Modern.az

Zəngin ehsan süfrələri başsağlığı ənənəsini unutdurur

Zəngin ehsan süfrələri başsağlığı ənənəsini unutdurur

4 Mart 2017, 13:43

Dünyasını dəyişmiş bir insanın dəfn olunaraq torpağa tapşırılması dini adət-ənənə olsa da, əksər hallarda ortaya elə məsələlər çıxır ki, ölü də unudulur.  

Bu mövzuda çox yazılıb, deyilib, amma yenə də xatırlatmaq olar – yas mərsimlərində ehsan süfrələrini elə təçtəraqlı hala gətirirlər ki, az qala bircə quş südü əskik olsun. Məclisə təşrif buyuranların bir çoxunun gözü də, ağlı da ölünün adına açılan ehsan süfrələrində qalır. Bu vaxt dünyasını dəyişənin yaxınlarını təsəlli etmək, onlara başsağlığı vermək də unudulur.


Azərbaycan reallığında ilk baxışdan toy süfrələrini xatırladan təmtəraqlı ehsan məclisləri geniş vüsət almağa başlayandan bir çox dəyərlərin itirilməsini gündəmə gətirib. Təsəvvür edin, yas məclisinə başsağlığı verməyə gələnlərin hamısı eyni düşüncədə olmur. Elələri var ki, konkret olaraq yas mərasiminə bir qarın yemək üçün gedir.


Dünyasını dəyişənə bir başsağlığı ənənəsi var. O da yavaş-yavaş unudulur.


“Məşədi Dadaş” məscidinin imam-camaatı
, ilahiyyatçı Hacı Şahin Həsənli yas mərasimlərində başsağlığı ənənəsinin unudulmasını təəssüf hissi ilə qeyd edib.

Onun Modern.az-a açıqlaması:

“Yas mərasimlərinin əsas mənası dünyadan köçmüş insanın ailəsinə başsağlığı verməkdir. Bu, həm də İslam dininin töhfəsidir ki, bir insanın ailəsinə müsibət üz verdiyi zaman onun görüşünə gedib başsağlığı vermək lazımdır. Çünki yaxınını itirmiş insanın gözü yaxınlarını, qohumlarının, dostlarını axtarır, onlardan başsağlığı, təsəlli gözləyir. Bu məsələdə sizinlə razıyam. Təəssüf ki, günümüzün reallığında yasın mahiyyəti unudulur. İnsanlar başsağlığı məsələsinə o qədər də önəm vermir”.


İlahiyyatçının sözlərinə görə, yas mərasimlərində zəngin ehsan süfrələrinin açılması, başsağlığı vermək ənənəsini unutdurmağa doğru aparır.

“Eyni zamanda, yas mərasimləri zamanı ev yiyəsi əlavə xərclərlə yüklənir. Bəzən isə bu məsələlərin mahiyyəti təhrif olunur. Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də insanlara müraciət edərək tövsiyyələr veriblər ki, yas mərasimlərində israfçılıq olmasın. Bəzən borc götürüb ehsan verənlərə də rast gəlinir. Əslində, bu cür hallar yas mərasimlərinin mahiyyətinin təhrif olunmasına gətirib çıxarır. Dəbdəbəli yas süfrələrinin açılması həm də insanların kateqoriyalara bölünməsidir. Dəfn mərasimində iştirak etmək, başsağlığına qatılmaq böyük savabdır. Çünki mahiyyətində insanlıq dayanır. Bu da insanları biganə olmamağa çağırır. Ona görə də başsağlığı vermək milli ənənəmiz olub. Yəni dünyasını dəyişənin ailəsini tək qoymuruq, yanında oluruq. Yaxşı olar ki, bu ənənələr yaşadılsın. Bunlar milli və dini kimliyimizdən qaynaqlanan ənənələrdir”.


“Başsağlığı kimi ənənələrin unudulmasında din xadimlərinin, mollaların günahı varmı” sualına cavaba gəlincə, Hacə Şahin Həsənli “din xadimlərinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən də tövsiyələr olunub ki, bu kimi mövzularla bağlı insanlar arasında maarifləndirmə işləri aparsınlar. Çünki din xadimləri yas mərasimləri zamanı insanlarla birbaşa təmasda olurlar. Düşünürəm ki, bu cür məsələləri insanlara çatdırmalıdırlar. Bu, onların birbaşa vəzifəsidir”-deyə bildirib.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir