Modern.az

Amerika Ticarət Palatası Vergilər Nazirliyi ilə: “Şəffaflığa doğru birlikdə”

Amerika Ticarət Palatası Vergilər Nazirliyi ilə: “Şəffaflığa doğru birlikdə”

Aktual

10 Mart 2017, 10:42

 

Martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda Vergi Konfransı keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirib.

O, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib.

Qeyd edib ki, ölkəyə yatırılan investisiyaların 80%-i 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu Palatanın payına düşür.

 

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını vurğulayıb. Və bu sahədə həyata keçirilən islahatların artıq müsbət nəticələr verməyə başladığını qeyd edib.

Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində ciddi dəyişikliklər aparıldığını və vergi inzibatçılığını təkmilləşdirdiyini diqqətə çatdırıb. Deputat Azərbaycan iqtisadiyyatının inkişaf etməsində və ölkəmizin maliyyə qüdrətinin yüksəlməsində vergi sisteminin böyük əhəmiyyəti olduğunu, vergilərin həcminin ilbəil artmasının ölkəmizdə güclü maliyyə bazasının formalaşmasına şərait yaratdığını deyib.

Aparılan islahatların ölkədə biznes fəallığının, sahibkarlıq subyektlərinin sayının və iqtisadiyyatın qeyri-neft sektorundan daxil olan vergilərin artmasına səbəb olacağını bildirib.

 

Vergilər naziri  Fazil Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.

 

F.Məmmədov Vergilər Nazirliyinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

O, vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub.

Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma, kiçik və orta sahibkarlıq subyektləri ilə iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.

 

Digər mühüm prinsipin isə sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi olduğunu deyib.

F.Məmmədov qeyd edib ki, vergi orqanları vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin təqdim edilməsi əsas götürülüb.

Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.

 

Qafar AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü