Modern.az

“Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək” – Əli Həsənov

“Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək” – Əli Həsənov

27 Yanvar 2017, 20:02

“Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşini qaytarmamaqla Ermənistan tərəfi növbəti dəfə öz çirkinliyini nümayiş etdirir. Məsələ ölkə başçısının nəzarətindədir. Şübhəmiz yoxdur ki, əsgərimizin nəşi qaytarılacaq”. Modern.az saytı xəbər verir ki, bunu jurnalistlərə baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Əli Həsənov öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyulmasının doğru olmadığını vurğulayıb: “Bütün dünya növbəti dəfə Ermənistan tərəfinin qanunsuz əməllərinə şahidlik edir. Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı beynəlxalq təşkilatların, dövlətlərin bununla bağlı sərt reaksiyası var. Öz ata-analarının qəbrini ziyarət etməyə gedən insanlara terrorçu adı qoyuldu. Dilqəmlə Şahbaz Ermənistan ordusuna güclü zərbə vurdu. Ermənistan ordusu hələ də bu zərbənin altındadır, müxalifət hələ də bundan danışır".

Məcburi köçkünlərə kommunal xidmətlərə görə güzəştlərin müavinətlə əvəzlənməsinə münasibət bildirən baş nazirin müavini bu məsələnin diqqətdə olduğunu vurğulayıb: “Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı çox vacibdir. Artıq bununla bağlı geniş müzakirələr gedir. Biz də dəqiqləşdirmələrimizi aparırıq. Hazırda aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısı dəqiqləşdirilir. Nazirlər Kabinetinin qərarında bunlar detallı şəkildə əksini tapıb. Təbii ki, narazı olanlar da var. Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək”

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir