Modern.az

"Paytaxtda 8666  köçkün təhsil müəssisələrində məskunlaşıb"

"Paytaxtda 8666  köçkün təhsil müəssisələrində məskunlaşıb"

9 Mart 2017, 22:59

"Torpaqlarımızın işğalı nəticəsində öz doğma yurd-yuvasından didərgin düşərək paytaxta pənah gətirən və Bakı şəhərində məcburi köçkün statusunda məskunlaşmış soydaşlarımızın sayı qeydiyyatda olanlar və olmayanlarla birlikdə 217 min 118 nəfərdir. Onlar uşaq bağçalarında, təhsil müəssisələrində, yataqxanalarda, sanatoriya və digər sosial obyektlərdə, vaqonlarda, 1992-ci illərdə tikintisi tamamlanmayan, istismara qəbul olunmayan, hətta tikintisi başa çataraq istismara verilən və Bakı sakinlərinə orderləri paylanan binalarda yerləşiblər. Bütün bunlar isə paytaxtda müəyyən infrastruktur çətinliklərinin yaranmasına səbəb olur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Bakı şəhəri ərazisində təhsil və təlim-tərbiyə müəssisələrində məskunlaşmış məcburi köçkünlərin sayı 8666 nəfərdir ki, onların da 3345 nəfəri uşaq bağçalarında yerləşiblər". Modern.az xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu gün Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə çıxışı zamanı bildirib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hazırda Bakı şəhərində Heydər Əliyev Fondu tərəfindən yeni tikilən 3 tədris korpusu və dövlət tərəfindən həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri sayəsində 67 məktəbəqədər təhsil müəssisəsinin yeni tikilmiş bağçalar və tədris korpusları daxil olmaqla fəaliyyətə başlaması üçün standartlara uyğun lazımi şərait yaradılıb: “Lakin hələlik maliyyə vəsaitinin ayrılmaması ilə əlaqədar olaraq yeni tikilmiş bağçaların və tədris korpuslarının, eləcə də 8320 uşaq qəbul edəcək qrupların fəaliyyətə başlaması mümkün olmayıb. Əgər hazırda təmir edilmiş uşaq bağçalarındakı boş qrupları və köçürüləcək məcburi köçkünlər hesabına yaranmış boş yerləri nəzərə alsaq, bu gün uşaq bağçalarına əlavə 11 min 570 uşaq qəbul oluna bilər. Bu isə bağça yaşına çatan uşaqların 45,4 faizi deməkdir. Bununla belə, hazırda yeni inşa edilmiş, eləcə də son illərdə əsaslı təmir və yenidənqurma işləri aparılmış məktəbəqədər təhsil müəssisələrində və tədris korpuslarında standartlara tam cavab verən və lazımi şəraiti olan qruplarda tədris və təlim-tərbiyə prosesində heç bir maneçilik törətmədən 20 əvəzinə 25 uşağın təlim-tərbiyəsi üçün tam imkanlar yaradılıb.

Heydər Əliyev Fondu və dövlət tərəfindən tikilən, yüksək səviyyədə təmir olunan, genişləndirilən və hər cür imkanlara malik uşaq bağçalarında qrupları genişləndirməklə, əlavə olaraq 9915 uşağın təlim-tərbiyə almasına qəbuluna şərait yaratmış olarıq ki, bu da ümumi tələbatın 49,5 faizini ödəyə bilər. Əgər məcburi köçkünlərin köçürülməsi hesabına boşalmış yerləri də 25 nəfərlik qruplar standartına uyğunlaşdırsaq, hazırkı tələbat 34,64 faiz əvəzinə 55,3 faizi təmin olunar. Çox da böyük əlavə vəsait sərf olunmadan qənaət hesabına məsələnin bu yolla həlli həm də bağçalarda qayda-qanunun daha yüksək səviyyəyə çatdırılması, eyni zamanda, məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində irəliləyişə nail olunması deməkdir”.

 

H.Abutalıbovun sözlərinə görə, aparılən təhlillər nəticəsində məlum olub ki, Bakı şəhərində mövcud dövlət məktəbəqədər təhsil müəssisələrində qruplar üzrə uşaq sıxlığı normalarının 5 nəfər həddinə qaldırılması, o cümlədən yeni inşa edilmiş uşaq bağçalarının və tədris korpuslarının, eləcə də məktəbəqədər təhsil müəssisələrində həyata keçirilmiş əsaslı təmir və yenidənqurma işləri ilə bağlı standartlara uyğun tam şərait yaradılmış əlavə qrupların fəaliyyətə başlaması nəticəsində təxmini hesablamalara görə, Bakı şəhərində məktəbəqədər təhsil müəssisələrinə əlavə 18 min nəfərə yaxın uşağın qəbul edilməsi mümkün olacaq: “Bu isə, öz növbəsində, mövcud problemin operativ və effektiv həllinə imkan yaratmaqla yanaşı, bağçalarda təlim-tərbiyə alan uşaqların gündə dörd dəfə yüksəkkeyfiyyətli yeməklə təmin edilməsinə, Bakı şəhərində yaşayan 18 min aztəminatlı ailənin sosial vəziyyətinin yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, məsələnin bu formada həlli dövlət tərəfindən əlavə olaraq 141 uşaq bağçasının tikilməsi və yaxud 210 milyon manat dövlət vəsaitinə qənaət olunması deməkdir”.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!