Modern.az

“Məcburi sığortalar haqqında” qanun layihəsi deputatlar arasinda fikir ayrılığı yaradıb

“Məcburi sığortalar haqqında” qanun layihəsi deputatlar arasinda fikir ayrılığı yaradıb

Parlament

1 Aprel 2011, 15:52

Bu gün Milli Məclisin Sosial siyasət və İqtisadi siyasət komitələrinin birgə iclasında “İnzibati sığortalar haqqında” qanun layihəsi 2-ci oxunuşda müzakirə olunub. Qeyd edək ki, bu qanun Azərbaycanda icbari sığorta sahəsində yaranan münasibətləri və bu sahədə sığortaçıların və sığortaya alanların və faydalanan şəxslərin arasında hüquqi və fiziki münasibətlərin tənzimlənməsi, onların hüquq və mənafelərinin qorunması məqsədilə icbari sığortaların həyata keçirilməsinin ümumi əsasları, həmçinin bu qanunda nəzərdə tutulmuş şərtləri müəyyən edir.

Məsələ ilə bağlı öncə Ziyad Səmədzadə məlumat verib. O bildirib ki, bu qanunun qəbulu zəruridir. Onun sözlərinə görə, bu sənəd xüsusilə iş adamları, əhalinin bütün təbəqələri, hökumət  üçün maraqlıdır.

Komitələrin içlasında maliyə nazirinin müavini Azər Bayramov və digər dövlət qurumlarının nümayəndələr iştirak edib.

Öncə deputat Vahid Əhmədov çıxış edib. O bildirib ki, qanun layihəsinin haradan peyda olması onun üçün məlum deyil. O, məsələnin araşdırılmasını istəyib: “Şəxsi mülkiyyətin məcburi şəkildə sığortalanması hardan gələn bir təşəbbüsdür. Dünyanın hansı ölkəsində belə bir məsələ var  ki, bu Azərbaycana da gəlib çıxıb. Birinçi növbədə çalışmaq lazımdır ki, bu məsələlərlə bağlı təbliğat işləri güçləndirilsin. Məcburi şəkildə insanların şəxsi mülkiyyətini sığorta etmək nə dərəcədə düzgündür”.

V.Əhmədov hesab edir ki, qanun lahiyəsi bu şəkildə qəbul olunsa, işləməyəcək: “Daşınmaz əmlak deyəndə nə nəzərdə tutulur, burda konkret olaraq avadanlıq deyilib, bu avadanlıq nədən ibarətdir. Bu acıq şəkildə ortaya qoyulmalıdır. Çox istərdim ki, bu məsələ tənzimlənsin. Əgər bu şəkildə qəbul edilsə, qanun heç bir halda işlənməyəcək”.

Millət vəkili hesab edir ki,  qanunun qəbulu ciddi narazılıqlara səbəb olacaq: “Sabah Nazirlər Kabineti qərar çıxarsa ki, hər bir şəxsin evindəki soyuduçu, kondinsioner də daşınmaz əmlak kimi sığortaya alınsın, bu, neçə olacaq? Biz Azərbaycanda adi həyatı sığorta etdirə bilmirik.

Digər təklifim sığorta faizi ilə bağlıdır. Burda göstərilmir ki, nə qədər ödəniləcək. Kiminsə 500 milyonluq əmlakı varsa, o, məcburi sığortanı neçə ödəyəcək?”.

Millət vəkili Hadı Rəcəbli bildirib ki, sosial-müdafiə baxımından sığortaları əvəzləyəcək bir məsələ yoxdur: “Ona görə də bu məsələlərə böyük əhəmiyyət vermək lazımdır”.

Ötən ilki Kür daşqınlarına münasibət bildirən millət vəkilinin sözlərinə görə, dünyanın heç bir ölkəsində insanın şəxsi evinə dəyən ziyanın hamısını dövlət ödəmir. Amma Azərbaycan Prezidenti məsələni öz üzərinə götürərək həll edib”.
H.Rəcəblinin sözlərinə görə, indi sığorta məsələsi həll edilməlidir: “Bundan əlavə sığorta məsələsini təbliğ etməliyik, cəmiyyətə sığortanın nə olduğunu çatdırmaq da vacibdir”.

Qanunun əleyhinə olmadığını vurğulayan millət vəkili qeyd etdi ki, qanunda ciddi təkmilləşmə aparmağa ehtiyac duyulur. H.Rəcəbli eyni zamanda bildirib ki, qanunun adı da düz deyil. “Qanunun adında necə ola bilər ki, icbari sığortalar haqqında, bundan əvvəl digər sığortalar haqqında qanun layihələri var idi. Tibbi sığorta var idi, işləyən insanların sığortalanması var idi”.
H.Rəcəblinin deyib ki, özlərinə görə, bu məsələdə mətbuatın da üzərinə xüsusi iş düşür.
“Mətbuatı da məsləyə cəlb etmək lazımdır ki, insanları maarifləndirə bilsin”.

İqtisadi-siyasət komitəsinin üzvü Ayaz Orucov da sığorta məsələsinin vacib olduğunu bildirib: “Ancaq burada açıq göstərilməlidir ki, sığortaya nə qədər vəsait veriləcək”.

Əli Məsimli isə qanunu konkret olaraq xalqın əleyhinə olan sənəd adlandırıb: “Bu gün Azərbaycanda qanunların yarısı işləmir. Qanunların işləməməsi səbəbinə gəlincə isə millət vəkili belə deyib:
”Bu gün Azərbaycanda bəzi qanunlar qəbul ediləndə, konkret olaraq müəssisələrin, nazirliklərin, idarələrin mövqeləri, maraqları qorunur. Ancaq cəmiyyətin maraqları qorunmur. Cəmiyyətin maraqları qorunmadığı üçün qanunlar işləmir. Hesab edirəm ki, bu sənədə də balans qorunmayıb. Sadəcə sığorta edənlərin hüqüqları qorunur. Bu kimi məsələlər əlavə problemlərə gətirib çıxaracaq”.

Deputat qeyd edib ki, əgər bu gün Azərbaycanda orta əmək haqqı 350 manat deyilsə, büdcə təşkilatında çalışanların məvacibi 150-200 manat təşkil edirsə, ümumiyyətlə büdcə təşkilatından maaş alanlar hansı şəkildə sığorta verə biləcək. bunu da açıq şəkildə ortaya qoymaq lazımdır.

Deputatın sözlərinə görə, dünya praktikasında sığorta olunanların 90% insanların öz həyati ilə bağlıdır: “Amma Azərbaycanda insanların həyatı sığorta olunmur, sadəcə olaraq insanların maşınları məcburi şəkildə sığorta edirlər. Belə görünür ki, artıq maşın insan həyatından qiymətlidir. Mən hesab edirəm ki, Azərbaycan xalqına xidmət edən qanunlar qəbul etməliyik”.

Deputat Statistika Komitəsinin məlumatına da toxunub. O qeyd edib ki, Statistika Komitəsinin ölkədəki işsizlərlə bağlı iki rəqəmi var: “Bir rəqəmdə ölkədəki işsizlərin sayının 250 min olduğu qeyd olunur,  digərində isə 35 min olduğu göstərilir. Mən hesab edirəm ki, burada komitədə heç bir günah yoxdur. Sadəcə, bizim qəbul etdiyimiz qanunlar bunu belə edib. Təsəəvür edin 250 min ilə 35 min araslnda nə qədər boşluq var”.

Xanhüseyn Kazımlı da  qanunun bu şəkildə qəbul olunmasının əleyhinə çıxıb: “Siz mənə göstərə bilərsinizmi hansısa ölkədə belə bir qanun var. Biz hansısa ölkədən ağıllı çıxmışıq ki, belə bir qanun qəbul edirik”.

Millət vəkili təkilf edib ki, əgər belədirsə, bütün sığorta qanunlarını Siğorta Məcəlləsində birləşdirmək lazımdır: “Azərbaycanda bir tendensiya var. Vergi, sığorta və kömrük məsələlərini uyğunlaşdırmaq lazımdır, əks halda bu işləməyəcək”.

Millət vəkili eyni zamanda əmlak vergisi ilə bağlı qanun layihəsinin işlənib hazırlanmasını da təklif edib. Bildirib ki, “bu məsələni ölkə Prezidenti gündəmə gətirib, biz niyə  həll etmirik?”: “Ümumilikdə is qanun layihəsinin 98%-i qüsurludur”.

Maliyə Nazirliyinin müavini Azər Bayramov qaldırılan məsələlərə münasibət bildirib. O qeyd edib ki, bu qanunla bağlı tənqidlər düzgün deyil:
“Qanun layihəsinin 80%-i mövcud və Azərbaycanda işləyən qanunların təkmilləşməsi hesabına yaradılıb. Bu sənəddən qorxmaq lazım deyil. Bizdə əmlak sığortası  illik 0,2 % nəzərdə tutulur. Bu da o deməkdir ki, Bakı şəhərində böyüklüyündən, kiçikliyindən asılı olmayaraq hər bir mənzil üçün il ərzində təxminən 50 AZN vəsait ödənilə bilər. Əgər kimsə mənzilini daha yuxarı məbləğdə sığortalatmaq istəyirsə, bu, onun öz işidir”.

O qeyd edib ki, bu şəkildə sığortalanma olsa, mənzili hər hansı səbəbdən zərər çəkən vətəndaşa sığorta edən tərəfindən 25 min manat ona ödəniləcək.

Məcburi sığortanın hansı əmlaka şamil edləcəyi, bu siyahının necə müəyyənləşəcəyi məsələsinə gəlincə, Hadi Rəcəbli qeyd edib ki, Ədliyə Nazirliyinin nəzdində reystr xidməti var və və o elə bir işlək hala düşəcək ki, insanların əmlakı orda mərkəzləşdiriləcək. Buna uyğun olaraq insanlar sığorta faizi verəcəklər.

Azər Bayramovun çıxışından sonra depuıtat V.Əhmədov bildirib ki, o öz təklifində qalır.

Xanhüseyn Kazımlı bildirib ki, bu məslələrdə ciddi qüsurlar var və aradan qaldırılmalıdır.

Uzun müzakirələrdən sonra belə qərara alınıb ki, Vahid Əhmədovun təklifi nəzərə alınsı. Hər iki komitənin və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət birgə komissiya yaradılsın.

Qərara alınıb ki, komissiya sənəd üzərində işləsin və Milli Məclisin növbəti iclasında tövsiyə olunub. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır