Modern.az

Xaçmazın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

Xaçmazın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

25 Yanvar 2017, 16:11

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhər və rayon mərkəzlərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi” çərçivəsində Xaçmaz şəhərində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri  intensiv şəkildə həyata keçirilir.

 

 

Bu layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xaçmaz şəhərində  47  min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində rayonun  Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 11 min nəfərin su təchizatının yaxşılaşdırılacaqdır. Ümumilikdə layihədən 58 min nəfər faydalanacaqdır.

Xaçmaz şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına 2012-ci ildə başlanmışdır. Birinci mərhələdə şəhərin əsas su mənbəyi sayılan Uçqun bulağı bərpa olunmuş, mənbədən anbar kompleksinə qədər 2 km uzunluğunda magistral, 1,6 km anbarlararası su xətləri çəkilmiş, ümumi tutumu 10 min kubmetr olan 2 ədəd su anbarı inşa edilmişdir.

 

 

Layihənin növbəti mərhələsində Xaçmaz şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisi həyata keçirilir. İndiyədək layihədə nəzərdə tutulan 142,6 km su şəbəkəsinin 88 km-lik hissəsi tikilmiş, 3095 ünvana birləşmə verilmişdir. Eyni zamanda 148,5 km kanalizasiya şəbəkəsinin 110 km-lik hissəsində işlər yekunlaşmış və 5727 ünvan şəbəkəyə qoşulmuşdur. Tullantı sularının təmizləyici qurğuya ötürülməsi üçün 1400 mm diametrli borularla 1,3 km uzunluğunda kanalizasiya kollektorunun inşası başa çatdırılmışdır.

 

 

Şəhərdə yaranacaq tullantı suları Xaçmaz rayonu ərazisində inşa ediləcək və sutkalıq  məhsuldarlığı 70 min kubmetr olacaq təmizləyici qurğuda təmizlənib zərərsizləşdiriləcəkdir. Xaçmaz şəhəri ilə yanaşı, Quba və Qusar şəhərlərinin də tullantı suları  qurğuya yönəldiləcəkdir.

 

 

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə Su Təchizatı və Kanalizasiya Layihəsi”  çərçivəsində Xaçmaz şəhəri ilə yanaşı, Qusar, Naftalan, Xızı, Qobustan şəhərlərinin də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması nəzərdə tutulur.  Artıq Qusar və Naftalan şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisi  başa çatmış, digər rayonlarda isə işlər davam etdirilir. 

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır