Modern.az

YAP Avropa Birliyini yalan danışmaqda ittiham etdi

YAP Avropa Birliyini yalan danışmaqda ittiham etdi

Parlament

11 Aprel 2011, 12:48

Mübariz Qurbanlı: “Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı mövqeyi obyektivlikdən uzaqdır”

“Avropa İttifaqının Azərbaycanda ictimai-siyasi vəziyyətlə bağlı son bəyanatı faktlara söykənmir. Hesab edirəm ki, Avropa İttifaqının mövqeyi obyektivlikdən uzaqdır, faktlara istinad etmir”. Bu fikirləri hakim partiyanın saytına açıqlamasında YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, 2 aprel tarixində bəzi müxalifət partiyaları Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə miitinq keçirməkdən imtina edərək qanunsuz hərəkətlərə yol verib. Belə olan halda isə hüquq-mühafizə orqanları qanuni addımlar atıb. Onun sözlərinə görə, Avropa ölkələrinin özündə də bu cür hərəkətlərin qarşısı dövlət orqanları tərəfindən alınır. Buna görə də bu cür bəyanat səsləndirmək reallıqdan tamamilə ucaqdır.

“Bəyanatda bildirlir ki, aksiya zamanı KİV nümayəndələrinə təzyiqlər edilib, KİV nümayəndələri saxlanılıb. Əslində, belə deyil. Azərbaycanda söz və mətbuat azadlığı tam təmin olunub. Ola bilsin ki, özü jurnalist olub amma siyasi partiya üzvü kimi bu qanunsuz aksiyada iştirak edib. Belələrinin isə digər aksiya iştirakçılarından heç bir fərqi yoxdur. Bilirsiniz ki, bu hadisələr zamanı jurnalistlərə bütün imkanlar yaradılmışdı, KİV nümayəndəlri xüsusi geyimlərdə idi. Onlar sərbəst şəkildə hadisələri işıqlandırdılar” deyə M.Qurbanlı vurğulayıb.

YAP İcra katibinin müavini qeyd edib ki, bu gün ictimai-siyasi sabitlik Azərbaycan vətəndaşları üçün, bütövlükdə xalqımız üçün çox önəmlidir. “Ölkəmiz Ermənistan tərəfindən təcavüzə məruz qalıb, bizim qarşımızda duran ən mühüm vəzifə torpaqlarımızı işğaldan azad etməkdir. Belə bir şəraitdə Azərbaycanın daxilində ictimai-siyasi sabitliyin pozulması birbaşa təcavüzkar Ermənistana xeyir gətirən məsələdir. Ona görə də, Azərbaycan xalqı sabitliyin pozulmasına  yönələn bütün cəhdlərin əleyhinədir” deyə M.Qurbanlı bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı