Modern.az

"Öz milli kadrlarımız yetişməlidir" - AFFA-nın I vitse-prezidentindən AÇIQLAMA

"Öz milli kadrlarımız yetişməlidir" - AFFA-nın I vitse-prezidentindən AÇIQLAMA

Aktual

27 Mart 2017, 12:44

Dünən futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə keçiriləcək Dünya Çempionatının seçmə qrup mərhələsində növbəti oyununa çıxdı. Millimiz Tofiq Bəhramov adına Respublika Stadionunda Almaniya yığmasına 1:4 hesabı ilə məğlub oldu.


Milli Məclisin deputatı, AFFA-nın I vitse perezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev qarşılaşma ilə bağlı təəssüratlarını Modern.az-la bölüşüb.


Deputat Almaniya milli komandasının Azərbaycana gəlməsini çox böyük hadisə kimi qiymətləndirib.


“Almaniya millisi həm dünya çempionudur və komandanın hər bir oyunçusu ən qabaqcıl klublarda oynayır. Ona görə də onların Azərbaycana gəlməsi təkcə futbolçularımız üçün yox, həm də gənclərimiz üçün çox faydalı oldu”.

Rauf Əliyev bildirib ki, Azərbaycan Almaniya oyunundan isə nəticənin başqa cür olacağını gözləmirmişlər.

“Sadəcə olaraq, onu deyə bilərik ki, millimiz çox yaxşı oyun nümayiş etdirdi. Artıq futbolçularımızın formalaşdığı açıq-aşkar görünür. İldən-ilə milli komanda öz təcrübəsini artırır. Belə oyunlar isə millimizi təcrübə baxımından irəli aparır. Təbii ki, biz də istəyərdik ki, yaxşı nəticə olsun. Amma Almaniya millisinın gücü hamıya bəllidir. Bu məğlubiyyət də böyük faciə deyil. Ona görə də dayanmaq olmaz. İrəli getmək lazımdır. Bunun üçün yaxşı təlim-məşq toplanışları olmalıdır. Futbolçularımız öz üzərilərində daha yaxşı işləməlidirlər. Öz milli kadrlarımız yetişməlidir.  Dünənki oyunda bir neçə səhvlərimiz oldu. Bunlar olmaya bilərdi. Əgər o səhvlər olmasaydı, belə bir nəticə də olmazdı”.

AFFA rəsmisi bildirib ki, qrup mərhələsini keçmək üçün millimizin çox yaxşı şansı var.

“Biz Şimali İrlandiya, Çexiya və San Marino ilə qarşıdakı oyunlara yaxşı hazırlaşmalıyıq. Bu komandaları məğlub edib, qrup mərhələsini keçmək lazımdır. Əgər biz bunu bacarsaq, çox böyük uğur əldə etmiş olacağıq. Əvvəllər Azərbaycan millisi qruplarda sonuncu yerdə gedirdi. İndi isə 7 xalımız var və bizim şansımız çoxdur. Bizim heç vaxt belə şansımız olmayıb. Şimali İrlandiya, Çexiya və San Marino komandaları heç də bizim millidən güclü deyillər”.

 

Mirmahmud KAZIMOĞLU

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir