Modern.az

Deputat Fuad Muradov: "Türkiyənin baş naziri bu addımı ilə Azərbaycanın yanında olduğunu göstərdi"

Deputat Fuad Muradov: "Türkiyənin baş naziri bu addımı ilə Azərbaycanın yanında olduğunu göstərdi"

Parlament

15 Aprel 2011, 22:19

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın və xarici işlər naziri Əhməd Davudoğlunun bir neçə gün öncə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanın haqlı mövqeyini müdafiə edən çıxışları siyasi və ekspert dairələrində müzakirə mövzusuna çevrilib.

Erməni deputatın Türkiyənin imzaladığı protokollara rəğmən, nədən Ermənistanla sərhədin açılmadığını soruşmasına Ərdoğan «Ermənistan Azərbaycan torpaqlarını işğaldan azad etməyənədək sərhədin açılması mümkün deyil. Biz Azərbaycanın maraqlarını arxa plana ata bilmərik. Nə zaman ki, Ermənistan hakimiyyəti erməni lobbisinin təsirindən çıxaraq müstəqil qərarlar verəcək, onda nəsə əldə etmək mümkün olacaq»-deyə cavab verib.

Baş nazir qeyd edib ki, Türkiyə həmişə ATƏT-in Minsk Qrupunu Dağlıq Qarabağ münaqişəsinin həllində daha fəal olmağa çağırıb: “ABŞ, Fransa və Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində səylərini artırmalıdırlar”.

Xarici işlər naziri Əhməd Davudoğlu isə avroparlamentarilər qarşısındakı çıxışında  Türkiyənin hər zaman Azərbaycanın işğal olunmuş əraziləri məsələsində fəal diplomatik səylər göstərdiyini və bundan sonra da onları davam etdirəcəyini vurğulayıb.

Milli Məclisin deputatı Fuad Muradov Modern.az-a açıqlamasında Türkiyə rəhbərliyinin Azərbaycanın müdafiəsinə yönəlik çıxışlarını qardaş ölkənin böyük dəstəyi kimi qiymətləndirib. Millət vəkili deyib ki, Azərbaycan indiyədək belə bir dəstəyi heç bir digər ölkədən görməyib və Türkiyə bununla Qarabağ məsələsində bir daha Azərbaycanın yanında olduğunu nümayiş etdirib.
”Ona görə də mən həm Azərbaycan ictimaiyyəti adından, həm də millət vəkili olaraq öz adımdan qardaş ölkənin baş naziri Rəcəb Tayyip Ərdoğana, eyni zamanda xarici işlər naziri Əhməd Davudoğluna böyük təşəkkürümü bildirirəm”-deyə deputat qeyd edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar