Modern.az

Azərbaycanda xristianlığı və yəhudiliyi öyrədən dini təhsil müəssisələri – ARAŞDIRMA

Azərbaycanda xristianlığı və yəhudiliyi öyrədən dini təhsil müəssisələri – ARAŞDIRMA

Hadisə

1 Mart 2017, 00:40

Azərbaycan dünyəvi dövlət olsa da, ölkə rəhbərliyinin təşəbbüsü ilə qanunla fəaliyyəti qadağan olunmayan bütün dini konfessiyalara bərabər imkanlar yaradılır.

 

Azərbaycanın tolerant dövlət siyasətindən doğan bu münasibət rəsmi rəqəmlərlə daha aydın təsəvvür yaradır.

 

Belə ki, Azərbaycanda 2166 məscid, 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir və bu ölkənin multikultural palitrasının zəngin olmasından xəbər verir.

 

Əhalisinin 90 faizindən çoxunu müsəlmanlar təşkil edən Azərbaycanda təbii ki, İslam təmayüllü tədris mərkəzləri dini təhsilin ağırlıq mərkəzi hesab oluna bilər.

 

Lakin qeyd edildiyi kimi, Azərbaycan bütün dini icmalara bərabər hüquqlar tandığından, ölkədə digər səmavi dinlərin mahiyyətini və prinsiplərini öyrədən təhsil müəssisələri də fəaliyyət göstərir.

 

Modern.az saytının apardığı kiçik araşdırma zamanı bəlli olub ki, ölkədə xristianlıq və musəviliklə (xalq arasında yəhudilik kimi tanınır) bağlı dini kurslarla yanaşı, Bəhai və Krişna Şüuru dini icmalarında da kiçik kurslar mövcuddur.

 

Rəsmi mənbələr isə bildirir ki, hazırda Bibliyanın tədrisi ilə xristianlığın əsaslarını öyrədən kurs və ya məktəblərə cəlb edilənlərin sayı əvvəlki illərə nisbətən azalıb.

 

Azərbaycanda “Həyat sözü”, “Nehemiya” kimi yerli protestant icmalar isə xristianlıqla tanışlıq üçün “Alfa” adlı kurslar təşkil ediblər.

 

Eyni zamanda “Yeni həyat” dini icmasında “Bibliya Kolleci”, “Ruhani xidmət”, “Həmd məktəbləri” fəaliyyət göstərir.

 

“Yeddinci günün adventistləri” dini icması isə “Bazar günləri” məktəbləri təşkil edir.

 

“Bakı Bibliya Kolleci”

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Modern.az-a deyib ki, vaxtı ilə Azərbaycanda cəmi bir xristian ali təhsil müəssisəsi olub.

 

Dini Komitə rəsmisi bildirib ki, bu müəssisə “Həyatverici lütf” dini icmasının nəzdində fəaliyyət göstərirdi.

 

1992-ci ildən etibarən qeyri-rəsmi fəaliyyət göstərən bu dini təhsil mərkəzində tələbələrə xristian teologiyasının əsasları öyrədilirdi.

 

Gündüz İsmayılov qeyd edib ki, bu müəssisə bununla kifayətlənməyib, missionerlik fəaliyyətinin incəliklərini, eyni zamanda ingilis, fin və qədim yunan dillərini də tədris edib.

 

Burada təhsil 3 illik olub. Təhsili başa vurduqdan sonra tələbələrə ali xristian teoloji təhsilini təsdiqləyən diplom verilib. 100-dən çox insan isə buranın məzunu olub.

Hazırda isə, adıçəkilən yer əvvəllər olduğu kimi “institut” məzmunundan uzaqlaşıb və fəaliyyət formasını dəyişib. Yəni, daha bura ali dini təhsil ocağı kimi fəaliyyət göstərmir.

 

Bir sözlə, “Bibliya Kolleci” adlı kiçik bir kursa çevrilib. Ən son məlumatlara görə, bu kursda, 20 nəfərə yaxın tələbə təhsil alır.

 

 

 

Yəhudi məktəbi, yəhudi şəriəti

 

“Xabad-Or-Avner” tədris mərkəzi Bakıda yaşayan yəhudi uşaqları üçün Heydər Əliyev Fondu və “Or-Avner” Beynəlxalq Fondu tərəfindən tikilib.

2010-cu ilin oktyabrında ölkə başçısı İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyevanın iştirakı ilə bu məktəbin açılışı olub. 


Mərkəzin 30 siniflik tədris korpusu var.

450 nəfərlik mərkəzdə yəhudi mədəniyyətinə giriş öyrədilir. Burada hazırda 40 müəllim çalışır və 200 şagird təhsil alır.

Bundan başqa, yəhudilərin kompakt yaşadığı Qubanın Qırmızı qəsəbəsində Dağ yəhudiləri dini icmasının nəzdində kurs fəaliyyət göstərir. Bu kursda yəhudi uşaqlar ilkin dini təhsillərini alır. Həmçinin dini ayin və mərasimləri idarə etmək üçün musəviliyin şəriət hökmlərini öyrənirlər.

 

Aqşin KƏRİMOV

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi