Modern.az

Rövnəq Abdullayev: "Milli komandaya "bir sürü qoyun” deyənləri ziyalı saymıram"

Rövnəq Abdullayev: "Milli komandaya "bir sürü qoyun” deyənləri ziyalı saymıram"

2 Aprel 2011, 15:45

AFFA-nın prezidenti, deputat Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığma komandasının Belçikaya 1:4 hesabı ilə uduzmasına munasibət bildirən tanınmış şəxslərin tənqidinə tənqidlə cavab verib.
R.Abdullayev jurnalistlərə açıqlamasında ictimaiyyətin baş məşqçi Berti Foqtsun istefaya göndərilməsi tələbinə kəskin reaksiya verib : “Türkiyə üzərində qələbə qazananda Berti Foqtsa qəhrəman deyirdilər, indi onu xalq düşməni elan eləmək olmaz. Deyirsiniz Foqtsu qovaq, bəs yerinə kimi gətirək?”.

R.Abdullayev mətbuatı və ictimaiyyəti  yığma komandanı dəstəkləməyə çağırıb. “Biz Belçika ilə oyuna 500-dək bilet almışdıq, amma bütün Avropadan ora 100-dən artıq azərbaycanlı gəlməmişdi. Digər komandaların azarkeşləri isə öz komandalarını hətta uduzanda da dəstəkləyirlər”.

AFFA prezidenti bəzi tanınmış simaların Azərbaycan yığmasının oyunçularını təhqir etmələrini yolverilməz sayıb və buna etiraz edib.

“Heç kimə ixtiyar verilməyib ki, azərbaycanlı oyunçuları təhqir etsin. Özlərini ziyalı sayan bəzi şəxslər təhqirə yol verərək, onlara “bir sürü qoyun” deyib. Bu sözlərdən sonra həmin oyunçuların psixoloji durumu necə ola bilər? Mən həmin şəxsləri ziyalı saymıram. Komandanı tənqid etmək lazımdır, amma təhqir olmaz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Azərbaycanın futbol üzrə milli komandasının üzvləri barədə kəskin ittihamlar səsləndirib. Millət vəkili artıq Azərbaycan yığma komandasına azarkeşlik etmədiyini söyləyib.

«Yalnız televiziya vasitəsilə müəyyən epizodlara baxıram. O gün təsadüfən Belçika ilə görüşü izlədim. Müdafiədə oturub rəqibin nə vaxt üzərinə gələcəyini gözləyirlər. Görmüşük ki, istənilən idman növündə döyüşçü qarşısındakı rəqibin üzərinə getsin, ona hansı gücə sahib olduğunu göstərsin. Futbolçunun meydanda varlığı görünər. Bizimkilər bir sürü qoyundu, qoyunların nəyinə baxım?”

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?