Modern.az

1992-ci ilin 7 fevralında XOCALI: ““Möhkəm olun, gələcəyik” deyirdilər”

1992-ci ilin 7 fevralında XOCALI: ““Möhkəm olun, gələcəyik” deyirdilər”

Aktual

7 Fevral 2017, 15:53

Bu il Xocalı soyqrımının 25-ci ildönümü olacaq.

 

Modern.az saytı Xocalı genosidinin 25 illiyini nəzərə alaraq silsilə yazılar təqdim edir.

 

1992-ci ilin 7 fevralında Xocalıda vəziyyət necə idi?

Yaşlılar, qadınlar, uşaqlar günü hansı ümidlə başa vururdular?

Xocalının keçmiş icra başçısı, deputat Elman Məmmədov 1992-ci ilin 7 fevralını belə nəql edir.

 

“1992-ci ilin 7 fevralında Xocalı 3 ay 15 gün idi ki, tam mühasirə vəziyyətində idi. Xocalıda nə qaz vardı, nə də işıq. Un tükənmişdi, çörək qıtlığı yaranmışdı. Hərbi sursat yox idi. Müharibə gedirdi, yaralılarımız var idi. Şəhid olan bir-iki nəfərimizi dəfn də etmişik. Bu dəfn ermənilərin atəşi altında baş tuturdu.  Xocalıdan kim varsa, qadınlar, uşaqlar, yaşlılar evlərin altında sığınacaqlara sığınıblar. İnsanlar qorunmaq üçün bura çəkilib. Müharibə günüdür. Biz də rəhbər və  komandirlər olaraq bütün postları yoxlayır və əlaqə saxlayırdıq. Əhali arasında təşvişin qarşısını almaq üçün müəyyən söhbətlər aparırıq. 1992-ci ilin bu günü Xocalıda müharibə gedirdi”.

 

Elman Məmmədov, 1992-ci ilin 7 fevralında insanların ümidlərinin ölmədiyini dilə gətirib.

 

“Hər bir Xocalı insanı imdad gözləyirdi ki, bu saat yol açılacaq. Azərbaycandan köməyimizə gələcəklər. Hamı vertolyot gözləyirdi. Artıq yanvarın 28-də Şuşaya gedən mülki vertolyot ermənilər tərəfindən vurulduqdan sonra vertolyotların da uçuşu dayanıb. Vertolyotlar da uçmurdu.

 

Hamı səbirsizliklə “vertolyotlar gələcək, yaralıları, qocaları, uşaqları, qadınları burdan çıxaracağıq” ümidi ilə yaşayırdı. O zamankı  rəhbərlik hər gün vəd verirdi. “Möhkəm olun, gələcəyik” deyilirdi.

Baxın, əhali belə əhval-ruhiyyə və  ümidlə günü başa vururdu”.

 

Namidə BİNGÖL 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!