Modern.az

Millət vəkili uşaqlarla UNİCEF-ə etiraz məktubunu verdi

Millət vəkili uşaqlarla UNİCEF-ə etiraz məktubunu verdi

Parlament

18 Aprel 2011, 19:10


Martın 8-də Ağdam rayonunun Orta Qərvənd kəndində erməni snayperi tərəfindən 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi ilə bağlı Bakı məktəblilərinin yazdıqları bəyanat UNİCEF-in Azərbaycandakı nümayəndəliyinə təqdim edilib. Bu barədə Modern.az-a Respublika Uşaq Təşkilatından məlumat verilib. Məlumata görə, mərasimdə Respublika Uşaq Təşkilatının sədri, Milli Məclisin deputatı Gülər Əhmədova ilə birlikdə Xətai rayonundakı 265 saylı orta məktəbin 3 şagirdi - Nərmin Abdullayeva, Əli Səfərov və Günel Qaracayeva iştirak edərək, öz həmyaşıdları adından Farizin ölümünə etiraz olaraq imzatoplama aksiyasına başladıqlarını, kampaniyanın davam etdiyini bildiriblər.
Bəyanat UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbərinin müavini Rəşid Mustafaya təqdim olunub. Məktəblilər həmçinin yeni bir aksiyaya start verdiklərini bildiriblər. Məktəblilərin həmyaşıdları adından UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervorda ünvanladıqları «erməni terrorruna yox deyirik!» adlı bəyanatda deyilir:
«Dağlıq Qarabağ ətrafında baş verən hadisələr biz körpələrin də həyatında çətin izlər buraxıb. Bu günə kimi minlərlə həmyaşıdımız doğma ev-eşiyindən didərgin düşüb, erməni vəhşiliyinin şahidi olub. Bütün dünyanın körpələri qorumaq üçün ayağa qalxdığı bir dönəmdə ermənilərin özünəməxsus şəkildə apardığı siyasət hələ də davam edir! Dünyanın Dağlıq Qarabağda, o cümlədən Xocalıda öldürülən uşaqların taleyinə bigənəliyi onların daha da cəsarətli olmasına gətirib çıxarıb. 2011-ci il martın 8-də Ağdamda 9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi də bunun bariz nümunəsidir. Dünyanın gələcəyi olan biz uşaqlar üzümüzü Sizə tutub səslənirik: «Uşaq qətliamına son verilsin!», «Ermənilərə dur deyin!», «Biz uşaqların hüquqlarını kim qoruyacaq?!», «Dünya günahsız uşaq qətlinə niyə susur?!», «Atəşkəsə imza atan əl, Azərbaycan uşaqlarının öldürülməsinə fərman vermə, bu əli susdurun!», «Dünya ictimaiyyəti, uşaqları qoruyun!»».

Qeyd edək ki, bəyanat Bakı məktəbliləri tərəfindən imzalanıb.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı