Modern.az

Milli Məclisin iki komitəsi Gömrük Məcəlləsinə qiymət verdi

Milli Məclisin iki komitəsi Gömrük Məcəlləsinə qiymət verdi

Parlament

18 Aprel 2011, 18:10

Aprelin 18-də Milli Məclisin İqtisadi siyasət və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin layihəsi ikinci oxunuşda müzakirə olunub.
İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyibr ki, gömrük sistemi hər bir ölkədə büdcənin formalaşmasında mühüm rol oynayan mənbələrdən biridir. Bu sistemin fəaliyyətinin qanunla tənzimlənməsi üçün normativ-hüquqi aktlar hazırlanır, təkmilləşdirilir. Yeni Gömrük Məcəlləsinin layihəsi də ən müasir tələb və standartlara cavab verir. Bu sənədin qəbulu respublikamızın Ümumdünya Ticarət Təşkilatına üzv olması istiqamətində də mühüm addım olacaqdır. Bu məcəllə həm də ölkəmizin iqtisadi təhlükəsizliyinə xidmət edəcək.

İclasda qeyd olunub ki, layihə birinci oxunuşdan sonra deputatlar və mütəxəssislərin təklifləri əsasında yenidən işlənib, 10 maddə məcəllədən çıxarılıb, 25-ə qədər maddədə isə beynəlxalq konvensiyalara uyğun dəyişikliklər edilib. Hazırda Məcəllə 63 fəsil və 349 maddədən ibarətdir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də Gömrük Məcəlləsinin hər iki komitə tərəfindən kifayət qədər mükəmməl hazırlandığını vurğulayıb. Bildirib ki, bu həmçinin Avropa İttifaqının standartlarına cavab verən bir sənəddir.

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev layihədə gömrük sistemi ilə bağlı bütün məqamların kifayət qədər beynəlxalq tələblərə cavab verdiyini və hazırda qüvvədə olan məcəllə ilə müqayisədə xeyli genişləndiyini bildirib.

Müzakirələr zamanı deputatlar yeni Gömrük Məcəlləsi layihəsinin xarici təcrübənin nəzərə alınmaqla hazırlandığını, onun qəbulunun Azərbaycanın iqtisadi inkişafına yeni töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda parlamentin növbəti iclasına tövsiyə olunub.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı