Modern.az

Jurnalistlər “Mədəniyyət” kanalına baxırlarmı?

Jurnalistlər “Mədəniyyət” kanalına baxırlarmı?

28 Mart 2011, 17:11


Fevralın 14-də - AzTV-nin 55 illik yubiley günündə yeni “Mədəniyyət” telekanalı fəaliyyətə başladı. Onun fəaliyyətinin bir ayı artıq geridə qalıb. Bəs Azərbaycan tamaşaçıları mədəni sahədə görmək istədiklərinin bu telekanalda reallaşdığını müşahidə edə bilirmi?  

Hələlik bu sualla adi tamaşaçılara deyil, media nümayəndələrinə müraciət etdik. Onlar bu kanala baxırlarmı, diqqətlərini çəkən hansı verilişlər var?

“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “Mədəniyyət” kanalına baxmır. Baş redaktor deyib ki, onu maraqlandıran verilişləri yerli televiziyalarda tapa bilmədiyindən “Mədəniyyət” kanalından da ciddi hadisə gözləmir.
“Ümumiyyətlə, “Mədəniyyət” kanalını xüsusi baxmaq üçün də axtarmamışam. Çünki hesab edirəm ki, orda görəcəklərim AzTV-də hər gün göstərilir, yəni yenilik gözləmirəm”.

“525-ci qəzet”in redaktor müavini Seyfəddin Hüseynli “Mədəniyyət” kanalına az hallarda baxdığını bildirib. S.Hüseynli də bu kanalda xüsusi diqqət çəkən, fərqlənən veriliş görmədiyini deyib: “Kanalda əsasən muğam sənəti ilə bağlı verilişlər gedir. Ümumiyyətlə, “Mədəniyyət” kanalı fəaliyyətə başlayandan Beynəlxalq Muğam Festivalı, muğam telemüsabiqəsi üst-üstə düşür. Bəlkə də bununla əlaqədardır”.
S.Hüseynli “Mədəniyyət” kanalının ictimai zəmində də əks-səda doğurduğunun şahidi olmadığını qeyd edib. “Yəqin kanal hələ formalaşma mərhələsindədir, yeni proqramlar da nəzərdə tutulmamış olmaz. Ümumiyyətlə, əgər belə davam edəcəksə, onda “Mədəniyyət” kanalının indiki şəkildə ayrıca telekanal kimi fəaliyyət göstərməsinə ehtiyac yoxdur”.

“Azadlıq” radiosunun əməkdaşı Sevda Məmmədli da həmkarları kimi “Mədəniyyət” kanalına hərdən baxdığını bildirib: “Hər zaman kanala oturub baxacağım barədə söz verirəm ki, görüm orda məni çəkən nəsə tapa bilirəmmi? Amma hələki diqqətimi çəkən veriliş olmayıb. Kanalı açanda ancaq AzTV-nin arxivində qalmış lentlərdən ibarət proqramlar olur. Əgər həmin təkrarlar veriləcəkdisə, o zaman “Mədəniyyət” kanalının açılması lazım deyildi, AzTV onsuz da onları hər zaman göstərir. Mən burda mədəniyyət problemləri ilə bağlı tok-şoular, çevik, cəld verilişlər görmək istərdim. Ancaq əksinə, hər zaman ölü, sakit, adamda hiss, ovqat yaratmayan proqramları seyr edirəm”.

“Azadinforum”un baş redaktoru Niyaz Niftiyev düzənli olmasa da, “Mədəniyyət” kanalına baxdığını söyləyib. O, əsasən muğam müsabiqəsi ilə bağlı verilişləri seyr etdiyini qeyd edib.
“Mütəmadi olaraq baxmadığım üçün kanal haqqında konkret fikir söyləyə bilmirəm. Amma kanalın bədii filmlərimizi verməsi, musiqi, kinoşunaslarla, aşıq sənəti ilə bağlı verilişləri təqdirəlayiqdir. Hesab edirəm ki, “Mədəniyyət” kanalı gələcəkdə daha da püxtələşəcək”.

“Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı da “Mədəniyyət” kanalını az hallarda izləyir. Onun sözlərinə görə, bu, Azərbaycan kanalları içərisində yeganə baxdığı kanaldır.
“Mədəniyyət kanalı açılandan yarım saat baxmışam, o da epizodik olaraq. Ümumiyyətlə, Azərbaycan kanallarına baxmağa hövsələm çatmır. “Mədəniyyət” kanalı barədə isə rəyim ondan ibarətdir ki, bu AzTV-nin mədəniyyətə ayırdığı efir vaxtından fərqlənmir. Sanki AzTV-yə baxırsan. Kanalda önəmli, ciddi, konseptual veriliş yoxdur. Kanalları çevirəndə bir-iki saniyəlik “Mədəniyyət” kanalının üstündə də dururam, amma indiyə qədər hələ məni bu kanala baxmağa vadar edən, tutub saxlayan proqrama rast gəlməmişəm”.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir