Modern.az

“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi

“Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi

19 Aprel 2017, 18:09

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq abidələr və tarixi yerlər günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirildi.

 

Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, millət vəkilləri, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Mərasim iştirakçıları əvvəlcə sarayın foyesində nümayiş etdirilən tarix və mədəniyyət abidələrinə həsr olunmuş neftdən işlənən rəsm əsərlərinin sərgisi ilə tanış oldular. Əsərlərin müəllifi Sabir Çopurov və Xəzər Nəbiyevdir.

 

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Beynəlxalq abidələr və tarixi yerlər gününün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə qiymətinin təzahürüdür: “18 aprel - Beynəlxalq abidələr və tarixi yerlər günü hər il ölkəmizdə geniş şəkildə qeyd edilir. Paytaxt Bakı ilə yanaşı, respublikamızın bir çox bölgələrində də müxtəlif formatlı layihələr icra edilir. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün qoruq və muzeylərdə 18 aprel tarixində “açıq qapı” günləri keçirilir. Tarix və mədəniyyət abidələrinin qorunması və inkişafı istiqamətində ardıcıl işlər görülür. Azərbaycan xalqı tərəfindən yaradılan tarixi abidələr bu gün yalnız bizim deyil, UNESCO-nun mədəni irs siyahısına salınaraq bütün bəşəriyyətin sərvətləri kimi tanınır. Qobustan, İçərişəhər, muğam, tar, xalça, aşıq sənəti, çövkən, kəlağayı artıq bəşəriyyət tərəfindən Azərbaycan xalqının mədəni sərvəti kimi qəbul olunur, qorunur və təbliğ olunur”.

 

Əbülfəs Qarayev diqqəti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində qalan tarixi abidələrə çəkərək həmin tarixi abidələrimizin acınacaqlı vəziyyətdə olduğunu bildirdi: “İşğal olunmuş ərazilərimizdə qalan bütün abidələr bərbad haldadır. Onların bəziləri dağıdılıb, bəzilərinin üzərində tarixi faktlar təhrif olunub və bu cür addımlar bu gün də davam etdirilir. İşğal altındakı torpaqlarımızda olan bütün abidələr - Azıx mağarasından tutmuş, Alban kilsələrinə qədər bütün abidələrin hamısı Azərbaycan xalqına məxsusdur. Biz oradakı vəziyyət haqqında bütün dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara öz narahatlığımızı çatdırmışıq”.

 

Qədim abidələr, tarixi məkanların xalqımızın keçmişini yaşatmaqla yanaşı, gələcəyimiz üçün də çox böyük əhəmiyyət kəsb etdiyini deyən nazir son vaxtlar ölkə Prezidenti tərəfindən tarixi-mədəni irsin qorunması ilə bağlı imzalanan fərman və sərəncamların önəmini vurğuladı. Bildirdi ki, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində ölkəmizin mədəni irsi qorunur, tədqiq olunur və dünya arenasında geniş təbliğ edilir: “Bu sırada Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin fəaliyyətini qeyd etmək istərdim. Azərbaycanda dövləti tərəfindən tarixi abidələrə diqqət və qayğı cəmiyyət üçün də nümunə olmalıdır. Vaxtilə sıradan çıxarılmaq təhlükəsi ilə üzləşən İçərişəhər indi dünya tərəfindən bərpa olunmuş ən yaxşı tarixi şəhər kimi qəbul olunur. Qobustan muzeyi 2013-cü ildə Avropanın 5 ən yaxşı muzeyi sırasına daxil oldu. Yeni Xalça Muzeyi artıq müasir Azərbaycan memarlığının unikal örnəkləri sırasına daxil olub. Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi də ön sırada olan muzeylərimizdəndir. Biz cəmiyyətdə elə bir mühit formalaşdırmalıyıq ki, insanlar müvafiq qurumların keçmişin, tarixi irsin qorunmasına xidmət etdiyini dərk etsinlər. Bu işdə ictimaiyyət də fəal, təəssübkeş olmalıdır”.

 

Əbülfəs Qarayev sonda Azərbyacan xalqının mədəni irsinin, abidələrinin, tarixi yerlər və muzeylərinin tətqiqi, təbliği istiqamətində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik etdi.

Tədbir çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin və “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) birgə layihəsi olan smartfonlar vasitəsilə tarix-mədəniyyət abidələri haqqında maarifləndirmə və tanıtım məqsədi daşıyan “Sirli Bakı” layihəsi də təqdim olundu.

 

“PAŞA Sığorta” ASC-nin İdarə heyətinin sədri Ülviyyə Cabbarova “Sirli Bakı” layihəsi haqqında ətraflı məlumat verdi. Bildirdi ki, layihənin məqsədi yerli əhalinin və əcnəbi qonaqların tarixi abidələrimiz barədə maariflənməsinə dəstək olmaqdır: “Layihəyə əsasən, Bakıda yerləşən tarixi obyektlər qarşısında xüsusi stendlər quraşdırılacaq. Bu stendlərə yaxınlaşaraq smartfonlar vasitəsilə bu məkanlar barədə virtual şəkildə interaktiv informasiya əldə etmək mümkün olacaq. Android və İOS əməliyyat sistemlərində işləyən mobil tətbiq Azərbaycan, rus və ingilis dillərində çalışır ki, bu da həm yerli sakinlərin, həm də şəhərimizin qonaqlarının ondan faydalanmasına şərait yaradır. Tətbiqdə 46 tarixi abidə haqqında ən maraqlı və interaktiv məlumatlar təqdim olunur”.

 

Mərasimdə Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara Mədəniyyət və Turizm Nazirliyinin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” təqdim edildi. 


Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Təhsil və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix elmləri doktoru Səfər Aşurov, mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin müdiri Rahibə Əliyeva, Azərbaycan irsinin təbliğində xidmətlərinə görə “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev “Milli irs mükafatı”na layiq görüldülər. 

 

Mədəni irsin qorunması və təbliğindəki xidmətlərinə görə Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Lətifə Mövsümova, “Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğunun (Şəki) direktoru Təranə Abdullayeva, “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, mədəni irsin qorunması sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə isə Goranboy rayonundan abidə mühafizəçisi Akif Mustafayev və Siyəzən rayonundan abidə mühafizəçisi Mahir Ağayev Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanı ilə təltif edildilər.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər