Modern.az

MM-in komitə sədri: “Yüksək əmək haqqı korrupsiyaya qarşı mübarizənin bir elementidir”

MM-in komitə sədri: “Yüksək əmək haqqı korrupsiyaya qarşı mübarizənin bir elementidir”

Parlament

1 Aprel 2011, 15:05

Bu gün Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu ilə İnsan hüquqları komitələrinin bigə iclasında «Azərbaycan Respublikasında 2011-ci ilin «Turizm ili» elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələn turistlərə viza rəsmiləşdirilməsi qaydalarının sadələşdirilməsi məqsədi ilə «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında» qanuna dəyişikliklər edilməsi barədə» və «Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə»də dəyişikliklər edilməsi barədə» qanun layihələrinin müzakirəsi keçirilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, müzakirəyə çıxarılan məsələlər son zamanlar ölkədə aparılan korrupsiyaya qarşı mübarizə çərçivəsində qanunvericilik tədbirlərini özündə ehtiva edir. Onun sözlərinə görə, istər turizm, istərsə miqrasiya məsələsi bir-birilə  bağlı olan məsələlərdir və bu baxımdan, son illər ölkəmizdə həm turizm, həm də miqrasiya prosesi inkişaf edir. Eyni zamanda, 2011-ci ilin turizm ili elan olunması, eləcə də korrupsiyaya qarşı milli strategiyanın icrası ilə bağlı dövlət başçısının məlum sərəncamları mövcuddur:
“Odur ki, Azərbaycanda turizmin inkişaf etdirilməsi, bu sahədə şəffaflığın təmin olunması məqsədilə belə bir qanun layihəsi ortaya qoyulub”. 

Qeyd edək ki, bu qanun layihəsində təklif olunur ki, turistlərə birdəfəlik giriş-çıxış üçün vizalar verilir.

Belə vizalarda ölkədəqalma müddəti 30 günədək müəyyən edilir. Həmçinin, viza almaq üçün əcnəbilər gəlişin məqsəd və müddətini göstərməklə, viza verilməsi haqqında ərizə ilə ölkəsində və ya  üçüncü ölkələrdə Azərbaycanın səfirliklərinə, konsulluqlarına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda isə  birbaşa müvafiq icra orqanına müraciət edərək, tələb olunan sənədləri və viza verilməsi üçün dövlət rüsumunun ödənilməsi barədə qəbzi ərizəyə əlavə etməlidirlər. Eyni zamanda, turistlər viza almaq üçün turizm şirkətləri vasitəsilə müraciət edirlər.  Turizm şirkətləri öz növbəsində  turistlərə viza almaq üçün elektron qaydada (internet vasitəsilə) müraciət edə bilərlər.  Elektron qaydada verilən viza pasporta yapışdırılmır və sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərkən turist tərəfindən pasportla birgə təqdim olunur. Sərhəd-nəzarət buraxılış məntəqəsindən keçərkən isə vizada şəxsin Azərbaycan ərazisinə daxil olması və ölkə ərazisini tərk etməsi barədə qeyd aparılır. Bununla belə, elektron qaydada verilən vizanın maşınla oxuna bilən xüsusi kodu olur.

İkinci qanun layihəsi barədə məlumat verən Ə.Hüseynli  deyib ki, bir neçə gün öncə Azərbaycanda miqrasiya xidməti orqanlarının yaranmasının 4 ili tamam oldu: «Bu gün onların qanunvericilik bazası da var. Amma onların maddi-texniki, o cümlədən, sosial təminatlarının yaxşılaşdırılmasına da ehtiyac var. Ona görə sözügedən sənəd məhz bu məqsədlə gündəmə gətirilib».

Ə.Hüseynli qeyd edib ki, istər digər sahələrdə, istərsə də miqrasiya xidməti orqanlarında əməkdaşların yüksək əməkhaqlarının olması vacibdir və bu məqamın özü korrupsiyaya qarşı mübarizəni şərtləndirən elementlərdən biridir: «Müzakirəyə çıxarılan sənədin qəbulu miqrasiya orqanlarında çalışan insanların həm də sosial təminatının yaxşılaşdırılması məqsədini güdür. Yüksək əmək haqqı, yüksək sosial təminat korrupsiyaya qarşı mübarizənin bir elementidir. Eyni zamanda, aşağı əmək haqqı da o demək deyil ki, kimsə buna görə rüşvət almalıdır».

Bu qanun layihəsində göstərilir ki, miqrasiya sahəsində qanunvericiliyin pozulmasına görə miqrasiya orqanları tərəfindən İnzibati Xətalar Məcəlləsinə əsasən tətbiq edilən cərimələrdən toplanan vəsaitin 25 faizi miqrasiya orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının hesabına keçirilir. Bu vəsaitdən istifadə qaydası isə müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilir.

Əsasnaməyə təklif olunan bu dəyişiklik isə MM-in İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanovanın narazılığına səbəb olub. O, qeyd edib ki, miqrasiya xidməti orqanı əməkdaşlarının əməkhaqqı və onların sosial müdafiəsinin gücləndirilməsi məsələsi heç də cərimələrlə həll olunmamalıdır: «Burada belə bir sual da ortaya çıxır ki, bu cərimələr olmayacağı təqdirdə, gələcəkdə onların gəlirləri haradan olacaq?. Yəni, hesab edirəm ki, biz həmin xidmətin əməkdaşlarının sosial müdafiəsini cərimələrdən asılı vəziyyətə salmamalıyıq. Bunu əslində büdcədə nəzərdə tutmalıyıq».

Millət vəkili Yevda Abramovun bildirdiyinə görə, elə ölkələr var ki, bu gün orada hələ də Azərbaycanın səfirlikləri yoxdur: «Bu iş mənim də başıma gəlib. Bu ölkələrin nümayəndələri üçüncü ölkələrə gedib, viza məsələsini həll edib, Azərbaycana gəlməlidirlər. Üçüncü ölkə kimi də bizə ən sərfəli olan ölkələr Türkiyə və Rusiyadır. Ancaq bir daha qeyd edirəm ki, səfirliklərimiz olmayan ölkələrdən Azərbaycana gəlmək istəyən vətəndaşları nə etməlidirlər? Onlar ailələrini də həmin üçüncü ölkələrə aparmalıdırlarmı? Ona görə hesab edirəm ki, nəhayət, bu problem öz həllini tapmalıdır».

Ə.Hüseynli öz növbəsində sözügedən sənədin məhz bu problemin həllinə köməklik göstərilməsi üçün ortaya qoyulduğunu söyləyib.

Hüquqi müdafiəçisi, bitərəf millət vəkili Çingiz Qənizadə qeyd edib ki, miqrasiya xidməti orqanlarının maddi-texniki təminatının paylanılması məsələsi şəffaf həyata keçirilməlidir: «Ancaq bu məsələnin qanun layihəsində müvafiq icra hakimiyyəti orqanına həvalə edilməsi mənqə müəyyən şübhələr yaradır».

Millət vəkili Fəzail Ağamalı hər iki sənədə müsbət yanaşdığını qeyd edərək bildirib ki, xüsusilə, turizmlə bağlı qanun layihəsi Azərbaycanda turizmin inkişafına öz töhfəsini verəcək, ölkəyə turist axınının güclənməsinə səbəb olacaq.

Deputatlat hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə ediblər.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı