Modern.az

Sabiq millət vəkili Anar Məmmədxanov vəfat edib (FOTOLAR)

Sabiq millət vəkili Anar Məmmədxanov vəfat edib (FOTOLAR)

23 Aprel 2011, 18:51

Sabiq millət vəkili, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun keçmiş kapitanı Anar Məmmədxanov bu gün vəfat edib. A.Məmmədxanovun ürək tutmasından dünyasını dəyişdiyi bildirlir.

Anar Məmmədxanov 1970-ci il iyulun 20-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirib. 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub. Avrasiya Radio və Televiziya Akademiyasının üzvüdür. 1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, "Bakılı oğlanlar" komandasının kapitanı olub. Siyasi mövqeyi - bitərəfdir.

Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. O, 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi.

Modern.az saytının məlumatına görə, Anar Məmmədxanov bir müddət öncə “Ultra Production” şirkətini yaratmışdı. Onun məqsədi tarixi mövzuda bədii-sənədli filmlərin çəkilişləri ilə məşğul olmaq idi. Keçmiş deputat bu yaxınlarda bildirmişdi ki, “Ultra Production” artıq 2 film layihəsini  hazırlayıb. Bunlardan biri Azərbaycanda iudaizmin tarixinə, digəri isə Bakının qədim məhəlləsi olan “Kubinka” ilə bağlı olmalyıdı.  

Sonuncu - 2010-cu ilin 7 noyabr seçkilərinə qatılmamağı barədə danışarkən A.Məmmədxanov bildirmişdi ki, 3 dəfə deputat olub və bu kifayətdir. “Namizədliyimi irəli sürmədim. 15 il deputat oldum. Mən məgər Mikoyanam ki, 20 il postda oturum? Mən ömrümün ən yaxşı illərini deputatlığa verdim. Nə qədər toylara getmək olar? Nə qədər nəhəng miqdarda xahişlərə qulaq asmaq olar? Birinə kömək edirəm, 20-nə edə bilmirəm.  “Oğlumu tutublar, buraxdır” kimi xahişlər çox olurdu. Axı mən necə kömək edə bilərdim?”.

Mərhum evli idi, 3 övladı - 1 oğlu, 2 qızı yadigar qalıb.

Mərhumla vida mərasimi aprelin 24-də saat 12.00-dan 15.00-dək Məmmədxanovların Ş.Bədəlbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsindəki evində keçirilib.

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev bildidb ki, ölümün səbəbi kəskin ürək qan-damar çatışmamazlığı ürəyin işemik xəstəliyi olub.

Mərhum bazar günü “Qurd qapısı” yaxınlığındakı qəbiristanlıqda dəfn edilib. Dəfn mərasimində mərhumun yaxınları ilə yanaşı, onun sənət yoldaşları, bir çox tanınmış ziyalılar, millət vəkilləri iştirak edib.

Allah rəhmət eləsin!




 

 

 

 

 

 

 

 

 

 

 

 



Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər