Modern.az

Deputat dövlət qulluğuna qəbulda şəffaflıq və “yaş senzurası” təklif edir

Deputat dövlət qulluğuna qəbulda şəffaflıq və “yaş senzurası” təklif edir

15 Aprel 2011, 12:39

Dünyanın əksər ölkələri dövlət qulluğunda çalışmaq istəyənləri sadəcə bir imtahanla sınağa çəkir. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Beləki, dövlət qulluğunda vəzifə tutmaq istəyənlər iki mərhələdən ibarət imtahan verməli olurlar. Bir çox ekspertlər dövlət qulluğun qəbul zamanı ikinci imtahan mərhələsini bu sahədə vəzifə tutmaq istəyənlərin qarşısına qoyulmuş maneə hesab edirlər. Onların fikrinə görə, çox zaman ikinci - müsahibə mərhələsi qeyri-obyektiv təşkil edilir və seçimlər doğru aparılmır. 

“Hazırda dövlət qulluğuna seçim çox sərt formada aparılır. Seçimlər subyektiv məqamlara görə olur”. Bu sözləri millət vəkili E.Axundova mövzu ilə bağlı Modern.az saytının sualını cavablandırarkən deyib. Deputat hesab edir ki, qəbul prosesi zamanı ikinci mərhələ lazımdır. Ancaq bu sistemdə müəyyən dəyşikliklər edilməlidir. “Mənə elə gəlir ki, ikinci mərhələ bəzi hallarda lazımdır. Gənclər testdən uğurla keçir. Sonra baxırsan ki, onun boyu çox qısadır, danışığı yüksək səviyyədə deyil, insanlarla rəftarı kobuddur.  Dövlət qulluğunda insanlarla işləmək, regionlara getmək lazım gəlir. Bu faktor da var, bu baxımdan müsabiqələr lazımdır”.

Müsabiqənin vacibliyini qeyd edən millət vəkilinin sözlərinə görə, bu sahədə yaranan problemi aradan qaldırmaq üçün müsabiqə daha şəffaf təşkil edilməlidir. E.Axundova bu məqsədlə millət vəkilllərinin “Dövlət qulluğuna qəbul haqqında” Qanuna müəyyən düzəlişlər etdiklərini də bildirib.
“Xüsusi əlavə olundu ki, dövlət qulluğuna qəbul zamanı müsabiqələr daha şəffaf, daha ədalətli və daha obyektiv keçməlidir. Mən təklif elədim ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bir az ictimaiyyətə daha açıq olmalıdır. Məsələn, Mələykə Abbaszadənin rəhbəri olduğu Tələbə Qəbulu  üzrə Dövlət Komissiyası kimi”.

Millət vəkilinin sözlərinə görə, müsabiqə zamanı qeyri-hökümət təşkilatlarının nümayəndələri, hətta millət vəkilləri də iştirak edə bilərlər. E.Axundova hesab edir ki, belə bir addın məsələnin həllinə kömək edə bilər.

Deputatın sözlərinə görə, dövlət qulluğunda çalışanlara yaş məhdudiyyətinin qoyulması ilə də mövcud problemi aradan qaldırmaq olar.
“Bizdə bəzən dövlət qulluğunda görürsən ki, 65 -70 yaşdan da yuxarı insanlar işləyir. Mənə elə gəlir ki, o yuxarı yaş həddini elə etməliyik ki,  bu yaşlı nəsil vaxtlı-vaxtında cavanlara öz yerlərini verə bilsinlər”.    

Sədaqət SÜLEYMANOVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir