Modern.az

Saakaşvili, Koçaryan, Gül – Sabiq prezidentlərin yeni HƏDƏFLƏRİ

Saakaşvili, Koçaryan, Gül – Sabiq prezidentlərin yeni HƏDƏFLƏRİ

Aktual

27 Mart 2017, 12:23

Keçmiş prezidentlərin yenidən siyasi Olimp səhnəsinə yüksəlməsi halları müasir dünyada nadir hal deyil. Misal üçün, İsrailin hazırki baş naziri Benyamin Netanyahu 1996-1999-cu illərdə hökumətə rəhbərlik edib  yaxud Vladimir Putin 2008-ci ildə təhvil verdiyi prezident səlahiyyətlərinin icrası üçün 2012-ci ildə yenidən Kremlə geri dönüb.

 

 

Son günlər Zaqafqaziya respublikalarına rəhbərlik etmiş Robert Koçaryan və Mixail Saakaşvilinin, həmçinin Türkiyənin sabiq prezidenti Abdulla Gülün siyasi arenadaya dönməsi ilə bağlı söz-söhbətlər gəzir. Lakin bu təcrübəli siyasətçinin siyasi yanaşması fərqlidir.

Belə ki, daim tribunalarda olan və mətbuatla aktiv kontaktda olan emosional Saakaşvilidən fərqli olaraq, Koçaryan adətən media ilə sıx təmasda olmur və “boz kardinal” kimi kulisin arxasında siyasi proseslərə istiqamət verir.

 

 

İki sabiq prezidenti müqayisə etsək, hazırki situasiyada Robert Koçaryanın daha əlverişli vəziyyətdə olduğunu görə bilərik. Belə ki, o, 2008-ci ildə 10 nəfərin ölümü ilə nəticələnən qanlı parlament seçkilərindən və repressiyalardan sonra hakimiyyəti Serj Sarkisyana təhvil verərək,  siyasi proseslərdən kənarlaşmışdı.

 

Daha çox Moskvada biznes fəaliyyəti ilə məşğul olan Koçaryan 2013-cü ildə Sarkisyanın yeni prezidentliyindən sonra vaxtilə üzvü olduğu Respublika Partiyasına qarşı aqressiv münasibət göstərməyə başladı. Mövcud hakimiyyəti tənqid edən çıxışlardan sonra Koçaryanın aktiv siyasətə yenidən geri dönəcəyi iddia olunur.


Hazırda bütün Ermənistan aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlaşır. Bu fonda Koçaryanın kadrlarından sayılan Seyran Ohanyanın 2016-cı ilin sonlarında müdafiə naziri postundan istefa verərək, müxalifətçi namizəd kimi parlament seçkilərinə qatılacağını bəyan etməsi, heç də təsadüfi görünmür.

 

Yaxınlarda Koçaryanın “sağ əli” sayılan Vardan Oskanyanla Seyran Ohanyanın görüşməsi və “Birlik” partiyasının siyahısı üzrə birgə seçkilərdə iştirak perspektivini müzakirə etməsi doğurdan da sabiq prezidentin siyasətə qayıtmağa hazırlaşdığını göstərir. Bu baş versə, baş nazir Karen Karapetyanın seçki siyahısına rəhbərlik etdiyi Respublika Partiyası “Birlik” partiyası, “İrs” və “Erməni Milli Konqresi”i ilə ciddi səs mübarizəsinə çıxacaq.

 

Nəzərə alsaq ki, son konstitusiya dəyişikliyinə əsasən, ölkədə real hakimiyyət parlament fraksiyalarının əlində cəmləşəcək, onda Robert Koçaryan üçün siyasi arenaya qayıtmağa əlverişli şəraitin yarandığını görə bilərik. Bu zaman Koçaryanın Ohanyan və Vardanyanın əli ilə ölkəni idarə edəcəyini söyləmək olar. 
Amma Serj Sarkisyanın başçılıq etdiyi hakim elita da çox güman ki, Koçaryan ambisiyalarının reallaşmasına maneçilik törədə bilər. İstənilən halda, prezidentliyi dövründə sərt və qeyri-demokratik addımları ilə seçilən Koçaryanın yenidən prezident sarayına dönməsi qeyri-real görünmür

 

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili isə erməni həmkarından fərqli olaraq qeyri-stabil və müəyyən mənada çətin durumdadır. Belə ki, yanvarın 12-də onun lideri olduğu “Vahid Milli Hərəkat” partiyası 2 hissəyə parçalandı. Keçmiş spiker David Bakradze və Tbilisinin keçmiş meri Qiqi Uqulava Saakaşvilini “liderlik saçmayan” və “partiya hakimiyyətindən yapışan şəxs” adlandırıb.
”Vahid Milli Hərəkat”ın qalib gələcəyi təqdirdə ölkəsinə geri dönəcəyini bəyan etmiş Saakaşvili partiyasının məğlubiyyətindən və parçalanmasından sonra çətin ki, yaxın illərdə Tbilisiyə qayıtsın. İqtidardakı “Gürcü arzusu” partiyasının ona qarşı başlatdığı cinayət işləri üzrə istintaq isə hələ də davam edir.

 

Odessa qubernatoru postunu itirən Saakaşvili 2013-cü ilin sonlarında dəvət aldığı Ukrayna prezidenti Pyotr Poroşenko ilə də gərgin münasibətlərdədir. Buna görə də Mixail Saakaşvilinin siyasətçi kimi gələcək addımları hər kəsdə maraq doğurur.

 

2007-2014-cü illərdə Türkiyə Respublikasının prezidenti səlahiyyətlərini icra etmiş Abdulla Gül siyasi karyerasına son verib. 2002-2003-cü illərdə həm də baş nazir kimi hökumətə rəhbərlik etmiş keçmiş AKP-li siyasətçi 2014-cü ilin avqustunda prezident səlahiyyətləri başa çatdıqdan sonra aktiv siyasətdən kənara çəkilib . 2016-cı ildə onun yeni partiya ilə siyasət arenasına qayıdacağı bildirilsə də, bu baş verməmişdi.

 

Vüqar İSMAYILOV

 

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü