər təşkil olunurdu. Mən hələ ötən illərdə, mənim rəhbər olmadığım zaman görülən işlərdən danışıram. Amma mənim rəhbərliyim dönəmində isə daha çox ölkə içində tanınması prosesi sürətlənib.
Artıq 12 ildir bir ənənə olaraq hər il jurnalist qadınlara mükafatlar verilir. Bu kifayət qədər çətin işdir. Çünki sorğular keçirmək, seçim edən ekspertlə danışmaq, qalibləri mükafatlandırmaq üçün salonları kirayələmək və s. çox əmək sərf edilir. İndiyə kimi həmin törənlərin heç biri sadə salonda keçirilməyib. Təqdimat mərasimlərimiz həmişə təmtəraqlı salonlarda keçirilib. Elə hallar olub ki, sponsor olmadan İdarə Heyətinin halal əmək haqqısı hesabına təqdimat mərasimini keçirmişik, ənənəni pozmamışıq. Öz həmkarlarını qiymətləndirmək üçün şəxsi maliyyə xərcindən istifadə edəsən, bu, bir fədakarlıqdı.

- Sevil xanım, bu günlərdə “Zərif imzalar” adlı bir kitab işıq üzü görüb. Bunu da sizin Assosiasiya hazırlayıb...

- Bəli, Azərbaycan mətbuat tarixində ilk dəfə olaraq Azərbaycan jurnalist qadınları haqqında “Zərif imzalar” adlı kitab hazırladıq. Çağdaş Azərbaycan mətbuatının çiçəklənməsində iz qoyan xanım yazarların əməyi danılmazdır. Biz Azərbaycan Jurnalist Qadınlar Assosisasiyasının İdarə Heyəti olaraq düşündük ki, milli mətbuatımızın 135 illiyi münasibəti ilə qadın yazarların fəaliyyətlərinə töhfə olaraq onların haqqında bir toplu hazırlayaq. Əgər jurnalistika tariximizi vərəqləsək görərik ki, öz imzaları ilə qəlbləri oxşayan, həqiqətin carçısına çevrilən, vətənimizi dünyada tanıdan, öz peşəsinə vurğun olub ömrünü xalqın xidmətinə həsr edən qadınlarımız az deyil. Onlar cəmiyyətdə tanınır və nüfuz sahibidirlər. Amma onların talelərinə və yaradıcılıqlarına işıq salan elə bir kitab hələ nəşr edilməyib. Düşündük ki, bu şərəfli işi öz öhdəmizə alaq. Mətbuata həmişə öz dəstəyi ilə dost olan “Azercell Telecom” MMC-nin prezidenti Ali Ağan jurnalist qadınlara bu işdə dəstəyini əsirgəmədi. Bax beləcə, jurnalist qadınlar və jurnalist fəaliyyəti ilə məşğul olan ziyalı xanımlar haqqında ensiklopedik toplu işıq üzü gördü. Bu kitab iki dildə nəşr olunub. İngilis və Azərbaycan dilində. Artıq bir çox ölkələrdə yayılıb. Mən deyərdim ki, 12 illik fəaliyyətimizdə böyük uğurlardan biri də budur.

- Bu kitabın davamı da olacaqmı?

- Olacaq. Artıq ikinci kitab hazırdı, başa çatmaq üzrədir. Yəqin ki, gələcəkdə 3-cü, 4-cü də olacaq...
Ən böyük uğurlarımızdan biri – “genefondumuzu qoruyaq” devizi altında keçirdiyimiz aksiyadır. 40 gün müddətində jurnalistlərin pulsuz müayinə və müalicəsini üzərimizə götürdük. Bu bizim ən böyük aksiyamız idi. Amma bununla yanaşı jurnalistika ilə bağlı olan başqa layihələrimiz də var.
Region jurnalistikasının inkişafı ilə bağlı keçirdiyimiz üç konfransı qeyd eləmək istəyirəm. Həmin konfransda biz müraciətlər qəbul etdik. Nəticədə aidiyyatı qurumların diqqətini oraya yönəldə bildik. Çox gözəl nəticələr əldə etdik. Bu gün region jurnalistləri də Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu tərəfindən elan olunan müsabiqələrdə iştirak eləyə bilirlər. Bunlar özlüyündə çox böyük işlərdi.
Ötən il aprelin 23-də erməni soyqırımı yalanları haqqında məlumatları KİV necə işıqlandırmalıdır, mətbuat burada nə iş görə bilər, kimi böyük bir müzakirə açdıq. Bu müzakirədə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, millət vəkillərimiz, professorlarımız fəal iştirak etdilər. Orada oxunan mühazirələr artıq kitab halında işıq üzü görəcəkdi.
Bu il Xocalı soyqırımının il dönümündə Türkiyədə olduq. 48 xarici ölkə jurnalistlərinə ingilis dilində Xocalı hadisələri ilə bağlı sənədləri, diskləri, kitabları payladıq. Biz düşünürük ki, Xocalı faciəsi ilə bağlı məsələlərdə bir az təbliğat formasını dəyişmək lazımdı. Çünki əcnəbi ölkə vətəndaşı disklərdəki vəhşəti görməyə qəlbi, ürəyi götürmür. Ermənilərin etdiklərinin fotolarını, görüntülərini 30 dəqiqə izləyən kəs bir neçə gün özünə gəlmir. Hətta bizə xarici dövlətlərdə deyirlər ki, bu faciəni seyr edəndən sonra ürək xəstələrin halı çox pisləşib. Ona görə biz düşünməliyik ki, necə etmək gərəkdir ki, faciənin dəhəşətini anlada bilək. Əsas odur ki, bizim informasiya onlara çatsın. Türkiyədə biz Londonda oxuyan tələbələrin hazırladığı ingilis dilində bukletləri payladıq. O bukletlərdə məhz erməni yazarların yazdıqlarından sitatlar gətirmişdi. Erməni yazıçılar öz kitablarında azərbaycanlıları öldürməkdən necə ləzzət aldıqlarını fəxarətlə danışırlar. Londonda təhsil alan tələbələr və “Odlar yurdu” qəzetinin kollektivi həmin kitabların adını, tirajını, nəşr olunan nəşriyyatın adını, bir də həmin etirafları ingilis dilinə tərcümə edib bukletlər hazırlamşdırlar. Biz bukletləri paylayıb xarici jurnalistlərlə söhbət aparanda gördük ki, bu metod doğrudan da effekt verir. Jurnalistlərin reaksiyalarından bəlli olurdu.
Eyni zamanda Türkiyənin müxtəlif televiziya kanallarında çıxış etdik. “Xalq cəbhəsi” qəzetinin redaktoru Arzu Şirinova bir qarabağlı olaraq gördüyü faciələri şahid qismində faktlarla ifadə edərək, tamaşaçılarda böyük təsir yaratmışdı. Mən və “Mərkəz” qəzetinin baş redaktoru Nigar Abdullayeva da tutarlı faktlarla çıxış etdik. Düşünürük ki, o məlumatları yaymaqla nə isə bir fikir yaratmış olduq. Ondan sonra biz qərara gəldik ki, orada əməkdaşlıq etdiyimiz jurnalistlərə həmişə internetlə məlumatları ötürək.
Bir məsələni mütləq qeyd etməliyəm. Həmin səfərlərdə bir çox məsələlər bizə aydın oldu. Mən deyərdim ki, son bir ildə Xocalı ilə bağlı xaricdəki gənclərin bizim faciəmizlə bağlı məlumatları daha çox Heydər Əliyev Fondunun Moskva təmsilçisi Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyasının aparılmasından sonra yaranıb.
Bizim soydaşlarımız hər il müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirirlər, ermənistanın səfirlikləri qarşısında piketlər təşkil edirlər. Amma təəssüf ki, bu aksiyalar zamanı onlar yaşadıqları ölkənin mediasında bu haqda informasiyalar getməsinə zəif nail olurlar. Yaxşı olardı ki, diasporalarımız hər hansı tədbir keçirəndə ora daha çox xarici vətəndaşları toplasınlar, mətbuat nümayəndələri ilə əməkdaşlıq etsinlər .  Yoxsa azərbaycanlılar özləri yığışıb, özləri də dağılışırlarsa, bununla heç nəyə nail olmaq olmaz. Bu bizim ən böyük kəsirimizdi.
Biz AJQA olaraq bundan sonar da millətimizə, xalqımıza yönəli layihələr gerçəkləşdirəcəyik. Müxtılif sahələri əhatə edən layihələrimizi zaman-zaman sizlərin iştirakı ilə həyata keçirəcəyik.

- Bu günlərdə bir qrup jurnalistə diplomlar verdiniz. Maraqlıdır, onları necə seçirsiniz?

- Jurnalistləri biz seçmirik. Biz sadəcə olaraq jurnalistlərin seçilməsində rol oynayırıq. İlk öncə mətbuata açıq olan qurumları, məmurları, diplomatları seçirik. Qəzetlərin hər birinə telefon açırıq, əlaqə saxlayırıq ki, hansı dövlət məmurundan informasiya almaq çətindi yaxud asandı, hansı təşkilatların informasiya xidmətləri onlarla əməkdaşlıq edir, hansı diplomatlarla, qurumlarla müsahibə almaqda gecikdirilir və yaxud rahat alınır. Onlar öz fikirlərini deyirlər, fərqli-fərqli fikirlərdi. Daha çox kimin adı yaxşı mənada hallanırsa biz onun üzərində dayanırıq, seçim edirik. O ki, qaldı jurnalistlərin seçiminə, onu da sadə insanlardan soruşuruq. Məsələn, universitetlərdə dərs deyən müəllimlərdən, təhsil alan tələbələrdən, rayonlarda çalışan insanlardan. Onların adını çəkdiyi imzalara baxırıq, kimin adı daha çox hallanırsa təbii ki, onu da seçirik. Amma çalışırıq ki, ədalət prinsipi pozulmasın. Gəncləri həvəsləndirmək üçün onları diqqətdən kənarda qoymuruq. Hər il “ilin qadın jurnalisti”ni seçirik.

- Qarşıda hansı görüləcək işləriniz var?

- Görüləcək işlər çoxdur. Jurnalistlərin tibbi müayinələrini davam etdirəcəyik, uşaq mətbuatı ilə bağlı tədbirlərimiz var. 24 aprel qondarma erməni soyqırımı ilə bağlı geniş bir tədbir planlaşdırmışıq. İnşallah Allah yardımçımız olsun!

- Ümumiyyətlə, qadın yazarların fəaliyyəti sizi qane edirmi?

- Çox qane edir. Bu gün Azərbaycan mətbuatı özünün inkişaf tendensiyasına görə qadınlara borcludur. Çünki qadın jurnalistlər say etibarı ilə kişilərdən daha çoxdur və qadın jurnalistlər əsasən zəhmətkeş qrupa daxildirlər. Yəni zəhmətkeş qrup əgər çalışmırsa, informasiya gətirmirsə redaktor boş əllə nə edə bilər? Heç nə eləyə bilməz. Kişi redaktorlar əsasən mətbuatımızda idaəretmədə çoxluq təşkil edirlər. Qadınlara qarşı qısqanclıq duyulur... Mən bunu hər yerdə deyirəm...

- Qarşıdan Novruz bayramı gəlir...

- Elimizin, günümüzün gözəl bayramı olan Novruz bayramı münasibətlə mən bütün jurnalistlərimizi, eyni zamanda millətimizi təbrik edirəm. Ən əsası cansağlığı arzulayıram. Allah Azərbaycanımızı qorusun...

- Çox sağ olun. Sizə işlərinizdə uğurlar diləyirik.

- Siz də sağ olun.

Şəmsiyyə Musaqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir