Modern.az

Deputat: “Cəbhə xəttinə yaxın ərazilərin sakinlərinə imtiyazlar verilməlidir”

Deputat: “Cəbhə xəttinə yaxın ərazilərin sakinlərinə imtiyazlar verilməlidir”

25 Yanvar 2017, 14:36

Prezident İlham Əliyev işğaldan1994-cü ildə azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb. Rəsmi məlumata görə, həmin ərazilərə köçmək üçün 190 ailə artıq “Dövlətqaçqınkom”a müraciət edib.


Ərazinin təmas xəttinə yaxınlığı, oraya köçəcək insanların sosial təminatı nəzərə alınaraq ümumilikdə cəbhəyanı ərazilərdə yaşayan vətəndaşlarımıza müəyyən güzəştlər tətbiq edilməsi gündəmə gəlir.

 

Milli Məclisin deputatı Zahid Oruc Modern.az-a açıqlamasında dövlət başçısı tərəfindən Cocuq Mərcanlı kəndinin bərpa olunması və əhalinin məskunlaşması ilə bağlı verilən sərəncamı tarixi hadisə kimi qiymətləndirib:

“Cocuq Mərcanlı böyük qayıdışın tərkib hissəsidir”
 

“Bu, aprel döyüşlərinin ictimai, sosial, siyasi vasitələrlə davam etdirilməsidir. Əgər tanklar, toplar hər hansı məsafədə qərarlaşırsa, orada əhalinin təhlükəsiz zolaqda yaşaması mümkün olmalıdır.

Mənim fikrimcə, ölkə başçısının bu qərarı böyük qayıdışın tərkib hissədir. Uzun illər məcburi köçkünlər yalnız internet resurslarında “google map” proqramı vasitəsilə öz dağılmış evlərini tapırdılar. İndi bu, reallığa çevrilir.

İlkin olaraq ərazidə 50, sonra isə daha çox insan məskunlaşacaq. Nəzərə alaq ki, bu, aprel döyüşlərində “Lələ təpə” yüksəkliyinin Azərbaycanın nəzarətinə keçməsi hesabına baş verdi. Çünki ərazidəki strateji nöqtə Cəbrayılın tam mərkəzini görməyə imkan verir”.

 

“Azərbaycan insanında yurda qayıtmaq inamı yüksəlib”

 

Deputat qeyd edib ki, bu gün ermənilər Kəlbəcərdə, Ağdərənin müəyyən hissələrində hansısa məskunluq siyasəti həyata keçirməyə cəhd göstərirlər:

“Bunu müəyyən proqramlar vasitəsilə, subsidiyalar, sosial imtiyazlar, təşviqedici layihələr hesabına gerçəkləşdirirlər. O cümlədən lobbi qrupları burada aktiv iştirak edirlər. Amma nəticə dəyişmir. Bu gün Qarabağda yaşayan ermənilərin sayı kütləvi olaraq artmır. Əvəzində isə aprel döyüşləri nəticəsində Azərbaycan insanında öz yurduna qayıtmaq inamı yüksəlib. Ağdamın 23 faizi, Fizulinin 20 faizə qədəri Azərbaycanın nəzarətində olsa da, bölgə kimi Cəbrayılı inzibati-siyasi vahid şəklində kiçicik bir hissəsini nəzarət altına qaytarmaq qeyri-mümkün idi. Tez-tez işlətdiyimiz “bir ovuc torpağımız qayıtsaydı” ifadələri artıq gerçəyə çevrilir. Bu çox qürurvericidir.

Nəzərinizə çatdırım ki, aprel döyüşlərindən sonra Talış kəndində yaşayan 576 erməni ailəsinin əksəriyyəti Şuşadakı mehmanxanada məskunlaşdı. Bəziləri isə Ermənistana getməyə məcbur oldu. Dəfələrlə erməni rəsmiləri tərəfindən onların Qarabağ müharibəsi nəticəsində köçkün düşdüyü vurğulanır. Hakimiyyət tərəfi maksimum çalışırdı ki, onları Talışa qaytarsın. Çünki bu məskunlaşdırmanın ön cəbhədə dayanan əsgərlər üçün əhəmiyyəti böyükdür”.

 


“Cəbhəyanı bögələrdə yaşayan vətəndaşlarımız üçün qanun hazırlanmalıdır”

 

Parlament üzvü vətəndaşlarımızın öz torpaqlarına qayıdışının rahat şəkildə həyata keçirilməsi üçün onların sosial vəziyyətinin təmin olunmasının vacibliyini vurğulayıb:

“Sərhəd bölgələrində, təmas xəttinə yaxın yerləşən ərazilərdə yaşayan insanlara sosial imtiyazlar verilməsi ayrıca qanun şəklində olmalıdır. Cənab Prezidentin bütün addımları bunun üçün zəmin yaradıb. Cəbhə xəttinə yaxın ərazidə məskunlaşan müəllim sadəcə parta önündə tədris, təlim planlarını yerinə yetirən şəxs deyil. O həm də döyüşçü, əsgər, ərazini qoruyan həmvətənimizdir. Dünya praktikasında da mövcuddur ki, həmin yerdə müəllimlərin maaşı digərlərindən yüksəkdir. Bu həm ərazilərin boşalmaması deməkdir. Digər tərəfdən də dönüşün təmin olunması üçün insanlara əlavə stimul verir. Mən bir az öncə Cəbrayıl rayonunun rəhbərliyilə danışarkən bəlli oldu ki, geri dönmək istəyən insanlar çoxdur. Artıq evlər, məktəblər tikilirsə, bu, dövlətin qayğısı, yardımıdır.

Ona görə də jurnalistlər, sosial şəbəkələr bu yöndə təbliğat aparmalıdırlar. Biz illərlə Qarabağdan danışarkən kədər mövzusuna, çıxılmazlıq sindromuna çevirmişik. Cocuq Mərcanlı ilk addımdır və işğaldan azad olunacaq torpaqlarımızın bir vəsiləsidir”.

 

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir