Modern.az

Çoxarvadlı prezidentlər

Çoxarvadlı prezidentlər

27 Yanvar 2017, 13:40

Hidayət Elvüsal


“Və arvadbaz prezidentlər” yazmaq istəyirdim. Gördüm sərlövhə uzun olur, fikrimdən daşındım.

Vaxtınızı almadan mərhum Ruzveltdən danışmaq istəyirəm. Yəqin tanıyırsınız İkinci Dünya Müharibəsi zamanı ABŞ-ın prezidenti idi. Yaltaya gəlib Stalinlə, Çörçillə görüşmüşdü. Hər zamankı kimi əlil arabasında idi. Yazığın ayaqları iflic olmuşdu.

Və… ilk məhəbbət unudulmur axı. O da unutmamışdı. Köməkçiləri (az sayda – xəbər yayılmasın deyə) onu elə həmin arabada sakit bir guşəyə aparırlarmış. Həmin qadın… Ruzveltin ilk məhəbbəti oraya gələrmiş. Onları baş-başa qoyub ayrılandan sonra nə olduğunu kimsə bilmir. Əlbəttə, ilk məhəbbətinin görüşünə gedən prezidentin siyasətdən danışması nəinki Ruzveltin, heç mənim əziz dostum şair Vəli Xramçaylının da ağlına gəlməz. Ağzında “Mə-həb-bət!” deyirsən! Özü də İLK məhəbbət!

Nə isə!

Onlar söhbətdə olsunlar, sizə kimsən deyim Kennedidən. Hə, o mərhum Condan. ABŞ-ın prezidenti.

Əsl amerikalı idi – görünüşü, ədaları, jestləri, nitqləri. Arvadbaz idi. Hə! Özü də aşırı dərəcədə. Ərinin arvadbaz olmasını arvadı, ABŞ-ın 1-ci ledisi Jaklin də bilirdi, gözəl Jaklin, fransız təbəəsi. Amma xeyli dözdü. Əlinin içi kimi bilirdi ki, prezident gözəllər gözəli Marlin Manro ilə “çaşqa-loşqa”dır. Qısqanırdı. Hirsindən Ağ evin interyerini dəyişdirdi. Amma qəzəbi soyumurdu.

Kennedi isə qəribə xəstəlik daşıyırdı. Vücudunda ağrılar vardı. Azalmırdı. Deyə bilmərəm, mən həkim deyiləm, amma məlumdur ki, ştatlara tək gəzəndə, yanındakılar Kennedeyə mütləq bir qadın tapıb gətirirdilər. İndi mən imanımı yandıra bilmərəm. Bu, onun ağrılarını azaldırdımı, yoxsa elə qadın düşkünü idi.

Vəli Xramçaylıdan soruşdum, o da bilmədi.

Amma günlərin birində ilan başını qaldırdı. Jaklin Yunanıstana getdi. Kimin yanına, bilirsinizmi? Əntər, qoca, idbar Anassisin yanına. Dononma moqnatı Anassisin. O lotu, qadınlara qulluq etməyi heyrətamiz bir səviyyədə bacarırdı. Və…

ABŞ-ın 1-ci xanımı Jaklin düz 6 ay onunla qaldı gah gəmilə, gah oteldə-zadda. Günlərin birində bədbəxt prezident xəbər göndərdi ki, ABŞ-a qayıt, Texas səfərində yanımda ol. Qayıtdı. Amma…

Anastas Mikoyanın o zamankı SSRİ-də pasport qeydiyyatına aldırdığı Osvald… ABŞ prezidentini öldürdü…. Uzatmayaq. Onsuz da harda bir pislik varsa, orda erməni barmağı əskik olmaz.

Gəldik Fransaya. Dəvəçiyanın müavinlik elədiyi Sarkozeyə. 3 arvad aldı. Hərəmxana açmasına bir şey qalmamışdı. Birinə aşiq oldu. Birini sevdi, birini bəyəndi, daha müavini Dəvəçiyanla hansı oyunlardan çıxdığı məlum deyil. Yenə prezident olmaq istəyir.

Amma… bircə gün qabaq Fransa məhkəməsi bu arvadbaza tərs bir şillə vurdu. “Türklər ermənilərə qarşı soyqırım törətməyib” sözünə görə həbsə alma cəzası verilməsi üçün parlamentdən razılıq almışdı haa… LƏĞV OLUNDU! Deyiblər ki, pardon, müsyö, sən arvadlar üzrə ixtisaslaşmısan, başqa yerlərə dil uzatma…

Putin! Ə, yox e. Putin prosto Kabayeva ilə dostluq münasibətindədi. Arvadı ona görə boşadı ki, qadına vaxt ayıra bilmirdi. İş rejimi çox çətin idi. Özü də evlənib, eləmədi. İndi o deyilənlərin tüstüsü sonra çıxarsa, baxarıq, görək təndirdə nə varmış.

Tramp! Allah, Allah! Nətəhər gəldi, necə gəldi, heç kəs xəbər tutmadı. Amma qoşunla gəldi. 3 arvaddan doğulan uşaqları, kürəkəni, nəvələri – maşallah! Kişi indiyə kimi tikib-qurmaqla məşğul olub. Hərçənd, vaxtilə Rusiyaya gələndə bazlıq-zad eləyib, indi nağayrax, kişidi dana! Deyib ki, bir rus qızı da dadsın. Yəni “dişini dəyişsin”. Bunun siyasətə nə dəxli var ki?

Klinton? Həə… onun işi ağır oldu. O Monika da pay verib, dərdindən ölənmiş. ABŞ kimi bir ölkənin prezidentini biabır elədi. Heç deyən olmadı ki, ay lotu-beçə, Klinton səni zorla… Lənət şeytana!

O gün Trampın andiçmə mərasimində gördüm Klintonu. Nətəhər arıqlayıb, ə, yazıq? Monikadan aldığı zövq (daha nə deyim ki?) burnundan gəlib. Trampa elə baxırdı ki… Hillari da yanındaydı. Trampdan çox səs toplayıb, prezident ola bilməyən Hillari.

İndi bax kişi prezidentlərin qadınlarına “1-ci ledi” deyirlər. Bəs, Hilları seçilsə Bill Klintona nə deyəcəkdilər. ABŞ-ın “1-ci kişisi”? yaxud buna bənzər başqa bir şey?

Hə! Mətləbdən uzaqlaşmayaq. Yəni deməyim odur ki, bu ABŞ və Avropanın liderləri müsəlmanları çoxarvadlılıqda qınayırlar haa, özlərinə baxsınlar. Hərəsinin arxivində bir düjin arvad var.

Hərəmxana bunun yanında yalandı! Adlarını da “prezident” qoyublar. Elə “sultan” qoysunlar dəə, nə fərqi var?!

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir