Modern.az

27 gün əvvəl ölən kamerunluların meyitləri hələ Bakıdadır

27 gün əvvəl ölən kamerunluların meyitləri hələ Bakıdadır

29 Yanvar 2017, 21:22

Bakıda dəm qazından zəhərlənərək ölən 5 kamerunludan 4-nün cəsədi hələ də ölkələrinə göndərilməyib. Onlardan yalnız birinin valideyni Bakıya gələrək övladının nəşini Kameruna apara bilib. Modern.az saytı xəbər verir ki,  Musavat.com-un əldə etdiyi məlumata görə, yanvarın 2-də dünyasını dəyişən 5 kamerunludan 4-nün meyiti hazırda Bakıda morqlardan birində saxlanılır. Meyitlərin Bakıda qalma səbəbi isə ailələrin maddi imkansızlığıdır.

 

Sayta daxil olan məlumatda qeyd edilir ki, Kamerundan olan 4 nəfərin ailəsi maddi imkansızlıqdan Bakıya gələ bilmir. Onlardan Bakıya gəlmədikləri halda meyitlərin Kameruna göndərilməsi üçün 6500 dollar tələb edilib.

 

Bildirək ki, hadisə bu il yanvarın 2-də Yasamal rayonunda baş vermişdi. Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü həvəskar futbolçu imiş. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi olub.

 

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılmışdı. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb və o, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib.

 

Ölənlər Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata, Njonyoh Nans Ekum və Texniki Universitetin tələbəsi Nzemele Ezzambe olub.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!