Modern.az

Bəxtiyar Əliyev: “Bir insan üçün ən böyük nemət və xoşbəxtlik müstəqil dövlətin vətəndaşı olmaqdır”

Bəxtiyar Əliyev: “Bir insan üçün ən böyük nemət və xoşbəxtlik müstəqil dövlətin vətəndaşı olmaqdır”

1 Aprel 2011, 19:55

Milli Məclisin deputatı, professor Bəxtiyar Əliyevin 50 yaşı tamam olub. 1961-ci il martın 20-də Ağdamın Papravənd kəndində anadan olan Bəxtiyar Əliyev Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib. Psixologiya elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvüdür. 15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

1983-1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışıb. 1997-ci ildən Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiridir. 2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var.

- Bəxtiyar müəllim, 50 il necə keçdi? Bu 50 ildə xüsusi yadda qalan məqamlar hansılardır?

- 50 il elə də böyük tarix deyil. Bir tərəfdən çox ola bilər, digər tərəfdən də az. Bir  həyatdır, yaşamışıq. Düşünürəm ki, kifayət qədər dolğun yaşanmış illərdir. Bu illər ərzində çoxlu iş görülüb, uğurlar qazanılıb, çox qiymətli hadisələr yaşanıb.

Mənim üçün ən qiymətlisi odur ki, müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Biz müstəqilliyi gördük və bununla fəxr edirik. Bu, tarixi bir hadisədir. Həmişə fikirləşirdik ki, görəsən, nə vaxtsa Azərbaycan bir daha müstəqil ola bilərmi. Şükürlər olsun ki, buna nail olduq. Müstəqilliyimiz böyük səadətimiz, xoşbəxtliyimizdir. 20 il ötüb, bəlkə də çoxları bu xoşbəxtliyi hiss etmir. Amma bir insan üçün dövlət müstəqilliyinin qurulmasının iştirakçısı və müstəqil dövlətin vətəndaşı olmaq ən böyük nemət və xoşbəxtlikdir.

- Moskva Dövlət Universitetində təhsil almısınız, gənc yaşda elmlər doktoru, kafedra müdiri, Milli Elmlər Akademiyasının müxbir üzvü olmusunuz. Eyni zamanda fəal ictimai-siyasi fəaliyyətlə məşğulsunuz, üç dəfə Milli Məclisə üzv seçilmisiniz. Sizcə, insanı uğura aparan başlıca amil nədir?

- Hər bir uğur istək və zəhmət hesabına başa gəlir. İstək və zəhmət olanda qarşıya qoyulan vəzifələri həll etmək, arzuları həyata keçirmək mümkündür. Vacib şərtlərdən biri də ciddi məsuliyyətin olmasıdır.

Ağdamda orta məktəbi bitirdikdən sonra 1970-ci illərdə Moskva Dövlət Universitetində oxumaq arzun ola və buna nail olasan, sonra Bakı Dövlət Universitetində fəaliyyətə başlayasan - bu arzular üçün çalışmaq, oxumaq lazım idi.

Elm yolunu seçməyim ailəmdən irəli gəlirdi. Müəllim ailəsində, elm mühitində böyümüşəm. Baxmayaraq ki, valideynlərim eyni zamanda Sovet dövründə partiya və dövlət işlərində də çalışıblar. Bu uğurlar elə bir mühitdə qazanılıb ki, o mühitin özü də buna uğurlara şərait yaradıb. Bununla yanaşı, Azərbaycanda gedən proseslər, elmi yüksəliş, psixologiya elminin Azərbaycanda gənc olması və bu sahədə böyük tədqiqatlara ehtiyac duyulması uğurlara şərait yaratdı.

İlk uğurumuz Məhkəmə-Psixoloji Ekspertizası Elmi Tədqiqat Laboratoriyası yaratmağımız oldu. Azərbaycanda ilk dəfə belə müstəqil elmi tədqiqat laboratoriyası yaradılırdı. Ardınca müstəqil elmi mərkəz, daha sonra Azərbaycanda ilk müstəqil psixologiya elmi jurnalı, Bakı Dövlət Universitetində eksperimental psixologiya elmi tədqiqat laboratoriyası yaratdıq. Bunlar hamısı elmin yeni sahələrində, istiqamətlərində qazanılan uğurlardır. Burada yeni kadrlar yetişirdi, elmin yeni istiqamətləri üzrə araşdırmalar aparıldı, həm Azərbaycan, həm də dünya elminə töhfələr verildi.

Bu müddət ərzində bilavasitə mənim rəhbərliyim altında 23 aspirantın, 5 elmlər doktorunun yetişdirilməsi, Psixologiya Elmləri üzrə Müdafiə Şurasına sədrlik etməyim, burada psixologiya elminin bütün sahələri üzrə kadrların hazırlanması və sair işlər insanı daha çox məsuliyyətli olmağa, daha çox işləməyə, elmin inkişafına töhfələr verməyə sövq edən məsələlərdir.

Sovet dövründə Moskva, Leninqrad şəhərlərində, sonra xarici ölkələrdə beynəlxalq konfranslarda çıxışlar etmək, Azərbaycan elminin təmsilçiliyi, Beynəlxalq Psixologiya Assosiasiyasına üzvlük kimi işlərin hamısı, əlbəttə, Azərbaycan dövlətinin bizə yaratdığı imkanlar nəticəsində mümkün olub.

- 1970-ci illərdə universitetə daxil olmusunuz, həmin dövr daha çox bir xüsusuiyyəti ilə seçilir - o vaxt çoxları övladının partiya və ya hüquq mühafizə sistemində işə düzəltmək üçün ya tarix fakültəsində, ya da hüquq fakültəsində oxumasını istəyirdi. Psixologiya elminin Azərbaycanda populyar olmadığı bir dövrdə nədən bu ixtisası seçdiniz?

- Səmimi deyim ki, mən hüquq mühafizə orqanlarında çalışmaq istəmirdim, buna hazırlaşmırdım. Şərqşünas olmaq istəyirdim, amma Bakıda deyil, Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda oxumaq istəyirdim. O dövrdə şərqşünaslıq fakültəsi Asiya və Afrika Ölkələri İnstitutu adlanırdı. Mən orta məktəbi bitirib imtahan vermək üçün Moskvaya getdim. Amma çox təəssüf ki, ora respublika komsomolunun göndərişi, zəmanəti tələb olunurdu. Mən rayon komsomolunun göndərişini almışdım. Bu göndəriş bir növ zəmanət rolunu oynayırdı, çünki şərqşünaslığı bitirən tələbə xarici ölkədə işləməyə gedirdi və onun geri qayıtmaması narahatlığı vardı.

Bakıda, respublika komsomolunda mənə zəmanət vermədilər. Dedilər ki, geçikmisiniz. Mən iyul ayının əvvəllərində müraciət etmişdim, sən demə, müddət apreldə bitib, halbuki məktəbi iyun ayında bitirirdik. Moskvada dedilər ki, hüquq, tarix, filologiya fakültələrinə sənəd verə bilərsiniz, mən heç birini istəmədim.

Moskva Dövlət Universitetinin mərkəzi binasından universitetin fakültələri haqda bir kitabça almışdım. Oturub onu oxuyurdum, şərqşünaslığa sənəd verə bilməməyin fikrini edirdim. Kitabçanı oxuyandan sonra psixologiya fakültəsinin üzərində dayandım. Gördüm ki, psixologiya daha çox mənim fikirlərimə uyğundur. Psixologiya fakültəsinin binası ilə şərqşünaslıq fakültəsi olan Asiya və Afrika Ölkələri İnstitutu eyni həyətdə yerləşirdi, qonşu binalar idi. Psixologiya fakültəsinə daxil olmaq qərarına gəldim. Qərarımı aşıqlayanda evdəkilər təəccüblə qarşıladılar. Düzdür, özləri ali təhsil alan zaman fənn olaraq psixologiyanı keçmişdilər, amma bunu geniş ixtisas olaraq seçdikdə necə olacağını təsəvvür edə bilmirdilər. Ali məktəbi bitirdikdən sonra harada işləyəcəyimdən narahat idilər. Bir çoxları elə bilirdilər ki, mən bu fakültəni bitirdikdən sonra həkim olacam. Beləcə mən psixologiya ixtisasını seçdim və bundan çox şadam. Qarışa qoyduğum məqsəd və istəklərə bu fakültəni bitirməklə nail oldum.

Orta məktəbdə oxuyanda başqa sahələrə də marağım vardı. Sulu boya ilə şəkil çəkirdim, musiqi məktəbinə gedirdim. Hətta “Qarabağ bülbülləri” ansamblında kamança çalırdım. Eyni zamanda, foto və kino sənətinə böyük həvəsim vardı. Bir klubda çalışırdıq. “Qarabağ bülbülləri” adlı 15 dəqiqəlik qısametrajlı film çəkmişdik. Onu Polşaya qısametrajlı film festivalına göndərdik, müsbət qarşılandı. Amma valideynlərim Polşaya getməyimə icazə vermədilər, festivalda iştirak edə bilmədim. Nə “Qarabağ bülbülləri” ilə festivala gedə bildim, nə də kino fəaliyyətini davam etdirdim. Amma o hisslər hələ də içimdə yaşayır.

- O vaxt şərqşünaslıq fakültəsində təhsil alanları görəndə hansı hisslər keçirirdiniz?

- O fakültənin tələbələrindən də dostlarım vardı. Mən universitetə 1978-ci ildə daxil olmuşdum, 1980-ci ildə həmin institutun tanınmış akademiklərindən biri mənə şərqşünaslıq fakültəsinə keçməyi təklif etdi. O il Moskvada olimpiada keçirilirdi, tərcüməçilərə də ehtiyac var idi. Amma psixologiya artıq mənim canıma elə hopmuşdu ki... Asiya və Afrika Ölkələri İnstitutunun mənə verə bilməyəcəyi şeyləri psixologiya verirdi. Ona görə də bu təklifdən imtina etdim. Hətta fiziologiya fənni üzrə imtahandan sonra kafedra müdiri rektor qarşısında məsələ qaldırmışdı ki, məni biologiya fakültəsinə keçirsinlər. Kafedra müdiri mənim gələcəkdə böyük bir fizioloq olacağıma çox inanırdı, amma mən bundan da imtina etdim.

Mənim fikrim, seçimim qəti idi, psixologiya ürəyimcə olan ixtisas idi. Təsadüfi seçim olsa da. İlk iki ildə psixologiya fakültəsində oxumaq çox çətin idi. Birinci və ikinci kurslarda, demək olar, günümün 18 saatından çoxunu oxumağa, bu sahəni öyrənməyə sərf edirdim.

- O dövrdə Moskvaya təhsil almağa gedən tələbələrin çoxu geri qayıtmırmış, necə oldu ki, universiteti bitirdikdən sonra Azərbaycana qayıtmaq qərarına gəldiniz?

- Aspiranturada qalmaq istəyirdim, bununla bağlı təklif də olmuşdu. Amma fakültənin elmi şurası zəmanət verməli idi, bunun üçün Bakıdan razılıq məktubu almaq lazım idi. O vaxt Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu bu məktubu mənə vermədi. Dedilər ki, Elmlər Akademiyasında təcili psixologiya şöbəsi yaratmalıyıq. Təhsil Nazirliyindən də “Qayıtmalısan, göndərişi bütün işlər görüldükdən sonra verəcəyik” dedilər.

Həmin il fakültə tarixində ilk dəfə idi ki, Moskva Şəhər İcraiyyə Komitəsində bir yer ayrılmışdı. Fakültəyə göndəriş gəlmişdi. Məni universitetin partiya təşkilat komitəsinə dəvət etdilər. Dedilər ki, rəhbərlik təyinatımı həmin yerə verməyi məsləhət görüb. Moskvada yaşamaq, birdən-birə ev almaq və yaxşı iş sahibi olmaq şansı yarandı. O dövr üçün böyük bir uğur idi. Amma mən yenə də imtina etdim, ruhumda belə şeylər yox idi, elmlə məşğul olmaq istəyirdim.

Bakıya qayıtdım və 1983-cü ildə Bakı Dövlət Universitetində fəaliyyətə başladım. Müxtəlif yerlərdən yaxşı təkliflər almağıma baxmayaraq o gündən bu günə universitetin psixologiya kafedrasında çalışıram. Baş laborantdan kafedra müdirinə qədər yüksəlmişəm, bu mənə böyük etimaddır. Elm adamı üçün böyük nailiyyət və fəxrdir. İxtisasın olduğu elmin ölkədəki ən yüksək qurumuna rəhbərlik etmək və həmin elm sahəsində elmlər doktoru, professor olmaq alim üçün çox böyük uğurdur. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına seçkilər keçirildi. Bakı Dövlət Universitetinin Elmi Şurası, akademiklər və dövlət mənə böyük etimad göstərdi, akademiyanın müxbir üzvü seçildim. Bu da böyük uğurdur və çalışıram ki, bu uğurların məsuliyyətini sona qədər daşıyım, elmə bacardığım qədər töhfələr verim.

- Bu gün ölkədə psixologiya elminin vəziyyəti nə yerdədir?

- İlk illərdə Azərbaycanda psixologiyanın tam anlamda dərk edilməməsinin səbəbi o idi ki, sovet dövründə bu fəaliyyət sahəsi məhdudlaşdırılmışdı. Psixologiya elmindən ancaq mühüm sahələrdə istifadə olunurdu. Məsələn, adı məxfi saxlanan psixoloqlar qrupundan kosmonavtların hazırlanmasında, hərbi təşkilatlarda, hüquq mühafizə orqanlarında istifadə olunurdu. Yəni yalnız bu sahədə psixoloqlar lazımi insanların seçilib hazırlanması, psixoloji müharibənin aparılması qaydaları ilə məşğul olurdular. Az-çox da milli siyasət sahəsində psixologiya tətbiq edilirdi. Qalan sahələrdə isə psixologiyaya geniş yer verilmirdi.

1980-ci illərdən psixologiya səhiyyə sahəsində tətbiq olunmağa başladı, təkcə nevroloji dispanserlərdə deyil, kardioloji xəstəliklərdə, neyrocərrahiyyədə və sair sahələrdə də istifadə olundu. Beləliklə, yavaş-yavaş sovet idarəçiliyində psixologiyaya yer verildi və bu, Azərbaycanda da tətbiq edildi.

1990-cı illərdə BDU-da sosial elmlər və psixologiya fakültəsi, Səhiyyə Nazirliyində xüsusi psixoloji mərkəz yaradıldı, bütün orta məktəblərdə praktik psixoloq ştatları açıldı və bu gün orta məktəblərdə 5 mindən artıq psixoloqlar işləyir. Bu gün idmandan tutmuş istehsal sahəsinə qədər elə bir sahə yoxdur ki, orada psixologiya tətbiq edilməsin, psixoloqa ehtiyac olmasın. İstər məhbusların islahı, istər insanların işə qəbulu, istər xəstələrə düzgün diaqnoz qoyulması, müalicəsi, istərsə də uşaqların tərbiyəsi, istedadların aşkar edilməsi sahəsində psixoloqlara tələbat var.

Təəssüflər olsun ki, psixologiya elminin əldə etdiyi nailiyyətlərin Azərbaycanda tətbiqi üçün olan imkanlardan hələ tam istifadə edilmir. Xüsusilə də nəzərə alsaq ki, artıq Azərbaycanda özəl sektor iqtisadiyyatın 85 faizini təşkil edir, sifarişlər daha çox özəl sektordan olmalıdır. Amma təəssüf ki, özəl sektorun təqribən 5-6 faizi psixoloqlara müraciət edir.

Bununla belə, əhali arasında kifayət qədər maariflənmə var, psixoloji yardım mərkəzləri fəaliyyət göstərir, insanlar ən müxtəlif məsələlərdən qaynaqlanan psixoloji problemlə bağlı ora müraciət edirlər. Bu mərkəzlərdə kifayət qədər yüksək xidmət göstərilir və əhali bunun nəticəsini görür. Düşünürəm ki, 21-ci əsr psixologiya elminin əsridir. Bu gün dünyada baş verən hadisələr də göstərir ki, bu elmin inkişafına və praktikada tətbiqinə böyük zərurət var.

- Siz həm də Milli Məclisin elm və təhsil komitəsinin sədr müavinisiniz. Azərbaycan elm və təhsilinin indiki durumuna yanaşma birmənalı deyil. Bu durumu siz necə qiymətləndirirsiniz?
- Məsələyə iki tərəfdən yanaşmaq olar. Birinci, təhsil sahəsində böyük islahatlar gedir və xeyli uğur qazanılıb. Ancaq ölkədə gedən inkişaf səviyyəsini götürsək, günün meyarları baxımından təhsilin hazırkı səviyyəsi bizi qane etmir. Bu gün Azərbaycan vətəndaşı yüksək informasiya texnologiyaları cəmiyyətində yaşamağa başlayıb. Biz belə bir cəmiyyətin vətəndaşını elm və təhsil sahəsində də qane etməyin yollarını düşünməliyik. Ölkə pezidentinin həyata keçirdiyi iqtisadi, siyasi, mədəni islahatlar olduqca sürətlidir və biz elm və təhsil işçiləri öz işimizi elə qurmalıyıq ki, ölkə başçısının apardığı islahatlarla ayaqlaşa bilək.

- Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı rəqəmlər təhsil səviyyəsinin ildən-ilə aşağı düşdüyünü göstərir.

- Təhsil sahəsində islahatlar davam etdirilməlidir, ciddi işlər görülməlidir. Təsəvvür edin ki, 2005-ci ildə ölkə Boloniya sisteminə qoşulub və bu prosesi sürətləndirmək üçün cənab prezident xüsusi sərəncamlar imzalayıb. Keçid dövrü Avropa ölkələri üçün 2010-cu il müəyyən edilsə də, biz bir az gec qoşulduğumuz üçün bu dövrü yekunlaşdırmağımıza vaxt qalıb. Amma beş il keçməsinə baxmayaraq ali və orta ixtisas təhsil sistemimizi tam olaraq Avropa standartları səviyyəsində qura bilməmişik.

Burada bir sual ortaya çıxır: görəsən, biz təhsil sistemimizi Avropa standartlarına uyğun qurmaq istəyirikmi? Bəzən müəyyən səviyyələrdə bu suala birmənalı cavab yoxdur. Hətta buna əks-reaksiya göstərənlər də var. Deyirlər ki, niyə biz bunu etməliyik? Bir tərəfdən Avropaya inteqrasiya yolunu seçmişik, digər tərəfdən isə təhsil sistemini Avropa standartlarına uyğunlaşdırmağa qarşı çıxırıq. Bəs onda necə olsun?

Biz yüksək ixtisaslı kadr hazırlamalıyıq ki, həm Avropa, həm də Azərbaycanda bərabər hüquqa sahib, yüksək texnologiyalar yarada biləcək mütəxəssis olsun. Azərbaycan dövlətinin qarşısına qoyduğu vəzifə neft gəlirlərini Azərbaycanın qeyri-neft sektorunun, insan kapitalının inkişafına yönəltməkdir. Bunun məqsədi Azərbaycanı gələcəkdə texnologiyalar ölkəsinə çevirməkdir. Biz bu siyasətə xidmət edən təhsil, elm qurmalıyıq. Konsepsiya dövlət başçısı tərəfindən müəyyənləşdirilib - çox dəqiq və düzgün. Təhsili buna uyğun qurmaqda problemlərimiz var. Bu səbəbdən təhsil sistemində radikal islahatlar həyata keçirilməlidir.

Bu gün aktuallığını itirmiş sovet ənənələrindən birdəfəlik qurtulmalıyıq, o buxovları atmalıyıq. Biz inkişafa, şəxsiyyətə yönəlmiş təhsil sisteminə keçməliyik. İqtisadiyyat sahəsində aparılan radikal islahatlara təhsil sahəsində də ehtiyac duyulur.

O ki qaldı TQDK və Təhsil Nazirliyinin məlumatlarına, burada iki ayrı-ayrı sistem işləyir. Bu iki strukturun fəaliyyət sistemi fərqlidir. Orta məktəbdə şagirdlər bir sistem əsasında hazırlanır. TQDK qanunvericiliklə müəyyənləşdirilmiş başqa sistemdə işləyir, ali məktəblər isə tamam başqa sistemlə fəaliyyət göstərirlər. Şagirdin, tələbənin effektli təhsil alması üçün vahid sistem yaradılmalıdır. Bu sistem yalnız orta məktəbi deyil, məktəbəqədər təhsili, ali təhsili və ondan sonrakı bütün mərhələləri əhatə etməlidir. Əgər biz bunu qısa müddətdə reallaşdıra bilsək, təhsildə rastlaşdığımız xoşagəlməz halları və problemləri tezliklə aradan qaldıra bilərik.

- Ağdamda doğulmusunuz, uşaqlıq və gənclik illəriniz orda keçib. Ağdam yadınıza düşəndə özünüzü necə ovudursuz?

- Nəinki Ağdam, bütün Qarabağ hər gün mənim yadımdadır. Kəlbəcər, Laçın, Şuşa, Füzuli, Qubadlı, başqa rayonlar da mənə çox doğmadır. Uşaqlığımın böyük bir hissəsi həmin rayonlarda, meşələrdə keçib. Ağdamın hər bir küçəsi indi də gözümün qabağındadır. Bu, çox ağır xatirələrdir, çox ağır...

Bir şeylə özümə təsəlli tapıram ki, dövlət başçısının rəhbərliyi altında Qarabağla bağlı aparılan siyasətdə biz də iştirak edirik. Biz də çalışırıq ki, Qarabağın geri qaytarılmasında dövlət başçısına hansısa bir kömək göstərə bilək. Düşünürəm ki, bu sahədə dövlətimiz bir xeyli uğura nail olub. İşğal altında olan torpaqların qaytarılması günü-gündən yaxınlaşır. Lakin bu o qədər də asan məsələ deyil. İlk növbədə ordumuzun gücləndirilməsi və diplomatik uğurlar bizə həm mənəvi, həm də hüquqi əsas verir ki, torpaqlarımızı işğaldan ordumuzun rəşadəti qələbəsi ilə azad edək. Və bu prosesdə mən iştirak edim və bu mənə çox böyük təsəlli olardı.

- Övladlarınızdan elm sahəsində yolunuzu davam etdirənlər varmı?

- Övladlarım ali məktəbi yenicə bitiriblər. Qızım həkim-oftamoloqdur, həm də elmi fəaliyyətlə məşğul olmaq niyyətindədir. Oğlum beynəlxalq iqtisadi əlaqələr üzrə mütəxəssisdir. Tələbəlik dövründən işləməyə başlayıb. Onun əmək fəaliyyətinə sıravi işçilikdən başlaması məni çox sevindirdi. Oğlum da elm sahəsində fəaliyyət göstərmək istəyir. Onlar bunu heç də mənim istəyimlə etmirlər, sadəcə, özlərini elmdən kənarda görə bilmirlər. Bu məni çox sevindirir, çünki elmə bağlı olan insan daim ölkəsinə, dövlətinə, vətəninə təmənnasız xidmət edəcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir