Modern.az

Milli Məclisin ən çox dil bilən deputatları...

Milli Məclisin ən çox dil bilən deputatları...

Parlament

30 Mart 2011, 14:51


Hazırda bütün planeti öz təsiri altına almış qloballaşma prosesləri dünyaya çıxış üçün aparıcı xarici dilləri öyrənməyi zəruri edib. Azərbaycanın qloballaşan dünyada layiqli yerinin təmin edilməsi, ölkə həqiqətlərinin təbliği baxımından hər bir vətəndaşın xarici dilləri bilməsi çox vacibdir. Bu tələbat son illər daha qabarıq hiss olunur. İndi təkcə yeniyetmələrin və gənclərin deyil, hətta orta nəslin nümayəndələrinin də ingilis, fransız, alman, ispan, rus və digər Avropa dillərini öyrənməyə can atdığının şahidi oluruq.

Hazırda təkcə xarici və yerli şirkətlər, özəl biznes qurumları deyil, hətta dövlət orqanları da işə qəbul zamanı bir və ya bir neçə xarici dili bilən mütəxəssislərə üstünlük verirlər. Bunu onunla əlaqələndirirlər ki, xarici dil bilməyən kadrların bilik və təcrübəsi respublika çərçivəsi ilə məhdudlaşır.

Qeyd edək ki, indi Bakıda onlarla xarici dil kursları fəaliyyət göstərir. Bu kurslarda ingilis, alman, fransız, rus, ispan, italyan, çin, yapon, ərəb, fars, bolqar, ivrit, acar, fin, urdu, hind, gürcü, polyak və başqa əcnəbi billər öyrədilir. Araşdırmalar göstərir ki, kurslara yazılanların böyük əksəriyyəti ingilis dilinə üstünlük verir.

Mütəxəssislərin fikrincə, dil öyrənmək heç vaxt gec deyil, əsas həvəs, meyl olmalıdır. Son illər xarici dillər sırasında ingilis dilinin daha dominant mövqeyə çıxaraq kütləviləşməsi dövrün tələbi ilə əlaqələndirilir. Müasir dövrdə ingilis dilini öyrənməklə əksər ölkələrdə asanlıqla ünsiyyət qurmaq, dünya xalqlarının mədəniyyəti ilə tanış olmaq, hətta xaricdə iş tapmaq olar.

Azərbaycanın qanunverici orqanında - Milli Məclisdə müxtəlif ölkələrlə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərdiyini nəzərə alaraq deputatların hansı xarici dillərdə danışa bilmələri ictimaiyyət üçün də maraqlıdır.

Son seçkilərdən sonra Milli Məclisin tərkibi ilə yanaşı, parlamentin internet səhifəsində deputatlarla bağlı  məlumatlarda da dəyişiklik edildi. Əgər əvvəllər burada deputatların xarici dil bilikləri barədə bilgilər yerləşdirilmişdisə, indi veb-səhifədə bu yoxdur.
Bununla belə, Modern.az saytı bu istiqamətdə araşdırma apararaq bəzi məlumatlar toplayıb. Həmin məlumatlardan aydın olur ki, hazırda parlamentdə təmisil olunan 125 deputatın böyük əksəriyyəti ən azı iki - Azərbaycan və rus dillərini bilir.
Mixail Zabelin yeganə deputatdır ki, rus dilindən başqa heç bir dil bilmir.
Azərbaycan dilində danışan 50-dən çox deputat isə əcnəbi dillərdən yalnız rus dilini bilir. 60-a yaxın deputat iki xarici dildə (rus və ingilis, rus və fransız, rus və alman) danışmağı bacarır.

Parlamentimizdə üç xarici dildə danışmağı bacaran deputatlar da var. Bunlar İqbal Ağazadə (rus, fars və ingilis dilləri), Asim Mollazadə (rus ingilis, alman ), Aydın Abbasov (rus, ingilis, özbək), Gövhər Baxşəliyeva (ərəb, rus, ingilis), Nizami Cəfərov (rus, ingilis, fars), Rafael Hüseynov (ingilis, fars, rus), Səməd Seyidovdur (rus, ingilis, fransız).

Yəhudi əsilli Yevda Abramov Azərbaycan və yəhudi dilləri ilə yanaşı, rus, türk, fars dillərini də bilir.

İki deputat isə 4 dil bilir. Cavanşir Paşazadə rus, fars, özbək və tacik dillərində danışmağı bacarır, Fuad Muradov isə rus, ingilis, fransız, turk dillərini bilir.

Azərbaycan parlamentinin keçmiş deputatı Gültəkin Hacıbəyli Milli Məclisdə 5 xarici dil (ingilis, fransız, rus, ərəb, fars) bilməklə parlamentin poliqlotu idi. İndi Milli Məclisdə 5 dil bilən deputat yoxdur.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır