Modern.az

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib

26 Aprel 2017, 14:25

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz D.Əlfalihin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Modern.az xəbər verir ki, dövlət başçısı Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərini və bu səfər zamanı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud və digər rəhbər şəxslərlə səmərəli görüşlərini məmnunluqla xatırladıb.

 

Nazir Xalid Əbdüləziz Əl Falih ilə bu il Davosda keçirdikləri görüşü də xatırlayan dövlət başçısı onun ölkəmizə səfərinin Azərbaycanla daha yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını bildirib. İki ölkə arasında ikitərəfli münasibətlərin çox yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin getdikcə daha da möhkəmləndiyini vurğulayıb, mövcud əməkdaşlığımızın davam etdirilməsinin vacibliyini qeyd edib. Dövlət başçısı ölkəmizin ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsində maraqlı olduğunu deyib. Siyasi əlaqələrimizin çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev bu imkandan istifadə edərək ölkələrimiz arasında iqtisadi sahədə mövcud olan əməkdaşlığın inkişaf etdirilməsinin, qarşılıqlı ticarət və qarşılıqlı ixracın artırılmasının zəruriliyini vurğulayıb. Enerji ehtiyatlarının işlənilməsi, neft və qazın emalı, neft-kimya sahəsində əməkdaşlığımızın əhəmiyyətini qeyd edən dövlət başçısı bu sahələrdə Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, dünyada sənaye üsulu ilə ilk neft quyusunun məhz Azərbaycanda qazıldığını, ölkələrimizin bu sahədə zəngin təcrübəsinin olduğunu bildirib. Prezident İlham Əliyev nümayəndə heyətinin sabah Səngəçal terminalı və buradakı layihələrin bir qismi ilə tanışlığının önəmini qeyd edib, Xalid Əbdüləziz Əl Falihin Azərbaycana səfərinin enerji sahəsində əməkdaşlığımızın inkişafında yeni dinamika yaradacağına ümidvar olduğunu bildirib.

 

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Səudiyyə Ərəbistanı Krallığı Vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını Prezident İlham Əliyevə çatdırdı, Səudiyyə Ərəbistanı xalqının Prezident İlham Əliyevə, Azərbaycan hökuməti və xalqına ehtiramını ifadə edib.

 

Qonaq bildirib ki, o, Azərbaycan kimi gözəl bir ölkəyə səfər etməsindən məmnunluq duyur. Xalid Əbdüləziz Əl Falih ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərin və qədim köklərə malik olduğunu, mədəni əməkdaşlığımızın uzun əsrlərdən bəri davam etdiyini vurğulayıb, bu əməkdaşlığımızın Prezident İlham Əliyevin rəhbərliyi altında daha da genişləndirildiyini qeyd edib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayan Xalid Əbdüləziz Əl Falih ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edilməsindən məmnunluğunu ifadə edib. O, Səudiyyə Ərəbistanının Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini, ötən illər ərzində ölkələrimizin möhkəm əməkdaşlıq əlaqələri qurduğunu və bir-birini hər zaman dəstəklədiklərini qeyd edib.

Dövlət başçısı İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun, Vəliəhd Əlahəzrət Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səudun və Vəliəhdin varisi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralına, Krallığın Vəliəhdinə və Vəliəhdin varisinə çatdırmağı xahiş edib.

Səudiyyə Ərəbistanı Krallığının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih Kəbənin üz örtüyünün tərtibatının bir fraqmentini Prezident İlham Əliyevə hədiyyə edib.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?