Modern.az

Taleyi  dəyişən yaralı yurdlar

Taleyi  dəyişən yaralı yurdlar

26 Yanvar 2017, 16:24

Vəfa Allahverdiyeva


Ulu əcdadların qanı ilə qazanılmış, cızılmış tarixi sərhədləri yenidən qanla geri qazanmaq müasir fəth səhifəsidir və dünyadakı bütün fəthlər kimi aprel döyüşlərində hələlik bir ovuc torpağın fəthi də həmin yerlərə insan nəfəsinin dəyməsi, qucaqlaşmaqla daha möhkəm bağlanmanı ciddi-cəhdlə tələb edir.

Çünki daimi kök salma, nisgilli oba ilə bağrı-badaş olmaq bu zəfərin qiymətini bilmək, düşmənə daha kəskin cavab vermək tərzidir.

Bir yurd o biri yurdun taleyini müəyyənləşdirir. Lələ təpənin təmizlənməsi Cocuq Mərcanlıya təhlükəsizlik qapısı hördü, onun  dəyişmək üzrə olan hazırkı aqibətinin əsas səbəbi kimi çıxış etdi.

Yəni, tar-mar olmuş, bomboş səhralığa məhkum edilmiş ərazilərin qisməti dəyişir və bu torpaqların taleyini işıqlı məcrada yeniləmək bizim qollarımızın qüdrəti arasına keçir. 

İşğal utancından çoxdan çıxarlmış Cocuq Mərcanlının adının aktuallaşması düşmənin yaralı buraxdığı vətən torpaqlarına əbədi kilidlənmənin uğurlu proloqudur.   
  

Təsəvvür edin:  Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş rayonlarla bağlı sonuncu sərəncamın tarixi, bu yöndə rəsmiləşən sənədlərə hansı liderin imzasının düşməsi,  bir sözlə, adminstrativ qərarların hamısı Sovet arxivlərinə gedib çıxır.

Çünki müstəqillik dövrünün başlanğıcında güclü alov alan ərazi davası bu yerlərin sosial-iqtisadi-mədəni inkişafına dair rəsmi addımların atılmasını 20 ildən artıqdır ki, heç bir dövlət xadiminin möhürünə nəsib etmədi.

Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər” haqqında sərəncamını eşitmək qulaqlara xoş dəyməklə,  həm də çox boyük anlam kəsb edir.

Dövlət siyasətinin coxşaxəliliyi onu isbat edir ki, məqsəd itiriləni, istər cəng, istərsə də diplomatik yolla, sadəcə geri qaytarmaq və bu zəfər üzərindən daxildə, xaricdə reklam qurmaqdan, hərbi potensialla düşmən qarşısında ədalanmaqdan ibarət deyil; geri alınan yaralı yurdları insan məskəninə çevirmək,  tikmək, əkmək, sulamaqla əsl yurd halına gətirmək addımların, iddialarımızın ən qəti, vacib  olanıdır.

Aldıqca tikmək, tikdikcə yerləşdirmək, yerləşdikcə möhkəm sarılmaq vətən yaratmaq fəlsəfəsinin sadə düsturudur.       

Vaxtilə ictimai rəydə belə bir zərərli  fikir var idi ki, dövlət əgər hər rayonda bir qaçqın qəsəbəsi yaradırsa-bütün infrastrukturu ilə birgə-bu, o deməkdir ki, torpaqların alınması illüziyadır; Lap dövlət  öz ərazilərini düşmən caynağından qoparsa da, qaçqın və köçkünləri o yerlərə qaytarmaq mümkün olmayacaq.

Günü bu gün bu fikri gerçəklik intonasiyasında söyləmək, şübhəli düşüncələr  üzərindən mühakimə yürütmək ciddi yanlışlıqdır.

Birincisi, torpağın tapdaqdan qurtulması zaman aldığı bir şəraitdə qaçqın və köçkünü açıq havada, soyuğun, sazağın altında buraxmaq dövlətin şərəfinə, qüruruna yaraşan davranış olmazdı.  

Bundan başqa, dövlət süqut pilləkənini coxdan enib, intibah, yüksəliş nərdivanına çoxdan qalxıb-hərbi potensial fəthlərə mərhələ-mərhələ imza atır. İllüziya deyilən ehtimalsa qısır qalmaqda davam edir.   
   

İkincisi, insanın doğulduğu və böyüdüyü yerlər böyük vətənin ən şirin parçası olur, həmişə. Kənarda ölən birisinin öz yurdunda dəfn vəsiyyəti elə-belə yaranmır. Bu mənada qaçqın və köçkün vətən içində müvəqqəti bir qəriblik yaşayır. O zaman ki, uzun-uzadı qaçqınlıq haşıyəsi, el-oba xiffəti bitir, o yerdə köçüb getmək dərdə yox, sevincə çevrilir. Munis duyğular, isti ləpirlər, yurdun qiblə olmaq mahiyyəti o yerin sakinlərini cazibə qüvvəsi ilə ozünə bağlamağa məhkumdur.  

Üçüncüsü, paytaxtın, şəhər modelinin  tərtəmiz, geniş asfalt yolları üzərində həyat mücadiləsi aparıb yaşamaqla, palçığa dönən torpağın vəfası, səxavəti arasında müqayisə aparmağa kifayət qədər vaxtı olmuş qaçqın və köçkünə vətənin ağaclı, dağlı, bərəkətli, onu yox yerdən ruzulu edən hissəsi daha cazib gəlməyə başlayacaq və dövlətin əl qoyduğu tikinti prosesi özü bu qayıdışa etibarlı stimul verəcək. 

Cocuq Mərcanlıda hörülən divarlar vətən içində vətən dərdlilərə güclü bir məcun olacaq. Çünki qaçqının, köçkünün, alovda yanmış vətənin uğurlu bəxti yenidən açılır. Gözəl tale yazanın qələmi iti olsun!..

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır