Modern.az

“Lələ təpəyə getmək mənim işim deyil” - Partiya sədri olan deputatlar

“Lələ təpəyə getmək mənim işim deyil” - Partiya sədri olan deputatlar

Aktual

26 Yanvar 2017, 13:52

Azərbaycan Ordusu 2016-cı ilin “Aprel döyüşləri” zamanı öz gücünü Ermənistana göstərdi. Ordumuz uğurlu əks-hücum əməliyyatı ilə düşmənə sarsıdıcı zərbələr vurdu. Bunun nəticəsində də Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi, o cümlədən strateji Lələ təpə yüksəkliyi düşməndən azad edildi. Lələ təpə yüksəkliyinin azad olunması nəticəsində Azərbaycan Ordusu minlərlə hektar torpağa nəzarət etmək imkanı qazandı.

Xatırlayırsınızsa, 2016-cı ilin “Aprel döyüşləri”ndən sonra Lələ təpəyə, onun yaxınlığında yerləşən və artıq adı məşhurlaşan Cocuq Mərcanlı kəndinə bir axın oldu. O zaman müxtəlif insanlar orada yerləşən hərbi hissələrə, azad edilən torpaqlara baş çəkirdi.

Bəs Milli Məclisdə təmsil olunan partiyaların rəhbərlərindən Lələ təpəyə səfər edənlər oldumu?

Modern.az saytı parlament üzvü olan bir neçə partiya sədrinin fikrini öyrənib.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev  Lələ təpəyə getmədiyini deyib.

“Lələ təpəyə səfər etmək mənim işim deyil. Amma digər cəbhə bölgələrinə getmişəm. Hər bir deputatın borcu deyil ki, ora getsin. Deputatların vəzifəsi qanunvericilik yaratmaqdır". 

Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli deyib ki, o da Lələ təpəyə gedə bilməyib.

“Mən Cəbarayıl rayonuna daha çox 1990-cı illərdə getmişəm. O, istiqamətlərə də yaxınlaşmışam, amma ora getməmişəm. Daha çox Qışlaq kəndinə getmişəm. Gücüm çatan qədər kömək etmişəm. Amma Lələ təpəyə səfər etmək istəyərəm. İndi ora səfər etmək Müdafiə Nazirliyi və digər dövlət orqanları ilə razılaşdırılmamış çətin olar. Əgər parlamentdə belə bir təşəbbüs olarsa, çox böyük məmnuniyyətlə gedərəm”.


Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə də Lələ təpəyə getmədiyini bildirib.


“Mən ümumiyyətlə hazırda heç hara səfər etmirəm. Lələ təpəyə həmin rayonlardan olan deputatlar səfər ediblər. Mən isə yox”.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür