Modern.az

Baş redaktorlar Ombudsmanla görüşdə hansı təkliflər verəcəklər?

Baş redaktorlar Ombudsmanla görüşdə hansı təkliflər verəcəklər?

Media

22 Mart 2011, 20:19

Azərbaycanda Media Ombudsmanının səlahiyyətlərini insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova yerinə yetirəcək. ”Media Ombudsmanın işinin təşkili ilə bağlı xüsusi hazırlıqlar görülür”. Bunu Modern.az-a insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı jurnalist təşkilatları, ayrı-ayrı jurnalistlərlə görüşlərin keçirilməsi planlaşdırılır. “Görüşlərdən sonra bu istiqamətdə ciddi işlər aparılacaq. İş elə aparılmalıdır ki, nəticədə bu sahənin ciddi fəaliyyəti hər kəs tərəfindən qəbul olunsun və jurnalistikanın söz azadlığına xidmət edən bir fəaliyyət ortaya qoyulsun”-deyə E.Süleymanova vurğulayıb. Bəs media nümayəndələri Ombudsmanla görüşərsə, hansı təkliflər irəli sürəcəklər, ümumiyyətlə KİV nümayəndələri İnformasiya Ombudsmanını necə görürlər? Modern.az saytı bu sualla qəzet redaktorlarına müraciət edib.  

 

“Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulunu təklif edərdim”

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli söz və informasiya azadlığı ilə bağlı Ombudsmanla görüş keçirilərsə, bir neçə təklif irəli sürəcəyini bildirib: “Bizim təlkiflərimiz bundan öncə də səsləndirilib. Mənim qənaətimə görə, artıq Azərbaycanda “Diffamasiya haqqında” qanunun qəbulu üçün situasiya yetişib. Bu qanunun qəbul edilməsi mümkündür. Təbii ki, qanunun qəbul edilməsində Avropa təcrübəsi, yerli institutların fəaliyyət təcrübəsi nəzərə alınmalıdır”.

E.Mirzəbəyli “Diffamasiya haqqında” qanunun vacibliyini əsas sayaraq bildirib ki, istənilən halda jurnalistin məsuliyyətini qoruyub saxlayacaq, ictimaiyyət qarşısında verdiyi informasiyaya görə daşıdığı məsuliyyəti təmin edəcək mexanizm əsas götürülməlidir.

“Təbii ki, “Diffamasiya haqqında” qanun qəbul olunarsa, yazılan yazılara, verilən informasiyaya görə cinayət məcəlləsinə uyğun olaraq cəza məsuliyyətinin aradan qaldırılması “İnzibati Xətalar Məcəlləsi” ilə tənzimlənir. Bu prosesin özündə elə həsas mexanizm olmalıdır ki, vətəndaşın hüquqlarının qorunmasına zəmin yaratsın, həm də Kütləvi Informasiya Vasitələri üçün müəyyən məhdudiyyətlərin yaranmasına imkan verməsin”-deyə E.Mirzəbəyli qeyd edib.

Baş redaktorun qənaətinə görə, “Diffamasiya haqqında” qanundan və digər məsələlərdən də ən önəmlisi bütövlükdə cəmiyyətin informasiya azadlığı, vətəndaşların hüquq və azadlıqları haqqında məlumatlarıdırılmasıdır. ”Həm vətəndaş özünün hüquqlarını bilməli, həm də informasiya azadlığının mahiyyətini daha dərindən dərk etməlidir. Bu istiqamətdə çox ciddi işlərin görülməsinə ehtiyac var. Cəmiyyətin maarifləndirilməsi, onun intellekt səviyyəsinin yüksəldilməsi  bütün qanunlardan yüksəkdə dayanır”.

Söz və mətbuat azadlığı ilə bağlı bir sıra tədbirlərdə iştirak edən baş redaktor bildirib ki, nədənsə bu tədbirlərdə Ombudsman aparatının nümayəndələri iştirak etmirlər:

“Son dövrlərdə söz və informasiya azadlığı ilə bağlı bir neçə tədbir keçirilib. Amma orada Ombudsman aparatının nümayəndələri iştirak etməyib. Mən bu tədbirlərin hər birində iştirak etmişəm. Bunlar arasında Mətbuat Şurası tərəfindən keçirilən tədbirlər də var. Bu istiqamətdə Parlament Jurnalistlər Birliyinin də fəaliyyəti hər zaman qabarıq şəkildə olub. Çalışdığımız qədər informasiya və söz azadlığı ilə bağlı müzakirələrdə iştirak etmişik. Hətta, bu müzakirələrdə əcnəbi nümayəndələr də iştirak ediblər”.

 

“Biz Ombudsman aparatının işinə tənqidi münasibətdəyik” 

Azadlıq” qəzetin baş redaktoru Qənimət Zahid Ombudsman aparatının fəaliyyəti ilə bağlı bəzi məqamlara toxunub:

“Məncə, belə görüşlər müntəzəm olmalıdır. Ən azı ayda bir dəfə bunu ənənə halına salmaq olar ki, Ombudsman media nümayəndələri ilə görüş keçirsin. Heç olmasa həftədə bir dəfə mətbuat komfransı keçirsin”.

Q.Zahid Media Ombudsmanı məsələsinə belə münasibət bildirib: “Mən hesab edirəm ki, bu çox mənasız bir şeydir. Biz indiki Ombudsman aparatının işi barədə tənqidi münasibətlərdəyik. Münasibətimiz çox tənqididir. Hələ bir Media Ombudsması  yaranarsa, onun haqqında müzakirəyə başlayacağıq. Azərbaycanda çoxlu sayda jurnalist təşkilatları var. Mətbuat Şurası fəaliyyət göstərir. Demək olar ki, onların bütövlükdə və ayrı-ayrılıqda fəaliyyəti effektivliyinə görə 20-30 % təşkil edir. Açığı mən bilmirəm ki, Media Ombudsmanı nə iş görəcək. Onun fəaliyyət prinsipləri, nizamnaməsi olmalıdır ki, biz bunun haqqında mülahizə yürüdək. Media Ombudsmanı, nə bilim Səhiyyə Ombudsmanı, Poçt Ombudsmanı və s. belə mənasız şeylərə baş qoşmağa dəyməz”-deyə Q.Zahid əlavə edib.

 

“Kaş onların bizimlə görüşmək üçün vaxtları və həvəsləri olsun”

 

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Ombudsmanla media məsələləri ilə bağlı hər hansı bir görüş keçirilərsə, Elmira Süleymanovaya bir neçə sual ünavlayacağını deyib: “Mən ona belə sual ünvanlayardım ki, “Media Ombudsmanı aparatı ilə bağlı vəziyyət nə yerdədir, bu istiqamətdə hansı işlər görülür, ümumiyyətlə bu struktur necə formalaşdırılır və bu məsələ ilə bağlı Ombudsmanın hansı planları var?”.

 N.Məmmədli qeyd edib ki, informasiya məsələləri üzrə müvəkkil səlahiyyətlərinin ümumi Ombudsmana verilməsi onun üçün arzuedilməzdir.

“Gəlin görək, ümumi Ombudsmanın tərkibində İnformasiya Ombudsmanı srtukturunu necə yaradacaq. Ondan sonra yəqin ki, bu istiqamətdə bizim təkliflərimiz olacaq.

Mən çox arzu edərdim ki, İnformasiya Ombudsmanı ümumi Ombudsmanın tərkibində olmasın. O “İnformasiya əldə etmək haqqında” qanuna müvafiq olaraq ayrıca bir qurum olsaydı, daha yaxşı olardı.

Dövlət məmurları, rəsmi şəxslərlə jurnalistlərin görüşləri nə qədər çox olsa, bu çox yüksək qiymətləndirilər. Kaş onların görüşmək üçün vaxtları və həvəsləri olsun”-deyə N.Məmmədli əlavə edib.

 

“Mən bu görüşləri vaxt itkisi hesab edirəm”

 

“Mərkəz” qəzetinin baş redaktoru Nigar Almanqızı bildirib ki, Ombudsman Elmira Süleymanova tərəfindən media nümayəndələri ilə görüşmək barədə dəfələrlə təkliflər edilib.

N.Almanqızı media məsələləri ilə bağlı Ombudsmanla görüşərsə, ona xüsusi bir təklif etməyəcəyini bildirib:

“Mən bununla bağlı heç bir təklif vermək istəmirəm. Bunun səbəsi isə ondandır ki, mən hər zaman öz yazılarımda da bildirmişəm, çıxışlarımda da demişəm ki, “bizdə söz azadlığı yoxdur” demək gülüncdür. Əgər bizdə söz azadlığı yoxdursa, niyə qəzetlərimizdə bu qədər yazılar çıxır. Bu baxımdan, mənim belə görüşlərdə deməyə sözüm yoxdur. Çünki, mənim deyəcəyim söz sonradan yalnış başa düşülər. Mən hər zaman demişəm ki, biz çalışmalıyıq təhqir yox, tənqid edək”.

N.Almanqızı hesab edir ki, Azərbaycan KİV-ində kifayət qədər söz azadlığı var. “Hətta, söz azadlığı o dərəcəyə gəlib çıxıb ki, biz əksər hallarda tənqidlə təhqirin yerini səhv salırıq. Yəni o dərəcədə azadıq. Belə desək, həddindən artıq demokrat olmağa çalışırıq. Düşünürəm ki, bu məslələrlə bağlı Ombudsmanla görüş keçirmək yalnız vaxt itkisidir. Bilirsiz yazarlar üçün ən dəyərli şey zamandır. Mən bu cür görüşləri zaman itikisi hesab edirəm. Düşünürəm ki, hər kəs özlüyündə mübarizə aparmalıdır. Biz bunu edərsək, bu cür görüşlərin heç bir mənası yoxdur”-deyə N.Almanqızı qeyd edib.

 

Anar RÜSTƏMOV

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür