Modern.az

"Norveç və Çexiya ilə oyunlar həlledici olacaq"

"Norveç və Çexiya ilə oyunlar həlledici olacaq"

26 Mart 2017, 23:57

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan və Almaniya yığmaları arasındakı 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Modern.az "Report"a istinadən xəbər verir ki, E.Məmmədov əvvəlcə Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarını dolduran azarkeşlərə təşəkkürünü bildirib:

- Azarkeşlər komandamıza həqiqətən də böyük dəstək oldular. Stadiondakı ab-hava da yaxşı idi. Çoxlu sayda azarkeş stadiona girə bilmədi. Çünki stadionun 30 min tamaşaçı tutumu var və çap olunmuş bilet sayı da bu qədər idi. Biletləri olanlar da stadiona girə bilmədilər. Çünki gec gəldilər. Biletsiz insanlar onların önlərini bağlamışdılar. Bundan xəbərimiz var. Gələcəkdə çalışacağıq ki, buna qarşı tədbir görək. Dəfələrlə demişik ki, oyuna çalışın, əvvəldən gəlin. Tribunaları dolduran azarkeşlərə milli komanda adından təşəkkürümü bildirmək istərdim.

- Oyun barədə nə deyə bilərdiniz?

- Futbolçularımız dünya çempionlarına qarşı cəsarətli oyun sərgilədilər. Hücum futbolu oynadılar, 11 nəfərlə arxaya çəkilmədilər. Qol sevinci də yaşadıq.

- Rövnəq Abdullayev oyuna gəlmişdi?

- Burda idi. Sonradan getdi.

- Məğlubiyyətə görə?

- Xeyr, məğlubiyyətə görə deyildi. Almaniya Futbol İttifaqının prezidenti də burada idi. Onlar gələcək əməkdaşlığa dair söhbət etdilər. Buna görə getdi. Oyundan sonra özüm paltardəyişmə otağına girərək komandamıza göstərdiləri oyuna görə Rövnəq müəllim adından təşəkkürümü bildirdim.

- Bu nailiyyətə görə milli komandaya mükafat veriləcək?

- Xeyr.

- Amma Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib ki, millidə İtaliyaya 3 il öncəki 1:2 hesablı səfər məğlubiyyətinə görə mükafatlar da verilib...

- Elə deyib? Xeyr, nəinki İtaliyaya, heç bir ölkə yığmasına məğlubiyyətə görə mükafat verməmişik. Digər tərəfdən, həmin oyundan sonra mükafat verilməsi barədə söhbət də olmayıb. Görünür, Foqts unudur ki, İtaliyadan sonra səfərdə Xorvatiyaya qarşı da oynamışıq.

- Yeri gəlmişkən, Bakıda səfərdə olan Foqtsla görüşünüzdə nədən danışdınız?

- Foqts millimizdən ayrılsa da, komandamızı izləyir. AFFA-dakı görüş vaxtı mənə dedi ki, çox gözəl komandanız var, hücum futbolu oynayırsınız. Ayrı-ayrı futbolçular barədə söhbət etdik. Ramil Şeydayevi, Emin Mahmudovu tanımırdı. Oyundan sonra isə Foqtsu görmədim.

- O, sizə demədimi ki, bu futbolçuları mənim vaxtımda da milliyə gətirə bilərdiniz?

- Xeyr, demədi.

- Belə oyunla qrupda 2-ci yeri tutmaq olar?

- Təbii ki, uduzmaq yaxşı hal deyil. Amma biz dünya çempionlarına qarşı oynamışıq. Cari seçmə tsikldə Almaniya yığmasına hələ heç kim qol vurmamışdı. Biz ilk komanda olduq. 0:3-dənsə, 1:3 və ya 1:4 hesabı ilə uduzmaq daha yaxşıdır. 1 qol vurmaq futbolçulara motivasiya verir və inam yaranır. "Niyə də yox?!" kampaniyası yenə də aktualdır.

- Hələ bitməyib?

- Xeyr, bitməyib. Qrupdakı xallara baxın. Hələ hər şey qabaqdadır.

- Necə düşünürsünüz: Şimali İrlandiyaya qarşı oyun həlledici olacaq, yoxsa mübarizə sonadək davam edəcək?

- Xeyr. Məncə, Norveç və Çexiya ilə oyunlar həlledici olacaq.

- Almaniya mətbuatında Renat Dadaşova Azərbaycan millisinə cəlb olunması üçün 1 milyon dollar ödənildiyinə dair xəbər yer alıb. Buna münasibətiniz necədir?

- Açığı, əslində bu xəbəri mənə 2016-cı ilin dekabrında göndərmişdilər. Arxivə baxsanız, Almaniya mətbuatında belə bir xəbərin çıxdığını görə bilərsiniz. Bu, gülməli xəbərdir. Bu yaxınlarda AFFA-nın Hesabat Konfransı oldu. Hesabatda mənzil xərcləri gördünüz? Xeyr. Deyəsən, Almaniya mətbuatı unudub ki, Rüfət Dadaşov artıq millidə oynayıb. Renat Dadaşov isə U-16 millimizin heyətində Kaspi Kubokunda Əfqanıstan yığmasına qarşı çıxış edib və hətta qol da vurub. Məncə, Renat istedadlı futbolçu kimi Azərbaycan yığmasını 3 səbəbə görə seçdi: Birincisi, özünün də qeyd etdiyi kimi, atası və anası Azərbaycanda anadan olub. İkincisi, qardaşı bu komandada oynayıb. Üçüncü səbəb 18 yaşında ikən birbaşa əsas millimizə dəvət almasıdır. Bu üç səbəb çox vacibdir.

- Bu gün sizin adınıza açılmış profildən "Facebook"da bir çoxlarına dostluq təklifi göndərilib...

- Mənim sosial şəbəkələrdə heç bir profilim yoxdur. Xəbərim var ki, mənim adımdan kimsə profil açıb. Artıq "Facebook" rəhbərliyinə müraciət etmişik ki, həmin hesabı bağlasınlar.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu