Modern.az

Parlament jurnalistləri hansı deputatların köməkçilərini tanıyırlar?

Parlament jurnalistləri hansı deputatların köməkçilərini tanıyırlar?

6 Aprel 2011, 18:40


Milli Məclisdə fəaliyyət göstərən hər bir deputatın qanununvericiliyə uyğun olaraq bir köməkçisi təyin olunub. Deputat köməkçisi vəzifəsi 2007-cı ilin fevralında yaradılıb. Bu vəzifədə çalışanların aylıq maaşı 670 manat təşkil edir. Bəs həmin köməkçilər necə işləyirlər? Öz deputatlarının fəaliyyətinin tanınmasında hansı rola malikdirlər? Media nümayəndələrinə millət vəkilinin işi barədə məlumat almaqda hansı yardımı göstəririlər? Milli Məclisdə akreditasiyadan keçmiş jurnalistlər hansı deputat köməkçilərini tanıyırlar, onlardan kimi aktiv sayırlar? Modern.az parlament jurnalistlərinin cavablarını təqdim edir.

“Köməkçilər media ilə millət vəkili arasında baryer olmamalıdır”

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy qeyd edib ki, o, millət vəkillərinin köməkçiləri kimi çox az adam tanıyır. Jurnalist deputat köməkçilərindən yalnız ikisini tanıdığını deyib:
“Səhv eləmirəmsə, Zeynəb Xanlarovanın köməkçisi Mələk xanımdır, müsahibə götürəndə onunla həmsöhbət olmuşam. Sonra millət vəkili Azay Quliyevin köməkçisi Şahin bəydir. Mən bu sırada köməkçilərlə ünsiyyətdə olmadığımdan konkret ad çəkə bilmirəm”.

E.Paşasoy hesab edir ki, deputat köməkçilərini tanımamasının əsas səbəbi onların öz fəaliyyətlərini təqdim edə bilməməsidir.

“Yəqin ki, bu, köməkçilərin öz fəaliyyətini təqdim edə bilməməsindən, ya da biz jurnalistlərin köməkçilərlə işləyə bilməməsindən irəli gəlir. Əgər hansısa deputata zəng edərkən telefonu köməkçi qaldırırsa, bu köməkçilərlə jurnalistlər arasında sistemli işin qurulmasında xəbər vermir”.

E.Paşasoy onu da qeyd edib ki, bir çox köməkçilər millət vəkilləri ilə jurnalistlər arasında baryer rolunu oynayır:
“Biz bir neçə dəfə müsahibə üçün köməkçilərlə əlaqə saxlamışıq, hətta deputat özü deyib ki, əlaqə saxlayın. Biz çalışmışıq müsahibənin vaxtını müəyyənləşdirək. O zaman köməkçi bir baryer rolunu oynadı. Hətta zarafatyana etiraf elədi ki, köməkçinin məqsədi bu baryeri yaratmaqdan ibarət olmalıdır. Ona görə mənim deputat köməkçilərinə sözüm ola bilər ki, çalışsınlar baryerə yox, normal ünsiyyət üçün şərait yaratmağa üstünlük versinlər”-deyə E.Paşasoy əlavə edib.

“Azay Quliyev və Fuad Muradovun köməkçisindən başqa heç kimi tanımıram”

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, o, millət vəkili Azay Quliyevin köməkçisi Şahin Nəbiyevi və Fuad Muradovun köməkçisi Heydər Atayevi tanıyır. Onun sözlərinə görə, bu köməkçilər mütəmadi olaraq parlamentə gəlirlər: “Bu iki köməkçidən başqa heç bir millət vəkilinin köməkçisini tanımıram. Adlarını çəkdiyim köməkçilər həmişə parlamentə gəlib-gedirlər. Bu baxımdan onları daha yaxşı tanıyıram. Ola bilsin ki, digər köməkçilər yerlərdə, dairələrdə olduqlarına görə onlarla tanışlığımız yoxdur”.
A.Aslan eks-deputat Gültəkin Hacıbəyli və eləcə də hazırki millət vəkili Qüdrət Həsənquliyevin sabiq köməkçisini də tanıdığını söyləyib.

“Köməkçilərin işi seçicilərlə deputatı əlaqələndirmək deyil,  yaradıcılıq prosesində də iştirak etməkdir”

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı sorğumuza cavabında bildirib ki, o, Azay Quliyevin köməkçisi Şahin Nəbiyevi, Fuad Muradovun köməkçisi Heydər Atayevi, Qənirə Paşayevanın köməkçisi Elnur Qəhrəmanovu, Əli Məsimlinin köməkçisi Vüsal Baxışovu, Eldar İbrahimovun köməkçisi Zahid Abbasovu, Vahid Əhmədovun köməkçisi Arif Orucovu, o cümlədən deputatlar Eldar Quliyevin, Elmira Axundovanın köməkçilərini tanıyır. Elşad Eyvazlının sözlərinə görə, deputat köməkçisi institutu hələki istənilən effekt verməyib.

“Məncə Azərbaycanda bu institut istənilən effekti vermədi. Bu da ondan irəli gəlir ki bəzi deputatlarımız köməkçi institutunun hansı səmərə verə biləcəyini dəqiq kəsdirə bilmirlər. Deputat köməkçiləri təyin olunsa da, bu deputatların öz seçimindən aslı olur. Onlar kimi istəyirlərsə, onu götürə bilirlər. Ona görə də bu məsələdə bütün məsuliyyət deputatların öz üzərinə düşür. Hesab edirəm ki, 70-75 yaşında deputat köməkçisi olmaz. Onun işi yalnız seçicilərlə deputatı əlaqləndirmək deyil qanun yaradıclığı prosesində də iştirak etməkdir”-deyə E.Eyvazlı qeyd edib.

“Bəzi millət vəkilləri köməkçiləri vasitəsi ilə jurnalistlərlə əlaqə yaradırlar”

“Xalq cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli millət vəkillərinin köməkçiləri kimi daha çox Faud Muradovun və Qənirə Paşayevanın köməkçisini tanıdığını bildirib: “Bir çox millət vəkilləri var ki, köməkçiləri vasitəsi ilə jurnaslitlərlə əlaqə yaradırlar. Onlar hər hansı tədbir olanda jurnalistləri dəvət edirlər. Amma mən deyə bilmərəm hamısını yaxşı tanıyıram”.

A.Cəfərlinin fikrincə jurnalistlərlə ünsiyyət baxımından F.Muradovun köməkçisi Heydər Atayev akvilyi ilə seçilir.
“Heydər Atayev ictimai həyatda da çox fəal şəxsdir, bu baxımdan Qənirə xanımın köməkçisi Elnur bəy də aktivliyi ilə diqqət çəkir. Bu əsasla iki nəfərin adını çəkə bilərəm”-deyə jurnalist əlavə edib.

“Bəzi köməkçilər bəzən deputatları əvəz edə bilirlər”

APA-nın əməkdaşı Rəşad Süleymanov bildirib ki, aktivliyinə görə millət vəkili Azay Quliyevin yardımcısı Şahin Nəbiyev, Fuad Muradovun mətbuatla əlaqədar köməkçisi Orxan Əli daha fəaldır. “Mən aktivlikdə ən çox bunları görürəm. Hadi Rəcəblinin köməkçisi Elşən də fəaldır. Aktivlik dedikdə jurnalistlər bu deputatları tapa bilmədikdə həmin köməkçilərlə əlaqə saxlayırlar. Onlar bu kimi məsələlərdə öz köməkliklərini əsirgəmirlər. Mən hesab edirəm ki, bu insanlar bir çox məlumat almaq istərkən deputatı əvəz edə bilirlər”. 

“Konkret olaraq heç kimi tanınmıram”

“Lent.az” xəbər portalının əməkdaşı Elxan Salahov bildirib ki, deputat köməkçisi kimi heç kimi tanımır. Onun sözlərinə görə, bunun əsas səbəbi deputat köməkçilərinin fəal olmamasıdır.

“Hər halda jurnalistin də, ictimaiyyətdə baş verən hadisələri izləyən digər adamların da vəzifəsindən aslı olmayaraq tanınması onların fəaliyyətindən aslıdır. Onlar fəaliyyət göstərirlərsə, aktivdirlərsə, onları jurnalistlər də, ictimaiyyət nümayəndələri də tanıyacaq. Amma fəal deyillərsə, təbii ki, tanınmayacaqlar. Bu baxımdan hesab edirəm ki, onların tanınmamağı həmin köməkçilərin fəal olmamasından irəli gəlir”-deyə jurnalist münasibət bildirib.

“İşlərimlə bağlı bir çoxları ilə əlaqə saxlamışam”

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə deputat köçəkçiləri kimi bir çoxlarını tanıdığını deyib. Onun sözlərinə görə, parlamentdə olan bir çox deputatların fəal köməkçiləri var. İ.Əlizadə hesab edir ki, bunlara nümunə olaraq Azay Quliyev, Fuad Muradov, Bahar Muradova, Ziyafət Əsgərov, Qənirə Paşayeva və Ülvi Quliyevin köməkçilərini göstərmək olar.

“Mən bu deputatların köməkçilərilə əlaqə saxladığım üçün onları tanıyıram. Bəlkə də başqa deputatların köməkçiləri də fəaldır. Amma mənim işim düşən bunlardır”-deyə jurnalist qeyd edib.

“Deputatlarla ünsiyyət qurmaq üçün köməkçilərə ehtiyac duyulmur”

Bu fikirləri “Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev Modern.az saytına açıqlamasında bildirib. O qeyd edib ki, millət vəkillərinin köməkçiləri kimi bir-iki nəfər istisna olmaqla heç kimi tanımır. “Qənirə Paşayevanın köməkçisini tədbirlərdə tez-tez görürəm. Bəlkə də bizim onları tanımamağımızın səbəbi obyektivdir. Parlament jurnalisləri birbaşa deputatlarla əlaqə saxlamaq imkanına malikdir. Mən düşünürəm ki, millət vəkilləri ilə ünsiyyət saxlamaq üçün köməkçilərin yardımına ehtiyac duyulmur”-deyə İ.Quliyev qeyd edib.

“Tanıdıqlarım heç də çox deyil”

“Şərq”qəzetinin əməkdaşı Rəşad Baxşəliyev də digər həmkarları kimi millət vəkili Azay Quliyev və Qənirə Paşayevanın köməkçilərini tanıdığını deyib. Bununla yanaşı, R.Baxşəliyev deputat Aydın Mirzəzadə və Elmira Axundovanın da köməkçilərini tanıdığını söyləyib. “Mən adlarını çəkdiyim deputat köməkçilərinin fəaliyyətini bəyənirəm. Onlar media ilə əlaqələrin qurulmasında hər zaman aktivlik nümayiş etdirirlər”-deyə jurnalist qeyd edib.

“İşləməyən deputatın köməkçisi də olmur”

“Üç nöqtə” qəzetinin parlamentdəki nümayəndəsi Elməddin Muradlının da cavabı fərqli olmayıb. O da digər respondentlərimiz kimi millət vəkili Fuad Muradovun və Azay Quliyevin köməkçisinin adını qeyd edib. Jurnalist deputatlara yardımcılıq edən şəxslərin aktiv fəaliyyət göstərməsinin vacibliyini önə çəkib. E.Muradlı millət vəkili Novruz Aslan və Hadi Rəcəblinin də köməkçilərini tanıdığını deyib.
“Məncə deputat köməkçiləri deputatlardan daha çox tanınmalıdırlar. Əlbəttə, fəal deputatların köməkçiləri var. İşləməyən deputatlarının köməkçiləri də yoxdur.”-deyə jurnalist əlavə edib.

E.Muradlı hesab edir ki, deputat köməkçilərinin parlamentin iclaslarında iştirak etməsi onların işlərinin formalaşmasında mühüm rol oynayır.
“Mən təklif edirəm ki, köməkçilər parlamentin iclaslarını və təmsil etdikləri deputatların çıxışlarını izləməlidirlər. Çünki, onlar bilməlidirlər ki, deputat nə danışıb, hansı təklif irəli sürüb”

“Bəzi köməkiçilər seçicilərə laqeyd münasibət göstərirlər”

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli də həmkarları kimi əksər deputat köməkçilərini tanımadığını və onlarla ünsiyyətdə olmadığını deyib.

A.Hüseynli qeyd edib ki, millət vəkilləri arasında yalnız Azay Quliyev, Qənirə Paşayeva və Fuad Muradovun köməkçisini tanıyır. Respondentimiz digərlərini isə yada sala bilmədiyini söyləyib:
“Mən düşünürəm ki, deputat köməkçiləri daha çox yerlərdə seçicilərlə işləməlidirlər. Əlbəttə bundan savayı hər bir köməkçi fəal olmalıdır. Deputat köməkçiləri bəzən seçicilərə qarşı laqeyd münasibət göstərirlər. İnsanlar onlarla əlaqə qura bilmirlər”.

“Deputat köməkçilərinə ehtiyac qalmır”

“Mərkəz” qəzetinin əməkdaşı Nigar Almanqızı hesab edir ki, millət vəkilləri ilə əlaqə saxlamaq üçün onların köməkçilərinin olması vacib deyil: “Demək olar ki, mən bir tək Gülər Əhmədovanın köməkçi Rəna xanımı tanıyıram. Sözün açığı köməkçilərlə əlaqə saxlamıram”.

N.Almazqızı bildirib ki, bir çoxlarından fərqli olaraq millət vəkilləri ilə jurnalistlər birbaşa əlaqə saxlamaq imkanına malikdir.
“Şükürlər olsun ki, bizim millət vəkilləri siyasi ulduz xəstəliyinə tutulmayıblar. Komitə sədrindən tutmuş digər deputatlara kimi birbaşa əlaqə imkanımız var. Bu baxımdan köməkçilərə ehtiyac qalmır”-deyə baş redaktor qeyd edib.

“Bəzi deputatların özü kimi, köməkçilərini də tapa bilmirik”

“Səs” İnformasiya Agentliyinin (SİA) parlament müxbiri Nailə Allahverdiyeva sualımıza cavabında bildirib ki, o,deputat köməkçlilərindən heç kimi tanımır.
“Sözün açığı mən hər hansı millət vəkili ilə əlaqə saxlamaq istəyirəmsə, telefon vasitəsilə zəng vurub əlaqə saxlayıram. Əlbəttə bəzi deputatlar istisnadır. Onların nə özü ilə əlaqə saxlaya bilirik, nə də köməkçiləri ilə”-deyə N.Allahverdiyeva fikir bildirib.

“Konkret ad çəkə bilmərəm”

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bir neçə deputat köməkçisini tanıdığını bildirsə də, konkret ad çəkə bilməyəcəyini deyib. Onun sözlərinə görə, deputat köməkçiləri ilə iş əlaqəsi olmadığı üçün onları tanımır.

“Deputat köməkçilərinin çoxunu tanıyıram”

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov deputatlarla mütəmadi olaraq çalışdıqları üçün bir çoxunun köməkçilərini tanıdığını bildirib. O vurğulayıb ki, millət vəkilləri Azay Quliyev, Novruz Aslanov, Ağacan Əbiyev, Səməd Seyidov, Qənirə Paşayeva, Bahar Muradova, Ziyafət Əsgərov, Çingiz Əsədullayev və eləcə də digər deputatların köməkçilərini aktiv fəaliyyətlərinə görə tanıyır.

“Vasitə axtarmaq sadəcə vaxt itkisidir”

“Zaman” qəzetinin parlament müxbiri Natiq Pənahlı hesab edir ki, millət vəkilləri ilə əlaqə saxlamaq üçün heç də vasitə axtarmaq lazım deyil:
“Mən deputat köməkçilərindən heç kimi tanımıram, çünki lazım olarsa, birbaşa deputatların özləri ilə əlaqə saxlayıram. Bu baxımdan məncə arada vasitə axtarmaq sadəcə vaxt itkisidir”.

“Tanıdığım bir tək Elnur Qəhrəmanovdur”

“Trend” İnformasiya agentliyinin əməkdaşı Murad Əliyev də bir çoxları kimi birbaşa deputatlarla əlaqə saxladığı üçün deputat köməkçilərini o qədər də tanımadığını söyləyib. O, bildirib ki, tanıdığı yeganə köməkçi millət vəkili Qənirə Paşayevanın köməkçisi Elnur Qəhrəmanovdur.

“Yadımda qalan bir tək Azay Quliyevin köməkçisidir”

“Xəbərlər-Azərbaycan” Beynəlxalq İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov hesab edir ki, millət vəkilləri bir çox rayonları təmsil etdiyi üçün onların köməkçiləri də həmin bölgələrdə çalışırlar, bu baxımdan deputat köməkçiləri ictimaiyyətdə bir çox halda tanınmırlar. “Deputat köməkçilərinin tanınmamasının bir çox səbəbləri var. Bunda deputat da əsas rol oynayır. Bəzi deputatlar köməkçilərə bir o qədər səlahiyyət vermirlər ki, onların sözünü mediaya çatdırsınlar”-deyə jurnalist əlavə edi

 “Göz önündə olan məhz 5 deputatın köməkçisidir”

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu “hansı deputat köməkçisini tanıyırsınız” sualına cavab olaraq Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Hadi Rəcəbli, Fuad Muradov və Eldar İbrahimovun köməkçilərini tanıdığını deyib. "Qənirə xanımın köməkçisi Elnur bəy, Eldar İbrahimovun köməkçisi İsa bəy, Hadı Rəcəbovun köməkçisi Elşən bəy, Rəbiyyət Aslanovanın köməkçisi Mehman bəy, Fuad Muradovun köməkçisi Heydər bəy mətbuatla işgüzar əlaqələr qurublar, özləri də fəal işləyirlər".

“Millət vəkilləri ilə təmas qurmaq üçün köməkçilərə müraciət etmirəm”

“Hürriyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynzadə qeyd edib ki, bir neçə deputat istisna olmaqla deputat köməkçiləri ilə əlaqə saxlamaq zərurəti yaranmayıb:
“Qeyd edim ki, əksər millət vəkilləri ilə təmas qurmaqda çətinlik çəkmirəm. Əlbəttə, bir neçəsi istisna olmaqla. Bu baxımdan demək olar ki, Qənirə Paşayeva və Əhməd Vəliyevdən başqa heç bir deputatın köməkçisi ilə əlaqə yaratmamışam”.

“Tanımıram və şəxsən buna maraq da göstərmirəm”

“Bizim Yol” qəzetinin əməkdaşı Pərviz Həşimli sualımıza qısaca olaraq “deputat köməkçisi kimi heç kimi tanımıram” deyə cavab verib. O qeyd edib ki, yeni çağırış Milli Məclis üzvlərindən heç kimin köməkçisini tanımır.
“Ötən parlamentdə müxalifəti təmsil edən bir neçə millət vəkilinin köməkçisini tanıyırdım, amma indikilərdən demək olar ki, heç biri ilə əlaqəm yoxdur. Şəxsən mən özüm buna maraq da göstərmirəm”.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?