Modern.az

Azərbaycanlı diaspor rəhbəri ermənilərlə partiya yaratdığını TƏSDİQLƏDİ

Azərbaycanlı diaspor rəhbəri ermənilərlə partiya yaratdığını TƏSDİQLƏDİ

7 Fevral 2017, 18:16

Ukraynada azərbaycanlı diaspor rəhbəri Rövşən Tağıyevlə erməni icmasının birləşərək devrilmiş prezident Yanukoviç tərəfdarlarına qoşularaq yeni partiya yaratması barədə məlumat yayılıb.

Ukraynadakı azərbaycanlıların Modern.az-a göndərdiyi məlumata əsasən Rövşən Tağıyev də  inqilab yolu ilə devrilmiş prezident Viktor Yanukoviçin tərəfdarlarının ermənilər ilə birgə yeni yaratdığı partiyaya qoşulub. Partiya Viktor Yanukoviçin hakimiyyətində Ukraynanın xarici işlər naziri işləmiş Leonid Kojaranın rəhbərliyi ilə yaradılır. Qeyd edilir ki, bununla bağlı təsis konfransı da keçirilib və partiya bu yaxınlarda rəsmən elan olunacaq. Eks-nazir L.Kojaranın rəhbərliyi ilə keçən tədbirdə Rövşən Tağıyev, onunla yaxın dost olduğu iddia olunan Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Avanesyan və digər Yanukoviç tərəfdaları iştirak ediblər. Yeni siyasi partiyanın Rusiyanın dəstəyi ilə yaradıldığı, Yanukoviç tərəfdarlarının bu partiya ilə indiki Ukrayna hakimiyyətinə qarşı yeni siyasi cəbhə açdığı elan olunub. Partiyanın adı Ukrayna Sosial-Demokrat Partiyasıdır. Bildirilir ki, partiya Ukraynada inqilabdan sonra zəifləmiş Rusiya maraqlarını bərpa etməyə xidmət göstərəcək, Avrointeqrasiya əleyhinə siyasi xətt götürəcək.

Modern.az saytı məsələ ilə bağlı diaspor rəhbəri Rövşən Tağıyevlə əlazə saxlayıb. Onun yayılan xəbərə cavabı belə olub:


“Çirkin kampaniya ilə bağlı haqqımda yazılanlar mənə maraqlı deyil. Bilirəm ki, bu məsələlər Kiyevə bir nəfər tərəfindən ötürülür. Çünki həmin şəxsin  jurnalist dostları var. Hansı ki, yeni il qabağı həmin jurnalistlərə burda yeyib-içmək təşkil edib.  

Guya ki, mən erməni diasporunu gedib təbrik etmişəm. Halbuki, bu Bakı restoranında olan azsaylı millətlərin, dövlət məmurlarının iştirakı ilə 45 millətin qatıldığı tədbir idi. Orada erməni diasporunun rəhbəri və digər millətlərin nümayəndələri olub.

Leonid Kojaraya  gəlincə, onunla  tanışam. O xarici işlər naziri olub. Həmin partiyanı da o yaradıb. Biz partiyanın yaradıcısı deyilik. Sadəcə, ictimai xadim kimi partiyaya dəvət olunmuşuq. Poroşenkonun da partiyası ilə münasibətimiz olub. Haqqımda yayılan informasiyaların arxasında bir azərbaycanlı dayanır. Həmin o şəxs və onun kimi insanlar Azərbaycan dövlətçiliyi adına ləkədirlər”.

Rövşən Tağıyev ermənilərlə birgə olan şəkillərinə də aydınlıq gətirib.

“Şəkilə diqqətlə baxsaz, görərsiniz ki, orada Kojara və 20-dən artıq millətin nümayəndələri var. Mənim də şəklim ola bilər. Bir daha deyirəm ki, həmin şəxsin dəstəyi ilə barlara, saunalara gedən jurnalistlər bu gün mənə qarşı yazılar yazırlar. Sadəcə olaraq, demək istəyirəm ki, haqqımda yazılar yazdıran həmin şəxs, ətrafında olan insanlar Azərbaycan dövlətçiliyinə qarşı müxalifətdə olan insanlardır. Biz burda azərbaycanlı olaraq dövlətimiz adına çalışırıq və xidmət göstəririk”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür