Modern.az

Büdcə müzakirələrində deputatların təklifləri

Büdcə müzakirələrində deputatların təklifləri

Parlament

11 Noyabr 2009, 20:14

“Dövlət hesabına uşaq evlərini tərk edən kimsəsiz 18 yaşlılara mənzillər tikilsin”

 

Milli Məclisdə büdcə müzakirələri davam etdirilib.

YAP-çı deputat Əli Əhmədov böhranın müsbət tərəflərinin də olduğunu deyib. O, qeyd edib ki, böhran dünya ölkələrinin iqtisadiyyatlarına əsl qiyməti verib: “Sevindirici haldır ki, Azərbaycan iqtisadiyyatı da böhrandan ən az itki ilə çıxanlardan olub. Belə olan halda bəzi müxalifət təmsilçilərinin iqtisadiyyatımızla bağlı arqumentsiz tənqidləri mənasız bir işdir”.

Deputat büdcədən danışarkən bildirib ki, rayonların büdcə hesabından dotasiyalaşdırılması lazımı effekti verir, amma bu, ildən-ilə aşağı salınmalı, regionların gəlirləri ilə xərcləri balanslaşdırılmalıdır. O, həmçinin dövlət vəsaitləri hesabına xaricdə tanınmış universitetlərdə təhsil alan tələbələrdən ölkənin inkişafı üçün istifadəyə dair ayrıca dövlət proqramının qəbul olunmasını təklif edib. YAP-çı deputat dövlət büdcəsinin vəsaitləri hesabına uşaq evlərindəki kimsəsiz uşaqların 18 yaşından sonra yaşaması üçün yataqxanalar və ya mənzillərin tikilməsinin də vacibliyini vurğulayıb.

 

“Kölgə iqtisadiyyatına aydınlıq gətirilsin”

 

Deputat İlyas İsmayılov isə kölgə iqtisadiyyatına qarşı mübarizə tədbirləri ilə maraqlanıb. O, qeyd edib ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, Azərbaycanda kölgə iqtisadiyyatı büdcənin 20 faizi, Dünya Bankının hesablamalarına görə isə 40 faizi həcmindədir. İ.İsmayılov iclasda iştirak edən maliyyə naziri Samir Şərifovun bu məsələyə aydınlıq gətirməsini istəyib. 

“Məcburi köçkünlərin yüksəklik pulu bərpa edilsin” 

Deputat Sevindik Hətəmov respublikanın 59 rayonunda məskunlaşan Laçın sakinlərinin, eləcə də dəniz səviyyəsindən yüksəklikdə yerləşən digər məcburi köçkün rayonların sakinlərinin 20 faiz yüksəklik pulunun verilməsinin bərpasını təklif edib.

Cahangir Əsgərov səfərlərə şəxsi təyyarə ilə uçur”

  

Qüdrət Həsənquliyev AZAL-ın rəhbəri Cahangir Əsgərovu korrupsiyada ittiham edib. Onun sözlərinə görə, quruda Ermənistan tərəfindən blokadaya alınan Naxçıvanı havadan da “Azərbaycan Hava Yolları” blokadaya alıb. Q.Həsənquliyevin sözlərinə görə, Naxçıvana təyyarə biletlərinin qiyməti 40 manatdan 75 manata qaldırılandan sonra təyyarə reyslərinin sayı 7-dən 4-ə enib. Başqa ölkələrdən misallar gətirən Q.Həsənquliyev bu bahalaşmanı korrupsiya ilə izah edib. O bildirib ki, Cahangir Əsgərov səfərlərə şəxsi təyyarə ilə uçur və şəxsi məqsədləri üçün xeyli sayda at saxlayır. 

 

“Hökumət büdcənin tərtibində ölkənin maliyyə və iqtisadi siyasətini tam nəzərə alıb”

Əhəd Abıyev çıxışını Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidentin yekun nitqində büdcə layihəsi barədə söylədiyi fikirlərilə başlayıb: “Cənab Prezident layihəni yüksək qiymətləndirərək qeyd etdi ki, Dövlət büdcəsi balanslaşdırılmış əsaslarla tərtib edilib. Azərbaycanda sosial siyasət aparılır, bazar iqtisadiyyatı prinsipləri tam tətbiq edilir və Azərbaycan büdcəsi bax, bu siyasətin təzahürüdür”. Deputat deyib ki, son illərdə ölkə başçısının rəhbərliyi ilə uğurla həyata keçirilmiş qabaqlayıcı antiböhran tədbirləri sayəsində ölkəmiz qlobal böhranın dağıdıcı təsirlərindən müdafiə olunub, iqtisadiyyatın dayanıqlılığı qorunub saxlanılıb. Nəticədə makroiqtisadi göstəricilərin sabitləşməsinə nail olunub, sosial göstəricilər əhəmiyyətli dərəcədə artıb, sosial siyasətin həyata keçirilməsinə münbit şərait yaranıb, infrastruktur layihələrin icrası dayanmadan davam etdirilib. ”Cari ilin doqquz ayında ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi 6,1 faiz, sənaye istehsalının həcmi 5 faiz, kənd təsərrüfatl istehsalının həcmi 3 faiz artıb. ÜDM-də özəl bölmənin payı 85 faiz təşkil edib. Hesab edirəm müzakirəyə təqdim olunmuş dövlət büdcəsinin layihəsi həm daxili, həm də xarici iqtisadi amillər tam nəzərə alınmaqla tərtib olunub. Həyata keçirilmiş qabaqlayıcı monetar tədbirlər inflyasiyanın səviyyəsinin aşağı düşməsinə zəmin yaradıb, inflyasiyanın səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşərək 2,1 faiz təşkil edib”-deyə Ə.Abıyev bildirib. O, növbəti ildə sosial proqramların davam etdirilməsi ilə bağlı lazımi tədbirlərin görülməsi, yoxsulluğun azaldılması meyllərinin davam etdirilməsi, daxili ehtiyatlar hesabına əhalinin ərzaq məhsulları ilə təmin edilməsi, infrastruktur layıhələrin başa çatdırılması və sair istiqamətlərdə məqsəd və vəzifələrin müəyyənləşdirildiyini söyləyib.

Ə.Abıyevin sözlərinə görə, 2010-cu ilin dövlət büdcəsinin xərclərində elm, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə xərclərin xüsusi şəkisi 18 faiz təşkil edəcək ki, bu da 2009-cu illə müqayisədə 0,7 faiz çoxdur. 

“2010-cu ilin büdcəsinin tərtibində hökumət ölkənin maliyyə və iqtisadi siyasətini tam nəzərə alıb.

Hesab edirəm ki, cari ildə dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, Vergilər Nazirliyi və Gömrük Komitəsi üzərlərinə düşən vəzifəni lazımincə yerinə yetiriblər.

Mən ümumən, 2010-cu il dövlət büdcəsi layihəsini yüksək qiymətləndirirəm”.

Bu büdcə, əhalini kasıb salan büdcədir

 

Pənah Hüseyn isə büdcəni sərt tənqid edib. O, deyib ki, bu, əhalini kasıb salan, talançı, soyğunçu büdcədir.

Deputat həmçinin Neft Fondunun ləğv edilməsini, bir sıra digər fondların da birləşdirilərək Ehtiyat Fondu yaradılmasını, həmçinin vergilər, maliyyə və gömrük qurumlarının birləşdirilməsini təklif edib.

 

“Qüsurlu uşaqların əməliyyatı nəzarətə götürülsün”

 

Qənirə Paşayeva qüsurlu uşaqların müəyyən əməliyyat olunmaları üçün külli miqdarda vəsait lazım olduğunu deyib və bu məsələnin dövlət tərəfindən nəzarətə götürülməsini təklif edib: “Bizdə müasir standartlara uyğun xəstəxanalar, diaqnostika mərkəzləri tikilib. Ancaq yenə də xəstələr kəndlərdən rayonlara, rayonlardan Bakıya, buradan isə xaricə üz tuturlar. Bu isə kadr məsələsində gerilik olduğunu göstərir”. 

“Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının büdcəsi artırılsın”

 

Musa Quliyev gələn ilin büdcəsindən QHT Şurasına ayrılan 2,8 milyon manatın azlığından danışıb. O, qeyd edib ki, il ərzində xarici donorlar Azərbaycanda QHT-lərə 15 milyon dollar ayırır və bununla müqayisədə 2,8 milyon çox aşağı rəqəmdir.

“Qarabag müharıbəsi veteranlarının kömpensasiyaları artırılsın” 

Asim Mollazadə səhiyyə sistemində tibbi sığortaya keçməyin zəruriliyindən danışıb: “Bunu etməsək, səhiyyəyə nə qədər vəsait ayırsaq belə, problemi həll edə bilməyəcəyik. Çünki kasıb adamın bahalı cərahiyyə əməliyyatına pulu çatmaz”.

Deputat Qarabag müharəbsi iştirakçılarına ayrılan kompensasiyaların da artırılmasını təklif edib. 

"Modern.az"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir