Modern.az

Akif Aşırlı "31 mart soyqırımı 1918-1920-ci illər mətbuatında” kitabını təqdim edib (FOTOLAR)

Akif Aşırlı "31 mart soyqırımı 1918-1920-ci illər mətbuatında” kitabını təqdim edib (FOTOLAR)

29 Mart 2011, 15:07

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının “31 mart soyqırmı 1918-1920-ci illər mətbuatında”  kitabının təqdimat mərasimi keçirilib. Modern.az saytı xəbər verir ki, təqdimatda giriş nitqi ilə çıxış edən “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid kitab müəllifinin yaradıcılığı haqda danışaraq bildirib ki, Akif Aşırlı artıq erməni təcavüzü ilə bağlı silsilə nəşrlərin müəllifidir.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva erməni təcavüzü mövzusunda materialları bir araya toplayaraq nəşr etdirməyin çətin və olduqca vacib bir  iş olduğunu vurğulayıb.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı isə hesab edir ki, müasir jurnalistikanın nümayəndələri ərəb əlifbasını öyrənməli və bu mövzuda olan yazılarında keçən əsrin əvvəllərində çap olunan mətbuat vasitələrindəki dəqiq məlumatlardan istifadə etməlidirlər. S. Rüstəmxanlı həmçinin  Bakıda azərbaycanlıların Soyqırımı Muzey kompleksinin yaradılmasına ehtiyac olduğunu vurğulayıb.

Tədbirdə həmçinin  millət vəkilləri Fazil Mustafa, Musa Qasımlı, Fərəc Quliyev və  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, kitabın elmi redaktoru Cahangir Məmmədli belə bir nəşrin 31 mart Soyqırımı günü ərəfəsində işıq üzü görməsini çox  əhəmiyyətli hesab ediblər.

Sonda çıxış edən müəllif Akif Aşırılı bildirib ki, kitab erməni bolşevik birləşmələrinin mart ayının 31-dən aprel ayının 12-ə qədər 1918-ci ildə Azərbaycan xalqına qarşı törətdiyi  soyqırımları faktlarını əks elətdirir.

“Bu sadəcə 1918-ci illərin mətbuatında əksini tapan soyqırımları faktlarını oxuculara çatdırmaqdır. 1918-ci ilin mart hadisələrinə baxanda görürük ki, Bakıda, Şamaxıda, Qubada törədilən qırğınlar zamanı ermənilər Azərbaycanda insan kütləsi ilə yanaşı, ziyalıları hədəfə almışdı və həm də milli təsisatlarımızı sıradan çıxartmaq yolunu tutmuşdu. Həmin hadisələr zamanı “Açıq söz”, “Kaspi” qəzetlərinin mətbəələri yandırılıb, Orucov qardaşlarının elektrik mətbəəsi dağılıb və s. Mən də bu hadisələri mətbuat səhifələrində necə əks olunduğunu tərif etmişəm və 1918-20-ci illər mətbuatında mart soyqırımları ilə bağlı yazılan yazıları ilk dəfə olaraq ərəb qrafikasından müasir əlifbaya çevirmişəm”.

A.Aşırlı onuda vurğulayıb ki, kitabda yenilik ondan ibarətdir ki, mart soyqırımlarını əhatə edən 1918-ci il noyabrın 12-də Tiflisdə nəşr olunan “Qardaş qayğısı” qəzetindən seçmələr misal gətirilib.
“Bu qəzetin varlığı haqqında bizim indiyə qədər məlumatımız yox idi, mən onu təsadüf nəticəsində əldə elədim və orada əksini tapan məqalələri müasir əlifbamıza çevirərək kitaba daxil etdim”.

A.Aşırlı kitabın hələlik Azərbaycan dilində nəşr olunduğunu bildirib. Burda əksini tapan faktlar ilk dəfədir ki, işıq üzu görür. Kitabda Üzeyir Hacıbəyovun, Mirzəbala Məhəmmədzadənin, Məhəmməd Əmin Rəsulzadənin yeni məqalələri əksini tapıb.

 

 

 

 

 

 

 

 


Mail Ağaxanov

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!