Modern.az

Deputat Qüdrət Həsənquliyev İctimai Palatanın 17 aprel mitinqinə qiymət verdi

Deputat Qüdrət Həsənquliyev İctimai Palatanın 17 aprel mitinqinə qiymət verdi

18 Aprel 2011, 14:22

"İnsanların narazı olması hələ onların aksiyaya qatılacaqları anlamına gəlmir"

Bütöv Azərbaycan Xalq Cəbhəsinin (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev ölkədə baş verən son ictimai-siyasi proseslərlə bağlı partiyanın mətbuat xidmətinə müsahibə verib.

- Qüdrət bəy, aprelin 17-də keçirilən razılaşdırılmamış etiraz aksiyasının nəticələrini necə qiymətləndirirsiniz?
- Təəssüf ki, bizim bəzi barışmaz müxalifət partiyalarının sədrləri özlərinə təlqin etdikləri perspektivlərin və real vəziyyətin bütün insanlara aydın olduğunu düşünürlər. Hesab edirlər ki, bütün xalq kütlələri narazıdır və onların çağırışlarıyla hamı küçələrə axışacaq. Hər dəfə belə çağırışlar edir və təbii ki, nəticələrini də görürlər. Amma buna baxmayaraq, eyni səhvləri yenidən təkrarlayırlar. Aprelin 17-də keçirilən aksiya göstərdi ki, ora yalnız vəzifə istəyən partiya funksionerlərindən başqa heç kim qatılmayıb. Hətta onlar narazı elektorat kimi ADP-nin akt zalına topladıqları və qarşılarında saatlarla çıxış etdikləri insanları da küçəyə çıxara bilmədilər.
- Sizcə bunun səbəbi nədir?
- Ona görə ki, insanların narazı olması hələ onların aksiyaya qatılacaqları anlamına gəlmir. Məsələn, İsa Qəmbər və Əli Kərimli də narazıdırlar, amma onlar da bu aksiyalarda iştirak etmirlər. Əli Kərimli və İsa Qəmbər hansı motivlərlə bu aksiyalara qatılmırlarsa, onların ətrafındakı şəxslər də elə bu motivlərdən çıxış edərək küçələrə çıxmırlar. Digər qrup narazılar isə aksiyaların vətəndaş qarşıdurmasına çevrilə biləcəyindən çəkindikləri üçün prosesə dəstək vermirlər. Ən böyük çəkindirici faktor isə Əli Kərimli və ətrafının aqressivliyidir. Ağıllı insanlar hakimiyyətin belə aqressiv adamların əlinə keçəcəyi təqdirdə, onların öz rəqiblərilə necə davranacaqlarını göz önünə alırlar...
- 2 aprel və 17 aprel aksiyaları təşkilatçıların iddia etdiyi kimi Azərbaycandakı demokratik proseslərin inkişafına hansısa töhfə verdimi?
- Əksinə. Hakimiyyətin islahatlar istiqamətində atdığı addımları barışmaz qruplar qorxaqlıq kimi qiymətləndirdilər və islahatların davam etdirilməsi üçün psixoloji diskomfort yaratdılar. Eyni zamanda maksimum bir neçə yüz nəfərlik aksiyalarla hakimiyyətin özünə olan inamını daha da gücləndirdilər. Təəssüf ki, bu "özünəinam" hakimiyyəti islahatları davam etdirməkdən çəkindirə də bilər...
- Barışmaz müxalifətin ümidləri ərəb dünyasında baş verən proseslərin Azərbaycana transfer edilməsilə bağlı idi. Sizcə bu ümidlər hansı səbəblərdən özünü doğrultmadı?
- İnqilabların baş verdiyi ərəb ölkələrindəki sosial-iqtisadi vəziyyətlə Azərbaycandakı durumu müqayisə etmək mümkün deyil. Kütləvi etiraz nümayişlərinin və üsyanların baş verdiyi ərəb ölkələrinin vətəndaşlarının sosial vəziyyəti olduqca ağırdır. Digər tərəfdən, Azərbaycan Prezidenti bu ərəfədə sosial gərginliyin baş verməməsi üçün bir neçə uğurlu addımlar atdı. Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, sənədsiz evlərin sənədləşdirilməsi, eləcə də pensiyaların və əmək haqlarının artırılması ilə bağlı müvafiq göstərişlərin verilməsi, əhalinin suya görə olan borclarının silinməsi, Bakı ətrafı qəsəbələrin infrastruktur və digər problemlərinin həlli istiqamətində atılan addımlar insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərdi.
Bir məqama da nəzərə almaq lazımdır ki, ərəb ölkələrindəki insanlar özləri küçələrə axışmışdılar. Onlar hər hansı müxalif qüvvələrin çağırışı ilə aksiyalara qatılmamışdılar.
Ən başlıcası da odur ki, Dağlıq Qarabağ probleminin həllində tutduqları seyrçi və ədalətsiz mövqeyə görə Azərbaycan xalqının nifrətini qazanmış bəzi səfirlik və beynəlxalq təşkilatların proseslərə açıq-aşkar müdaxiləsi aksiyalara qatılması ehtimal olunan insanlara da çəkindirici təsir göstərdi. 17 aprel aksiyasının 2 apreldə keçirilən aksiyadan 10 dəfə zəif olmasının səbəbini də aprelin 8-də 20 səfirlə keçirilən görüşdə axtarmaq lazımdır.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir